Vəkillər Kollegiyasının sədri Anar Bağırov sosial şəbəkələrdə məhkəmə proseslərini ictimai müzakirəyə çıxaran vəkillərin cəzalandırılacağını deyib. Onun sözlərinə görə, bu cür hallarla bağlı indiyədək xəbərdarlıqlar edilib, amma bundan sonra daha sərt tədbirlərə ehtiyac var.
Anar Bağırov hesab edir ki, ictimai müzakirələr məhkəmə hakimiyyətini lağa qoymaq və əsassız, xoşagəlməz fikirlərin yayılması ilə nəticələnir:

“Mən istəməzdim ki, məhkəmə hakimləri arasında vəkillər haqqında belə bir fikir formalaşsın ki, vəkillər məhkəmə proseslərini manipulyasiya edir. Biz azad peşə sahibləriyik və peşə azadlığını qorumaq üçün məsuliyyətli davranmalıyıq. Bəzi vəkillər məhkəmə və digər dövlət qurumları barədə əsassız, subyektiv və bəzən həqiqətə uyğun olmayan fikirlər paylaşır. Bu isə böhtan və təhqir kimi qiymətləndirilə bilər”.
Bağırov deyib ki, “bu cür hallar”a yol verən vəkillər məsuliyyətə cəlb olunacaqlar.
“Vəkillik sahəsində də müstəqil təşəbbüslər bəyənilən davranış deyil“
“Cəzalandırılma deyərkən vəkilin peşə fəaliyyətindən kənarlaşdırılması və kollegiya üzvlüyündən xaric ediliməsindən söhbət gedir. Ölkədə insan haqları müdafiəsi ilə məşğul olan vəkillərin əsasən təqibə və cəzalandırılmaya məruz qaldığını müşahidə edirik, bu müxtəlif adlar altında həyata keçirilir”, – Kollegiya sədrinin çıxışını Meydan TV-yə şərh edən hüquqşünas Yalçın İmanov belə deyir.
Bir zamanlar Vəkillər Kollegiyasının üzvlüyündən çıxarılmış Yalçın İmanov hesab edir ki, vəkillərin cəzalandırılması uzun illərdir baş verir və bu artıq tendensiya halını alıb.
Hüquqşünas bildirir ki, 2017-ci ilin dekabr ayında qəbul olunmuş “Vəkillərin Davranış Qaydaları haqqında Əsasnamə” ilə onların ifadə azadlığı kifayət qədər məhdudlaşdırılıb. Onun sözlərinə görə, Anar Bağırovun bu açıqlaması isə vəkillərin ifadə azadlığını daha da məhdudlaşdıracaq.

“Yəni vəkillər ədalətli qətnamə çıxaran və yaxud da qanunsuz, əsassız hökm çıxaran bu və ya digər məhkəmə qərarı ilə, hakimlə bağlı açıqlamalar verməkdən çəkinəcək. Bu vəkillərin məhkəmə hakimiyyəti ilə bağlı, hakimlərlə bağlı tənqidi fikirlər söyləməsini aradan qaldırır və belə fikirlər olacağı halda onların təqib ediləcəyi mənasına gəlir.
Görünən budur ki, bu çıxış həmin fikirləri önləmək, preventiv xarakter olaraq qarşısını almaq niyyətinə xidmət edə bilər.
Məlumdur ki, Azərbaycanda məhkəmə hakimiyyəti deyə bir hakimiyyət yoxdur. Bu hakimiyyət yalnız sifariş və digər maraqlardan dolayı fəaliyyət göstərir. Söhbət siyasi hesab etdiyimiz işlərdən deyil, demək olar ki, bütün işlərdən gedir. Yəni mən təkcə siyasi işləri nəzərdə tutmuram, həm də, digər işlərdə də elə Azərbaycanda məhkəmə hakimiyyətinin səmərəliliyindən və effektliyinindən danışmaq mümkün deyil. Bunu faktlarla sübut edə bilərəm. Belə olan halda isə bu, vəkilləri sistemdə əsas problemin qaynağını tənqid etməkdən çəkindirən bir mövqedir”, – Yalçın İmanov belə deyib.
Onun sözlərinə görə, qanunvericiliyə görə vəkillərin vəkillik fəaliyyətindən uzaqlaşdırılması yalnız məhkəmə yolu ilə mümkündür. Ancaq Vəkillər Kollegiyasının Rəyasət Heyəti kollegiyanın ixtisas komissiyasının rəyi əsasında vəkillik fəaliyyətinin xitam verilməsi ilə bağlı vəkillərə qarşı iddia qaldıra bilər.
“Amma təbii ki, Vəkillər Kollegiyasının rəhbəri öz təşəbbüsü ilə deyil, siyasi hakimiyyətin göstərişləri ilə idarə olunduğuna görə onlar bu çərçivədən kənarda təsiri bağışlayan və yaxud da, müstəqil davranmağa cəhd edən vəkillərə həmin tapşırıqlar əsasında kollegiya üzvlüyündən xaric etmək tapşırıqlarını canla-başla icra edirlər. Burada məncə bütün sahələrdə olduğu kimi bu sahədə də müstəqil təşəbbüslər bəyənilən davranış deyil”.
Vəkillər Kollegiyası bundan öncə bir neçə dəfə siyasi işlərə çıxan vəkillərin Kollegiya üzvlüyündən çıxarılması ilə gündəmə gəlib. Xalid Bağırov, Yalçın İmanov, İradə Cavadova, Əsabəli Mustafayev, Fəxrəddin Mehdiyev, Nemət Kərimli və daha bir neçə vəkil zaman-zaman Vəkillər Kollegiyasının üzvlüyündən uzaqlaşdırılıblar. Daha sonra onların bir çoxu Vəkillər Kollegiyasının üzvlüyünə yenidən bərpa olunsalar da, Xalid Bağırov, Yalçın İmanov barələrində Avropa Məhkəməsinin bərpa qərarı olmasına baxmayaraq, hələ də Kollegiya üzvlüyünə bərpa olunmayıblar.
Anar Bağırov 2017-ci il dekabrın 7-dən Vəkillər Kollegiyasına sədrlik edir.