Yadigar Sadıqlı
Miduey döyüşündə gəmilər bir-birlərinə qarşı döyüşmədilər
Qılınc, qalxan, ox, nizə… Uzun əsrlər boyu insanın döyüş silahı əsasən bunlardan ibarət idi və heç bir dəyişiklik baş vermirdi. Bəzi cüzi yeniliklər olurdu, o da silahların forması, uzunluğu kimi amillərlə bağlı. Amma orta əsrlərin sonlarına doğru vəziyyət dəyişdi, odlu silahlar – artilleriya və fərdi silahlar – ortaya çıxdı və sürətlə təkmilləşdi. Nəhayət, elə vəziyyət yarandı ki, insanların hərbi bilikləri və təxəyyülü silahların inkişafından geri qalır, onlar vəziyyəti düzgün qiymətləndirə, növbəti müharibələrin gedişini proqnozlaşdıra bilmirdilər.
Birinci və İkinci dünya müharibələri arasında cəmi 21 il fərq var. 1930-cu illərin sonlarına doğru müharibə ehtimalı böyüdükcə, Birinci dünya müharibəsinin veteranı olan hərbçilər eyni cür müharibəyə – mövqe savaşlarına hazırlaşmağa başladılar. Onların fikrincə, yenə səngərlər qazılacaq, bunkerlər tikiləcək, tikanlı məftillər çəkiləcək və aylarla, illərlə irəliləyiş olmadan döyüş gedəcəkdi.
Tankların və hərbi aviasiyanın gətirdiyi dəyişiklikləri isə çox az adam anlayırdı. Bunu ilk anlayan ingilis general Con Fuller oldu. O, hərbi islahatlar keçirməyi, mexanikləşdirilmiş qoşun növlərinin yaradılmasını təklif edirdi. Amma təkliflərinə vətənində qulaq asan olmadı. Almanlar isə ciddi şəkildə maraqlandılar.
Tank müharibəsinin ustası kimi məşhurlaşacaq Hayns Quderian Fullerin əsərlərini və məqalələrini öz pulu ilə alman dilinə tərcümə etdirib oxuyurdu. Almanların tank qoşunları məhz ingilis generalının ideyaları əsasında formalaşdırılırdı. Nəticə məlumdur: 1939-cu ilin sentyabrından 1941-ci ilin oktyabrına kimi La Manşdan Moskvaya qədər ərazi alman tanklarının tapdağı altında qaldı.
Yeniliklərlə bağlı belə korafəhmlik təkcə quru qoşunlarına deyil, hərbi donanmaya da aid idi. Özü də almanlar tanklarla bağlı bəsirəti burada nümayiş etdirə bilmədilər. Fullerin aviasiya ilə bağlı dedikləri dənizə də aid idi və aviadaşıyıcı gəmilərin əhəmiyyətini artırırdı. Amma Berlində bunu qiymətlənirmədilər. Doğrudur, sualtı qayıqlara diqqət ayırmaqda doğru davrandılar, amma suüstü donanma ilə bağlı xətt gəmilərinə üstünlük verdilər.
1938-1941-ci illərdə “Gneyzenau”, “Şarnhorst”, “Bismark” və “Tirpits” kimi böyük xətt gəmiləri istifadəyə verildi. Amma onlar gözlənilən faydanı verə bilmədilər. “Bismark” özünün birinci döyüş səfərində Britaniya donanması tərəfindən batırıldı. “Gneyzenau”və 1943-cü ildə yenə ingilislər tərəfindən batırılan“Şarnhorst” müəyyən fayda versələr də, umulan qədər deyildi. Ən müdhiş alman gəmisi sayılan “Tirpits” isə müharibənin çoxunu limanlarda keçirdi, 1944-cü ilin noyabrında ingilis aviasiyası tərəfindən batırıldı.
SSRİ-də də dünyada ən böyük olacaq “Sovetskiy Soyuz” tipli nəhəng xətt gəmiləri hazırlamaq üçün xeyli vəsait xərcləndi, təcrübə-konstruktor işləri aparıldı. Dörd gəminin inşasına başlanıldı, amma heç biri sona çatdırılmadı. İkinci dünya müharibəsindən sonra isə nəhəng xətt gəmilərinin aşağı faydalılıq əmsalını anlayıb işləri dayandırdılar.
