Şahid: “Miryusif müəllim mənə dedi ki, şirkətə görə bizə hədə-qorxu gəlib, pul tələb edirdilər”
Noyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş yanğın hadisəsində təqsirləndirilən “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin məhkəməsi davam edib.
Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə ifadə verən şahid Mansur Hüseynov deyib ki, “Global Construction”da baş mühəndis işləyib. Onun sözlərinə görə, yanğın hadisəsindən bir saat sonra Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının gəlib Miryusif Mahmudovu apardıqlarını eşidib: “Sonra Miryusif MTN-dən mənə zəng vurdu və bildirdi ki, işçilərlə bağlı sorğu-sual edilib”.
Daha sonra digər şahid Zahir Əliyev ifadə verib. O, “Global Construction” MMC-də iş icraçısı işləyib:
“2013-cü ilin martından isə sahələrdə yox, şirkətdə işləməyə başladım. Azadlıq prospektində olan binada Binəqədi İcra Hakimiyyətinin sifarişi ilə tikinti işləri görülüb”.
Sonra natarius İlqar Məmmədov ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxslərdən heç kimi tanımır. İstintaqa verdiyi ifadəsini təsdiqləyən İlqar Məmmədov işlədiyi idarənin yanan binada yerləşdiyini deyib:
“Əvvəlcə yanğını görsək də, işimizə davam etdik. Amma yanğın artdığı üçün işçiləri ofisdən çıxardıq. Yanğından əvvəl orada şübhəli şəxs və ya oradan qaçan görməmişəm. Son vaxtlar belə hadisələri mətbuatdan eşitmişəm”.
İlqar Məmmədov bildirib ki, hadisə ilə bağlı yanğınsöndürənə zəng edib. O ,əlavə edib ki, bir neçə dəqiqə sonra yanğın böyüyüb: “Yanğın söndürənlər təxminən 25 dəqiqə sonra gəlib”.
Digər şahid Samir Hacızadə isə ifadəsində deyib ki, 2007-ci ildən “Global Constuction” MMC-də baş direktorun marketinq və satış məsələləri üzrə müavini vəzifəsində çalışıb. O, şirkətin baş direktor tərəfindən idarə edildiyini, təsisçilərin bu işə müdaxilə etmədiyini deyib. Şahidin sözlərinə görə, poliüretan məhsullarının yanğın testini həyata keçiriblər:
“Məhsulun keyfiyyətini nümayiş etdirmək üçün bunu videogörüntü kimi yaydıq. Material çətin yanan maddələrdən hazırlanmışdı. Bizim şirkət keyfiyyət göstəricilərinə görə dəfələrlə beynəlxalq mükafatlara layiq görülüb”.
Şahid əlavə edib ki, yanğın hadisəsindən 6 gün əvvəl şirkətə sabiq Milli Təhlükəsizlik Nazirliyinin bir neçə əməkdaşı gəlib: “Miryusif Mahmudov məni çağırıb, şirkətin kataloqlarını istədi. Qonaqlar gedəndən sonra gördüm ki, Miryusif müəllimin qanı qaradır. Səbəbini soruşduqda mənə dedi ki, şirkətə görə bizə hədə-qorxu gəlib, pul tələb edirdilər. Guya ki, onlar Xətaidə yanan bina işini araşdırırdılar. Mən həmin şəxsləri yanğın günü ofisimizdə də gördüm. Onlar bir çox sənədləri ofisdən apardılar. Sonra MTN əməkdaşları görüntü yaddaşı olan qutuya da müdaxilə etdilər”.
Proses noyabrın 17-də davam etdiriləcək.
Ötən il mayın 19-da Binəqədi rayonu ərazisində, metronun “Azadlıq” stansiyasının yaxınlığında 16 mərtəbəli yaşayış binasında baş verən yanığında 15 nəfər həyatını itirib, 30 nəfərdən çox şəxs xəsarət alıb. “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri olmuş Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru olmuş Akif Əlibəyov həbs olunublar.