Yalançı yaşıllıq

O pulu sıravi vətəndaş ödəyir…

Source:

Bakıda son zamanlar gözə çarpan dəyişikliklərdən biri də, qazonların artmasıdır. Bakıda olanda hər səhər Heydər Əliyev Mərkəzinin ətrafında qaçanda gördüyüm çoxsaylı fəvvarələr bu çəməlikləri belə yaşıl, sıx saxlamaq üçün vurulur. Əslində, Bakı kimi yarımsəhra ərazidə yerləşən şəhərdə belə yaşıl çəmənliyi saxlamağın zərəri xeyrindən daha çoxdur.

Əvvəlcə ətraf mühitə zərərdən başlayaq. Bakı kimi yayda yağışın nadir yağdığı (maksimum 2 mm), suyun qıt olduğu bir yerdə belə bir yaşıllığı saxlamaq üçün çoxlu su lazımdır.

Paytaxtımızın bir sıra rayonlarında əhalinin suyu ancaq müəyyən saatlarda aldığı bir vaxtda hər səhər bu süni çəmənliklərə lazım oldu-olmadı (hətta yağışdan sonra) suyu geninə-boluna ancaq estetik gözəllik üçün məsrəf etmək nə dərəcədə düzgündür?

Üstəlik, bu yaşıllığın yaxşı inskşaf etməsi üçün ona ara-sıra gübrə, pestisid verilir. Bunlar da sonunda torpağa sızıb, yeraltı sulara və ya başqa su mənbələrinə axıb gedərək, bu suları çirkləndirir.

O biri tərəfdən, suyu belə fəvvarə ilə onlarla nöqtədən vurmaq üçün bir neçə nasosdan istifadə olunur, buna da enerji xərclənir, ətraf mühitə, havaya zərərli qazlar buraxılır.

Məsələnin iqtisadi tərəfinə gələndə, bu yaşıllığa qulluq etmək üçün lazım olan toxumların, dərmanların ən əsas da, ərazini təmiz saxlamaq üçün burda işləyən onlarla adamın pulunu, özü bəzən bilməsə də, sıravi vətəndaş ödəyir.

Bəs, onda Bakıya yaşıllıq lazım deyil? Əlbəttə, lazımdır, hətta vacibdir. Amma gərək yerli növlərdən, Abşeronun iqliminə, əsas da su ehtiyaclarına görə uyğun gələn kol və agaclardan istifadə olunsun. Qazon otlarından fərqli olaraq çoxillik kol və ağacların kökləri torpağın dərin qatlarına gedib, ordan suyu çəkə bilir. Bu, eyni zamanda torpağın erroziyasının da qarşısını alır.

Bu cür quraqlığa davamlı bitkilər Azərbaycanda var. Məsələn, Bakının iqliminə oxşar Abşeron və Şirvan Milli Parklarında bitki örtüyü kifayət qədər sıxdır və bu örtüyün heç bir qulluğa ehtiyacı yoxdur. Çünki burdakı bitkilər minillər boyunca bu ərazilərdəki iqlimə uyğunlaşıblar. Onların kökləri uzundur, yarpaqları kiçikdir və s. Bu uyğunlaşmalar həmin bitkilərin sudan maksimum istifadə etməsi üçün optimal imkan yaradır.

İnkşaf etmiş ölkələrdə qazon çəmənliklərinin geniş yayılmasına baxmayaraq, son zamanların tendensiyası onları yerli kollarla, ağaclarla əvəz etməkdir. Bu, həm sudan istifadəni azaldır, həm də bitki örtüyünə xərclənən vəsaitlərə qənaət edir. Bunun üçün bəzən əraziləri sadəcə iplə hasara alıb, ordan bir muddət keçməyə icazə vermilər və təbii örtük özü geri qayıdır. Maraqlısı budur ki, bitki örtüyü bərpa olunmuş belə yerlər hətta böyük şəhərin ortasında da quşları, kəpənəkləri və başqa heyvanları özünə cəlb edir, onlara yuva olur.

Gəlin, biz də Bakını süni yox, təbii bitki örtüyü olan şəhərə çevirək.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəYalançı yaşıllıq