Onu da deyim ki, layihə başa çatdırılsaydı belə, bu gəmilər dünyada ən böyük olmayacaqdılar. Çünki daha böyüyünü yaponlar hazırladılar. Məqaləm də məhz həmin gəmi haqqındadır.
***
1904-1905-ci illər rus-yapon müharibəsində baş verən Tsuhima dəniz döyüşü yapon donanmasının parlaq qələbəsi ilə başa çatdı. Rusiya donanması darmadağın edildi. Bu döyüş müharibənin Yaponiyanın qələbəsi ilə bitməsinə səbəb oldu.
Rusiya ilə müharibədən sonra hərbi-dəniz donanması Yaponiya hərbi qüvvələrinin elit hissəsinə çevrildi. Eyni zamanda gəmiqayırma inkişaf etdi. Əgər əvvəllər gəmilər əsasən xarici dövlətlərdən alınırdısa, indiözləri inşa etməyə başladılar. 1921-ci ildə dövlət büdcəsinin 32 faizi hərbi donanmaya xərclənirdi. Yaponiya Böyük Britaniya və ABŞ ilə birlikdə dünyanın üç böyük dəniz dövlətindən birinə çevrildi.
Qeyd etmək lazımdır ki, yaponlar almanlardan və ruslardan fərqli olaraq, dəniz aviasiyasının əhəmiyyətini düzgün qiymətləndirirdilər. Aviadaşıyıcı kimi planlaşdırılan və tikilən ilk gəmi – “Höşö” – onlara məxsus idi (əvvəlki aviadaşıyıcılar təyinatı dəyişdirilən gəmilər idilər). İkinci dünya müharibəsinin ən yaxşı göyərtə təyyarəsi sayılan “Zero” da yapon istehsalı idi.
Bununla yanaşı yaponlar dünyada ən böyük xətt gəmilərini inşa etmək qərarına gəldilər. Dörd gəminin inşası planlaşdırılırdı. Onlardan birinin əsası 1937-ci ilin noyabrında Kure şəhərindəki tərsanədə qoyuldu və “Yamato” adı verildi. “Musasi” adlandırılan ikinci gəminin inşasına 1938-ci ilin martında Naqasakidə başlanıldı. 1940-cı ilin mayında Yokosuke şəhərində “Sinano” adlanan üçüncü gəminin əsası qoyuldu.Dördüncü gəminin isə əsası qoyulmadı.
İnşaat son dərəcə məxfilik şəraitində keçirilirdi. Tikinti yeri hər tərəfdən lövhələrlə örtülmüşdü. Gəmilər suya buraxılandan sonra üstlərini torla örtürdülər. İlk istifadəyə verilən “Yamato”nun uzunluğu 263 metr, eni 38,9 metr, suya oturuşu 10,4 metr idi. Tam su tutumu 72,8 ton təşkil edirdi. Əsas kalibri 460 millimetrlik 9 topdan ibarət idi ki, bu da nə o zamana qədər, nə də ondan sonra heç bir gəmidə (“Musasi” istisna olmaqla) olmayıb. Bu topların atdıqları mərminin ağırlığı 1,5 tona çatırdı. Yardımçı kalibr isə 6 ədəd 155 millimetrlik toplar idi.
Aviasiya hücumundan müdafiə 6 cütdən ibarət 127 mm kalibrli uzaqvuran və 50 ədəd üçlü 25 mm kalibrli yaxınvuran toplardan təşkil olunurdu. Zirehin qalınlığı ən həssas yerlərdə 410 mm-ə çatırdı, amma qeyd etmək lazımdır ki, yapon zirehi ABŞ və Britaniyanınkına nisbətən keyfiyyətsiz idi. Gəmidə kəşfiyyat aparmaq və atəşi korreksiya etmək üçün 7 təyyarə vardı.
