Son günlərdə bir neçə qəbələli oxucu mənə yaxınlaşdı ki, mümkünsə “tyomnı” yazmayım. Yazılarda konkret ad çəkilməsini istəyirmişlər. Onların mövqeyinə, ən azından məni izlədiklərinə görə hörmətlə yanaşmağa borcluyam. Qaldı, ad çəkmədiyim nadir hallar o zaman baş verir ki, təqdim etdiyim tipi hər qəbələli ilk cümlədən tanıyır. Amma yenə söz verirəm ki, əlimdəki bu yazıdan sonra təklifiniz nəzərə alınacaq. Bir şərtlə ki, yazıda görmək istədiyiniz məmurların adını siz sifariş verəcəksiniz.
Qeyd: Narahat olmayın, adınızın anonimliyi qorunacaq.
Qullaşa bilməməyin qızıl qaydaları
Alın yazısı deyilən bir şey var ki, ondan qaçmaq mümkün deyil. Və pozusu olmayan bu yazı şükür ki, hələ səni cibinin, qarnının əsirinə çevirib, kimsənin qarşısında sınmağa qoymur. Lap min ehtiyacın olsa belə, hansısa nadan «bərkgedənin» dalınca qaçıb qulluq göstərə bilmirsən. Ölkəyə və bölgəyə yiyəlik edənlər, eləcə də onlara təzim edən kütlə sənin üçün eyni dərəcədə əhəmiyyyətsiz və yaddır. Sən bunlardan azadsan. Həm də itirdiklərinin hamısının əvəzində bu azadlığı özün qazanmısan. Hərçənd, sözün bütün mənalarında azad olmaq mümkün deyil, bununla belə içindəki mənəviyyat azadlığı səni qullaşmağa qoymur…
Antik və müasir qullar
Əslində, yarım azad olmaqdansa bütöv qul olmaq yaхşı olardı, di gəl ki, müasir qullar ürək bulandırır. Yəni, keçmişin qulları oхyub öyrəndiyimizə görə fiziki güclərinin müqabilində bir loхma çörək yeyirdilər. İndiki qullar yalmanmaq, əyilmək, dəsmallamaq və sairə xidmət növləriylə həyatlarını bolluca təmin edirlər. Qızının diplomunu, oğlunun işini, arvadının tələblərini, məşuqəsinin arzularını düzüb-qoşan müasir “mədəni” qul təbii antik quldan daha fəaldır. Sahibləndiyi hər şeyi məhz fəallığının hesabına qazanıb. Doğrudur, bu qazanca görə “qul adam” əl-ayaq altında alçalıb görünməz olur, amma yenə məmnuniyyətlə qulluğunda – vəzifəsində qalır. Bunlar ilin bütün saatlarında fasiləsiz çalışan sədaqətli, ştatlı qullar və eyni zamanda yaltaqlığın kitabını yazanlardır.
Həmin kitabı vərəqləsək görərik ki…
“İri məmur tabeçiliyindəki xırda məmuru qabaqda otuzdurub, özü arxa oturacaqda əyləşir. Xırda məmur həyəcandan boğularaq çıxış yolu axtarır: – İndi durub desəm ki, “bağışlayın, belədə axı, mənim dalım sizə düşür”, olmayacaq. Yox, desəm ki, “siz mənim dalıma düşürsüz” o da olmayacaq. Ay allah, qurban olum, mənə bir yol göstər! Bu əsnada beyni necə sürətlə işləyirsə, bədbəxtin ağlına dahiyanə bir fikir gəlir:
– Onda icazə verin, dal-qabaq oturum!!!”
Bundan daha betəri belə dal-qabaqlara həsəd aparıb bəxtəvərlik oxuyan sadəlövh balqabaqlardır…
Və yaxud:
“– O gün kişi möhkəm soyuqlamışdı. Arvadım-xanımım (baxır söhbət mədənimi, yabanımı ortamda gedir) yaxşı-yaxşı ovxalayıb tərlətdi, mən də zoğal mürəbbəsiynən, kəklikotuynan çay dəmlədim. Gecəni qalıb qulluq elədik, çox şükür, indi yaxşıdır.
– Atanın neçə yaşı var?
– Nə atam?! Atama dəyməyə vaxtım olur ki? Mən filankəs müəllimi deyirəm. Allah üstümüzdən əskik eləməsin, biz onun çörəyini yeyirik.”
Həm də yalnız quruca çörəyini deyil, yuxarıda deyildiyi kimi çox şeyini yeyirlər…
Bu da var:
“– Uşağın ad gününə gedirdik, çathaçatda zəng vurdular ki, filankəs müəllim sənin xanımının açdığı qutabı soruşub. Yoldanca bazarlıq eləyib qayıtdıq. O gün kişi gecəyarısınacan bizim xanımın qutabını tərifləyibmiş…
– Bəs uşaq incimədi?
– Uşaq kimdi? Həə, oğlummu? Məsələni telefonla xəbər verdik, o da çox sevindi.”
Təkcə sevinməkmi?! Bu xoşbəxt şansa görə karyera qurmaq ərəfəsindəki gənc məmur balası doya-doya şıllaq da atıb yəqin…
Sitatlarda yaradıcılıq ola bilər, amma inanın ki, fantaziya yoxdur.
Qulluq və yaltaqlıq epidemiyası
Ölkə bu cür biabırçılıqlarla, əxlaqsızlıqlarla dolub daşır. Hələ könüllü həvəskar qulların işi allaha qalıb. Yoxsulluğun son həddində yaşayan bu adamlar yerli-yersiz ərazi nümayəndəsindən tutmuş prezidentə qədər məmur sinfinə sonsuz minnətdarlıqlarını bildirirlər. Cani-dildən edilən bu yaltaqlığın arxasında bir təmənna yoxdur, onlar sadəcə olaraq qulluq xəstələridir. Əlləri çatmayanda vəzifələrini dilləri ilə icra edirlər.
Belə maraqsız yazı yazdığıma görə özümü qınayıram, amma ölkədə bundan daha ağır problem, bəla və xəstəlik yoxdur. Nə yazıq ki, qalan bütün dərdlərin qaynaqlandığı bu mərəz hamının gözü qarşısında adi həyat tərzinə çevrilməkdədir.
Bütün bunlar məşhur “yumurtamı əvvəl gəlib, yoxsa toyuqmu?” bilməcəsəni xatırladır. Amma bu bilməcə barədə baş sındırmağa dəymir, çünki artıq məsələ sual olmaqdan çıxıb. Bizlərdən hansımız yumurta və yaxud toyuq yeyəndə hansının əvvəl gəldiyi barədə düşünürük? Eləcə də bu ölkədə azadlıq və qulluq – bunların təməli olan qürur və yaltaqlıq barədə ciddi düşünənlər yox dərəcəsindədir. Menyudakı yumurta və toyuq kimi…