“Xərclərin artması heyvandarlığı çökdürür”
Havaların yağışlı keçməsi, bir yandan da dizelin bahalaşması heyvandarlıqla məşğul olan fermerləri ziyana salıb. Fermerlər deyirlər ki, intensiv yağışlar nəticəsində heyvandarlıqda əsas xərc tələb edən otun, yoncanın məhsuldarlığı yüksək deyil. Lakin dizelin qiyməti ilə bağlı qərar verərkən nə hava şəraiti, nə də xərclərin artması nəzərə alınıb.
Ağdaşlı fermer Adil Əliyev Meydan TV-yə bildirib ki, ot biçini dövründə havaların yağmurlu keçməsi fermerləri çətin vəziyyətə salıb.
“Sahədə ot dörd dəfə biçilməlidir. Amma yağış yağdığından texnika sahəyə girə bilmir. Nəticədə 4 dəfə yox, 3 dəfə biçilir. Bu, bir zərər. Biçilməyən ot sahədə çürüyür. Yaxud biçiləndən sonra yağış altında qalan ot çürüyür”,-fermer deyir.
Onun sözlərinə görə, otun maya dəyəri dizelin qiyməti artırılandan sonra təxminən bir manata başa gəlir. Yağış dəymiş, keyfiyyətini itirmiş otu uzaqbaşı 1 manat-1 manat 30 qəpikdən satmaq mümkündür.
Adil Əliyev bildirib ki, dizel bahalaşandan sonra xərclər ən azı 30-40 faiz artıb:
“Məsələn, əvvəl bir hektar sahə 25-30 manata biçilirdisə, indi 35 manatdan aşağı biçin aparılmır. Otun preslənməsi 25 qəpikdən 35 qəpiyə qədər qaldırılıb. Sahədən ot biçilib bir yerə yığılır ki, preslənsin. Əvvəl 25 manata gələn bu proses indi 35 manat olub. Amma artan xərclərin müqavilində yağışa düşmüş otu 1 manat 30 qəpikdən sata bilirik”.
Uzun illərdir heyvandarlıqla məşğul olan fermer Maqsud Məmmədov isə bildirib ki, son 3 ildə iribuynuzlu heyvanlarının demək olar ki, 90 faizini satıb. İndi üstünlüyü xırdabuynuzlu heyvanlara verir ki, get-gedə bu sahə də gəlirini itirir. Çünki otlaq sahələrinin olmaması, eyni zamanda digər xərclərin artması heyvandarlığı çökdürür. Vəziyyət belə davam edərsə, bütün mal-qarasını satacaq:
“Demək olar ki, otlaq sahəsi qalmayıb. Bir inək bir günə bir bağlama ot yeyir. Otun da məhsuldarlığı yaxşı olmayıb”.
Fermer deyir ki, xərclərin baha olmasına baxmayaraq heyvanı bahalaşdıra bilmirlər. Onsuz da alıcılıq qabiliyyəti azalıb, heyvanın qiymətini bir az artıran kimi ümumiyyətlə alıcı olmur.
Fermerlər onu da bildiriblər ki, dizeli bahalaşdırmaqdan əvvəl kiçik fermerlərin vəziyyətini araşdırmaq və nəzərə almaq lazım idi. Kənd təsərrüfatı hava şəraitinə bağlıdır, heç olmasa belə hallar nəzərə alınmalıdır ki, kiçik təsərrüfatlar müflisləşib sıradan çıxmasın.
“Yağış sahələrə zərər vurur. Amma sığortadan pul ala bilmirik. Çünki az da olsa məhsul götürə bilmirik. Bu il qoyulan xərci çıxara bilmədik. Qışda vəziyyətimizin necə olacağını bilmirik. Heç olmasa gözləyərdilər biçim vaxtı tamamlanardı, sonra dizeli bahalaşdırardılar. Hazırda yağışa düşməmiş keyfiyyətli otun qiyməti 2 manat 80 qəpiyədir”-, Adil Əliyev deyir.
Fermer bildirir ki, ot yağış səbəbindən çürüməsə, 2 manat 80 qəpiklə əkin-biçin üçün bankdan götürdüyü krediti ödəyə bilərdi. İndi isə krediti necə ödəyəcəyini düşünməklə yağışın kəsməsini ümidlə gözləyir.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli Meydan TV-yə bildirib ki, yağışın, dolunun, küləyin məhv etdiyi məhsulların zərəri tam ödənilmir.
“Müxtəlif bəhanələr gətirirlər, çalışırlar ki zərəri tam ödəməsinlər. Bir çoxu isə ümumiyyətlə, sahələrini sığorta etdirmir. Hökumət də bunu əsas gətirərək zərəri tam ödəməkdən boyun qaçırır”-ekspert bildirib.
Vahid Məhərrəmli deyib ki, qlobal istiləşmə ilə bağlı havalar getdikcə daha pisləşəcək. Fermerlər fövqəladə hallarda nə etməlidirlər, bununla bağlı ciddi maarifləndirmə aparılmalıdır.