Xocahəsən, Sulutəpə ərazisi hər dəfə yağış yağanda bu hala düşür. Sakinlər deyir ki, aidiyyati qurumlara şikayət etsələr də, heç bir nəticəsi olmur. Bu ərazini sanki unudublar.
Ərazidə neft gölü var. Yəni neftin bütün tullantıları həmin gölə tökülür. Kanalizasiya sisteminin olmaması isə həmin gölün daşmasına səbəb olur. Nəticədə çirkab su həyətlərə dolur.
Əslən şuşalı olan Hamlet Ələsgərov 10 ildir ki, bu ərazidə yaşayır. Məcburi köçkün deyir ki, hər il eyni vəziyyətin təkrarlanması nəticəsində uşaqları xəstəlik tapıb.
Ərazidə bu vəziyyətdə olan 70-dən çox ev var. Bəzi evlər 20 sm-dən çox suyun içində qalıb.
Mənzərə isə bununla bitmir. Su həyəti basan zaman bu it çirkab suyun altında qalıb və bədəninin bir hissəsi mazutla örtülüb.
Bəzi sakinlər çölə çıxa bilsələr də, bəzilərinin heç buna imkanı belə yoxdur. Məsələn, Xanım Qafarova kimi.
Sakinlər səhər açılan kimi müxtəlif qurumlara müraciət edib, dərdlərini anladıblar. Ancaq günün yarısı olmasına baxmayaraq, heç kim əraziyə gəlməyib. Sakinlər özləri suyun ərazidən getməsi üçün yol açırlar.
Onu da deyək ki, Bakı 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün 2019-cu ildə Xocahəsən gölündə Kayak-Kanoe və Akademik Avarçəkmə Mərkəzinin tikintisi nəzərdə tutulur. Deyəsən belə getsə, mərkəzi elə Xocahəsən qəsəbəsinin küçələrində yaradacaqlar. Çünki yağış yağanda bu küçələr Xocahəsən gölündən seçilmir…
Ərazidə gecə yağan yağışdan zərər çəkən hələ çox ev var idi. Lakin o evlərə getmək üçün yol tapmadıq.