“Yamato”nun altı 1147 bölməyə ayrılırdı. Onlardan biri deşilərdisə və su qəbul etməyə başlayardısa, dərhal bloklanır və suyun başqa bölmələrə axmasının qarşısı alınırdı. Əgər su qəbul edərkən gəminin tarazlığı pozulardısa, əks tərəfə su qəbul etməklə tarazlığı bərpa etmək mümkün idi. 153 550 at gücündə olan bu bədheybət yaponlara indiki kursla 8 milyard dollara ekvivalent olan nəhəng məbləğə başa gəlmişdi.
***
Tsuhima döyüşünün nəticələrindən biri də Yaponiya hərbi donanmasında “Kantai Kessen” doktrinasınınformalaşması idi. Amma bu doktrina indi Sakit okeanda hegemonluq uğrunda mübarizədə əsas rəqib olan ABŞ-a qarşı yönəlmişdi. Yaponlar hesab edirdilər ki, iqtisadi potensial baxımından xeyli geri qaldıqları ABŞ ilə uzunmüddətli mübarizədə məğlubiyyətə məhkumdurlar. Buna görə də həlledici dəniz döyüşünə (Kantai Kessen) üstünlük verilməli idi.
Həmin doktrinaya görə, baş verəcək həlledici döyüşdə düşmən donanmasına aviadaşıyıcı gəmilərdən qalxan təyyarələr, sualtı qayıqlar vasitəsilə əsaslı xəsarət yetiriləcək, sonuncu zərbəni isə böyük xətt gəmiləri vuracaqdı. “Yamato” və “sisterşip” (eyni tipli) gəmilər də bunun üçün hazırlanırdı.
Amma “Kantai Kessen” doktrinasını hamı bölüşmürdü. İkinci dünya müharibəsində Yaponiyanın ən məşhur hərbçisi olacaq admiral İsoroku Yamamoto həm doktrinanı yanlış hesab edirdi, həm də xətt gəmilərinin vaxtının keçdiyini söyləyirdi. Onun fikrincə, yaponlar özlərinin məhdud potensiallarını aviadaşıyıcı gəmilərin inşasına yönəltməlidirlər: “gələcək müharibədə xətt gəmilərinin Yaponiyaya faydası samuray qılıncının faydasından çox olmayacaq”.
***
“Yamato” Yaponiyanın məşhur Perl-Harbor hücumundan az sonra, 1941-ci il dekabrın 16-da istifadəyə verildi. İştirak etdiyi ilk döyüş isə 1942-ci il iyunun 4-7-də baş tutan Miduey döyüşü oldu. Amma ABŞ Sakit okean donanmasına qarşı bu döyüşdə iştirak formal xarakter daşıyırdı. Yapon Birləşmiş donanmasının flaqmanı olan “Yamato” əsas döyüş əməliyyatlarının getdiyi yerdən 500 km uzaqlıqda idivə döyüşü idarə edirdi.
Miduey döyüşündə gəmilər bir-birlərinə qarşı döyüşmədilər. Aviadaşıyıcı gəmilərdən qalxan təyyarələr bir-birilə döyüşür və düşmən gəmilərini batırmağa çalışırdılar. Döyüş 4 aviadaşıyıcı gəmisini itirən yaponların ağır məğlubiyyəti ilə yekunlaşdı.
Midueydən sonra yaponlar xətt gəmilərinə bu qədər resurs ayırmaqla səhvə yol verdiklərini anladılar. “Yamato”nun əkizi “Musasi” artıq suya buraxılmışdı. Əvəzində 50% hazır olan “Sinano”nun profili dəyişdirildi, aviadaşıyıcı gəmiyə çevrildi.
“Yamato”nun hava hücumundan müdafiəsi gücləndirildi. Buradakı zenit toplarının sayı artırıldı. Amma gəmini riskə atmamaq üçün ondan istifadəni məhdudlaşdırmaq qərarına gəlindi. Nəticədə böyük ümidlər bəslənən gəmi çox vaxt döyüş teatrlarından uzaqda, təhlükəsiz limanlarda olurdu. Bu isə yapon dənizçilər arasında belə bir istehzanın yaranmasına səbəb oldu: dünyada üç yekə və faydasız şey var – Xeops piramidası, Çin səddi və “Yamato” gəmisi.
