Yanan bina işi: Təqsirləndirilən şəxs xəstəxanaya yerləşdirilib

Hakim Ağacavad Məmmədov barəsində həbs-qətimkan tədbiri seçmədi

Source:
foto Meydan TV
foto Meydan TV


Hakim Ağacavad Məmmədov barəsində həbs-qətimkan tədbiri seçmədi

Oktyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində Bakının Binəqədi rayonundakı yaşayış binasında baş vermiş yanğın hadisəsində təqsirləndirilən şəxslərin işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirən iclasda məlum olub ki, təqsirləndirilən şəxslərdən hazırda zamində olan Ağacavad Məmmədov prosesə gəlməyib.

Ağacavad Məmmədovun vəkili Məzahir Şahlarov vəsatətlə çıxış edərək, müdafiə etdiyi şəxsin ürək çatışmazlığından əziyyət çəkdiyini, hazırda xəstəxanada olduğunu deyib. O, müdafiə etdiyi şəxs barəsində məhkəmə-tibbi ekspertizasının təyin edilməsini istəyib.

Hakim Əfqan Hacıyev vəsatəti baxılmamış saxlayıb. Bildirib ki, Ağacavad Məmmədovun hansı xəstəlikdən əziyyət çəkməsi barədə rəsmi məlumat verilməyib: “Xəstəxanadan gətirilən sənədin möhürü yoxdur. Onun xəstəliyi ilə bağlı dəqiqləşdirmə aparılandan sonra vəsatət müzakirə ediləcək. Təqsirləndirilən Qəzənfər Novruzovun vəziyyəti daha ağırdır. Lakin onun barəsində həbs qərarı seçilib və həbsdə olduğu müddətdə müalicə olunur. Təklif edirəm ki, Ağacavad Məmmədovun barəsində olan ev dustaqlığı qətimkan tədbirinin həbs-qətimkan tədbiri ilə əvəz olunması məsələsi müzakirə edilsin”.

Ağacavad Məmmədovun vəkili isə təklifi qərəzli adlandırıb.

Dövlət ittihamçısı Fərid Nağıyev isə vəsatətə münasibət bildirərək hakimin Ağacavad Məmmədovun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı təklifini məhkəmənin mülahizəsinə verdiyini deyib.

Vəkillər və təqsirləndirilən şəxslər də də hakimin təklifinin əleyhinə çıxış ediblər.

Təqsirləndirilən Miryusif Mahmudov bildirib ki, Ağacavad Məmmədovun həbs edilməsi haqqında qərar çıxarılsa, onun ürəyi dayanacaq:”Məlum hadisələr baş verəndə 11 nəfər barəsində cinayət işi başlandı. Sonradan bu işi iki icraatda araşdırdılar. Digər icraatda olan cinayət işi üzrə mühakimə olunan “TNH” şirkətində tikinti işləri üzrə direktor müavini Nüsrət Muxtarov təcridxanada vəfat etdi. Allah-tala bizi yavaş-yavaş azadlığa qovuşdurur. İndi növbə mənimdir. Nə etməliyəm ki, xəstə olduğumu biləsiz? Günahsız yerə mühakimə olunuruq. Günahsız insanın mühakimə olunması daha acınacaqlıdır.

Ağacavad Məmmədov da günahsız yerə mühakimə olunur. Bu gün bir günahsız insan barəsində həbs qərarı çıxarmaq istəyirsiz”.

Daha sonra hakimlər qərarı elan ediblər. Qərara əsasən, A.Məmmədov barədə həbs qərarı çıxarılmayıb.

Proses oktyabrın 24-də davam edəcək.

İttihama görə, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədov həbs olunublar.

Onlar Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham ediliblər.

Ana səhifəXəbərlərYanan bina işi: Təqsirləndirilən şəxs xəstəxanaya yerləşdirilib