Yanan bina ilə bağlı məhkəmə istintaqı başlayıb

Təqsirləndirilən şəxslər özlərini günahkar bilmir

Source:

Təqsirləndirilən şəxslər özlərini günahkar bilmir

İyulun 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Meydan TV əməkdaşının məlumatına görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. İclasda təqsirləndirilən şəxslərdən Qəzənfər Novruzovun vəkili Nüşabə Ağayeva çıxış edib. O, müdafiə etdiyi şəxsin səhhətində olan problemlərlə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından əvvəl saxlanıldığı Müalicə müəssisəsinə köçürülməsini məhkəmədən xahiş edib. Məhkəmə vəsatəti təmin edib.

Təqsirləndirilən Miryusif Mahmudovun vəkili İlhamə Həsənova vəsatət verərək məhkəmə baxışında əlavə sübutlar təqdim edəcəklərini və həmin sübutların tədqiqi üçün texniki avadanlıqların (kompüter, monitor, dvd player və s.) məhkəmə iclasına gətirilməsinə icazə verilməsini xahiş edib. Məhkəmə vəsatəti təmin etməyib.

Proses zamanı iş üzrə zərər çəkmiş şəxs Manafova Səbinə İsgəndər qızı vəsatət verərək ona dəymiş ziyanın düzgün hesablanmasını məhkəmədən xahiş edib. O, bildirib ki, istintaq zamanı onun anasının adı düzgün yazılmayıb və dəymiş ziyan düzgün hesablanmayıb: “Anamın adını səhv yazıblar. Biz müstəntiqə bu barədə deyəndə bildirdi ki, texniki səhv olub və düzəldəcəklər”.

Hakim Əfqan Hacıyev bildirib ki, orada texniki səhv olub: “Biz sənin ananın adın düzəldərik. Burda problem yoxdur”.

Bundan sonra iclasda məhkəmə istintaqının başlanması elan edilib. Prokuror Fərid Nağıyev ittiham aktını elan edib. İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini təqsirli bilmədiklərini deyiblər.

Proses iyulun 12-də davam etdiriləcək.

Ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” və “Global Constuction” MMC təsisçisi Yusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş, rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs-qətimkan tədbiri seçilib.

Bundan başqa, cinayət işinə “Dərnəgül Boru” Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Ana səhifəXəbərlərYanan bina ilə bağlı məhkəmə istintaqı başlayıb