Yaponiyanın xeyli maddi, insan resursunun xərclənməsi hesabına inşa olunan gəmi yalnız 1944-cü ilin oktyabrında ciddi döyüşə cəlb olundu. Həmin vaxt amerikalılar Filippinə desant çıxarırdılar və buna mane olmaq yaponlar üçün çox önəmli idi. Buna görə də həm “Yamato”, həm “Musasi” döyüşə göndərildilər.
“Yamato”nun qorxunc 460 mm-lik topları məhz bu zaman, gəminin istifadəyə verilməsindən az qala 3 il sonra ilk dəfə atəş açdılar. Amma amerikalıların adalara çıxmasına mane olmaq mümkün olmadı. Üstəlik, iyirmidən çox torpedo dəyən “Musasi” batdı. Noyabrın sonlarında Yaponiyaya qayıdan “Yamoto” isə təmir və modernizasiya işləri üçün tərsanəyə alındı.
Yaponların vəziyyəti getdikcə ağırlaşmaqda idi. Amerikalılar artıq Yaponiyanın öz ərazisindəki adaları tuturdilar. 1945-ci il aprelin 1-də Okinava adası uğrunda döyüşlər başladı. İtirilməli bir şey qalmadığını düşünən İmperator Baş qərargahı “Yamato”nu son tapşırıqla Okinavaya doğru yola saldı. Bu, əslində intihar tapşırığı idi. “Yamato” Okinava yaxınlığında dayaza oturmalı və son mərmisinə qədər amerikalılarla döyüşməli idi.
“Yamato” son reysinə aprelin 6-da çıxdı. Onu 1 yüngül kreyser və 8 destroyer müşayiət edirdi. Yaponların danışıqlarına qulaq asan amerikalılar hadisədən xəbər tutdular və qafilənin Okinavaya yetişməməsi üçün tədbirlər gördülər. Yapon gəmilərinin hərəkəti lap əvvəldən ABŞ sualtı qayığı tərəfindən izlənilirdi.
Aprelin 7-də ABŞ aviadaşıyıcı gəmilərindən qalxan təyyarələr Şərqi Çin dənizi üsrə hərəkət edən yapon gəmilərinə hücum etdilər. Qafilənin aviasiya mühafizəsi olmadığından asan hədəf çevrilmişdi. Amerikalılar həmlələrini üç cəhddə həyata keçirdilər. Birinci həmlədə 227, ikinci həmlədə 57, üçüncü həmlədə 110 təyyarə iştirak etdi.
Əsas hədəf olan “Yamato” həm aviabombalar, həm də torpedolarla atəşə tutuldu. Bu zaman amerikalı pilotlara tapşırılmışdı ki, gəminin tarazlığının pozulması üçün torpedoları yalnız bir istiqamətdən, gəminin sol böyrünə buraxsınlar. İlk həmlədən sonra bir neçə torpedoya tuş gələn və tarazlığı pozulan gəminin drenaj sistemi işə düşdü və tarazlıq bərpa olundu. Amma suya daha dərin oturan gəminin sürəti azaldı və ona hücum etmək daha asanlaşdı.
Sonrakı həmlələr zamanı yenə xəsarət alan (ümumən 10 torpedoya və 13 aviabombaya tuş gəldiyi təxmin olunur) gəminin tarazlığı daha çox pozulmağa başladı. Artıq drenaj sistemi işə yaramırdı. Onsuz da batan gəmini bürüyən yanğın artilleriya anbarına çatanda baş verən dəhşətli partlayış hər şeyi bitirdi. İki yerə bölünən “Yamato” dərhal batdı. Onun heyətindən 3063 nəfər həlak oldu, yalnız 269 nəfər xilas edildi. Qafilədədaha 1 kreyser və 4 destroyer batırıldı.
***
Beləliklə, böyük ümidlər bəslənilən və nəhəng resurslar xərclənən “Yamato” (eləcə də əkizi “Musasi”) Yaponiyanın hərbi qüdrətinə, əməliyyatlarına, demək olar, heç bir töhfə vermədən batırıldılar. Halbuki onar bir xətt gəmisi kimi mükəmməlliyə yaxın inşa edilmişdilər. Sadəcə, problem onda idi ki, xətt gəmilərinin vaxtı keçmişdi.