Yanan binanın sakinini pişiyi xilas edib

Xəstələrin hamısı dəm qazından zəhərlənib

Source:


Xəstələrin hamısı dəm qazından zəhərlənib

Mayın 19-da Azadlıq prospektində baş verən yanğında xəsarət almış bina sakinləri hazırda 1 saylı Kliniki Xəstəxananın Toksikologiya şöbəsində müalicə olunurlar.

Onların vəziyyəti işə tanış olmaq üçün xəstəxanaya yollandıq.


Bir ailədən üç nəfər müalicə olunur

Xəstəxananın qarşısında xeyli sayda jurnalist vardı. Videokamera ilə içəri buraxılmadıqlarından elə qapı ağzında xəstə yaxınları ilə danışmaqla kifayətlənirdilər.

Nəhayət, xəstələrə baş çəkmək növbəsi bizə də çatdı. Öyrəndik ki, onların əksəriyyəti hələ də reanimasiya şöbəsində ciddi həkim nəzarəti altındadır.

İlk baş çəkdiyimiz şəxs Sevil adlı qızcığaz oldu. Hələ də yanğının şokundaydı. Sakitcə uzanıb gözlərini bir noqtəyə zilləmişdi. Ətrafindakı oyuncaqlara biganə idi. Qarşı çarpayıda isə bacısı uzanmışdı. Sevildən fərqli olaraq, bacısı onlara baş çəkənlərlə ünsiyyətə girirdi. Söyldiklərindən bəlli oldu ki, anası da yanğından zəhərlənib, hazırda qonşu palatada müalicə alır.

Xalasının dediyinə görə, uşaqlar bir neçə gün reanimasiyada qalıblar. Aldıqları psixoloji travmadan hələ də əziyyət çəkirlər: “Onlar, sadəcə, qatı tüstüdən və dəm qazından boğulmayıblar. Eyni zamanda əzizlərini bir anda itirmək təhlükəsinin də yaralarını qazanıblar”.


Xəstələrin qanında dəm qazı aşkarlanıb

Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov xəstələr haqqında məlumat verərkən analizlərin nəticələrini də açıqladı. Müayinə zamanı məlum olub ki, xəstələrin hamısı dəm qazından zəhərlənib.

Azər Maqsudov xəstələrlə yanğınla bağlı söhbətlər aparmamağı məsləhət gördü. Bildirdi ki, ziyarətçilər getdikdən sonra xəstələrin vəziyyti pisləşir.

Şöbə müdirinin sözlərinə görə, nisbətən vəziyyətləri yaxşılaşan xəstələr palataya köşürülsə də, zərərçəkənlərin əksəriyyəti hələ də reanimasiya şöbəsindədir. Onların tənəffüs orqanlarının ciddi zədələndiyini deyən həkimin sözlərini xəstələrin halından da aşkar görmək mümkün idi. Kəskin öskürək, boğulma, bəlğəm və bədənlərindəki müxtəlif zədələr müşahidə olunurdu.


“Bir anın içində dünyam dağıldı”

Yangında həyatını itirən 3 yaşlı Fərəh Məhərrəmovanın anası və nənəsi hələ də reanimasiyadadır. Fərəhin anası Günay Məhərrəmova isə qızının yoxluğuna tab gətirə bilmir: “Hamının canı yanır o körpələrə. Amma heç kəs mənim çəkdiyimi çəkə bilməz. Çünki Fərəhi çox əziyyətlə illər sonra tapmışdım. Amma bir anın içində itirdim. Bir anın içində dünyam dağıldı…”

Digər palatada yatan qadını isə pişiyi Rurka xilas edib. Qadının dediyinə görə, hadisə baş verəndə yatılı olub. Yalnız Rurka onu cırmaqlayanda birtəhər ayılıb və yanğından xəbər tutub. Ancaq vəfalı pişiyi onu oyandırandan sonra canını tapşırıb.

Dəm qazından boğulan başqa bir qadınsa həmin gün uşaqlarının məktəbdə olmasına görə şükür edir.

Xəstələrdən öyrənirik ki,  yanğın zamanı hamama keçən, yaş dəsmallardan, sudan istifadə edənlər cüzi zərərlə xilas ola biliblər. Bunları bilməyən, panikaya düşənlər isə ya çox zəhərlənib, ya da boğularaq ölüblər. Ona görə də zərərçəkənlər təkcə binaların üzlüklərinin sökülməsini deyil, əhalinin maarifləndirilməsini də istəyirlər. Onların fikrincə, yanğın zamanı nə etmək lazım gəldiyini bilsəydilər, indi xəstəxanada olmazdılar…

Ana səhifəXəbərlərYanan binanın sakinini pişiyi xilas edib