MİS rəisi: ”Göstərsinlər ki, hansısa sənəddə mənim üzərimə binanın üzlənməsində yanğın təhlükəsizliyinə nəzarət etmək vəzifəsi qoyulur”
Oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədidəki yaşayış binasında 15 nəfərin ölümü ilə nəticələnmiş yanğına görə həbs edilən şəxslərin işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin (MKTB) keçmiş rəisi Ədalət Rəcəbov ifadə verib. Ə. Rəcəbov deyib ki, sözügedən binanın üzlənməsinə 2012-ci ilin aprelində başlanıb, Binəqədi Rayon İcra Hakimiyyəti ilə binanı üzləyən şirkət arasında müqavilə bağlanıb. Onu isə binada üzlənmə işləri başlanandan ayyarım sonra, 2012-ci ilin may ayının sonunda bu vəzifəyə təyin ediblər:
“Əgər mən işlər başlanandan sonra vəzifəyə təyin olunmuşamsa, necə razılıq verə və ya verməyə bilərdim? Azadlıq prospektindəki yolkənarı binaların üzlənməsi Dövlət Proqramı çərçivəsində rayon İcra Hakimiyyətinin sifarişi ilə həyata keçirilib. Müqavilə də podratçı şirkətlə İcra Hakimiyyəti arasında bağlanıb. Göstərsinlər ki, hansısa sənəddə mənim üzərimə binanın üzlənməsində yanğın təhlükəsizliyinə nəzarət etmək vəzifəsi qoyulur. Yoxdur belə bir sənəd.
Mənim rəhbərlik etdiyim Mənzil Kommunal Təsərrüfat Birliyi Bakı Şəhər İcra Hakimiyyətinə tabe idi. İcra Hakimiyyəti isə tamam ayrı qurumdu. Mən başqa bir qurumun işinə necə müdaxilə edə bilərdim? Biz ancaq təmizlik işlərinə baxırdıq. Əgər bina sakinləri istəsə, Səbail rayonundan hansısa şirkətlə müqavilə bağlayıb onlara təmizlətdirərdilər. Mən hansı qulluq mənafeyindən sui-istifadə eləmişəm? Neyləmişəm axı? Mən niyə yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələrilə ittiham olunmalıyam?”
Ə. Rəcəbov mütəşəkkil dəstə şəklində cinayət törətmələri barədə ittihamda yazılanları da qəbul etməyib: “Mən buradakı təqsirləndirilən şəxslərdən yalnız Qəzənfər Novruzov və Nizami Orucovu tanımışam”.
Digər təqsirləndirilən – 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucov da iclasda ifadə verərək deyib ki, o, binanın üzlənməsi, bununla bağlı sənədlərin hazırlanması, müqavilələrin bağlanmasına onun heç bir aidiyyəti olmayıb: “Mənim nə sifarişçi, nə podratçı kimi, binanın üzlənməsinə aidiyyətim olmayıb. Dəfələrlə aşağı vəzifəli adam olmuşam, necə deyə bilərdim ki, bu işi gör, yaxud da görmə?! Mən Mənzil Kommunal İstismar Sahəsinin müdiri olaraq, yalnız təmizlik, sakinlərin müvafiq orqanlara müraciətləri ilə bağlı məsələlərlə məşğul olmuşam”.
Məhkəmə prosesi oktyabrın 11-də davam edəcək.
2015-ci ilin mayın 19-da Binəqədidə binanın yanması nəticəsində 15 nəfər dünyasını dəyişib.
İttihama görə, binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” və “Global Constuction” MMC təsisçisi Miryusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndiriliblər.
Bundan başqa, cinayət işinə “Dərnəgül Boru” zavodonun polimlərin kimyəvi, fiziki-mexaniki xassələrin təyini labarotoriyasının rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigeyana və Epidemologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.