Yağış yenə bölgələrdə fəsadlar yaratdı

Fotolar: Meydan TV

Kəndlərdə evləri sel basıb, əhaliyə ziyan dəyib

Son üç gündür aramsız yağan yağışlar bölgələrdə fəsadlara səbəb olub. Çaylar daşıb, evlər, təsərrüfatlar su altında qalıb, yolları sıradan çıxıb. Xüsusilə Oğuz, Qəbələ, Şəki seldən ziyan çəkib.

Oğuzun Mollalı kənd sakinləri Meydan TV-yə bildiriblər ki, Türyançayın daşması nəticəsində evlər, həyətlər, bağlar, təsərrüfatlar su altında qalıb. Kənd sakini Qabil Məmmədov deyib ki, təxminən bir ay əvvəl çayın daşmasının qarşısını almaq üçün bənd tikilməsi xahişi ilə aidiyyatı qurumlara müraciətlər ediblər. Lakin heç bir reaksiya verilməyib.

Bildiyimiz bütün qurumlara zəng vurduq, cəmi bir texnika göndərdilər, onun da tək gücü çatmır. Bu gün Oğuz Rayon İcra Hakimiyyətinin başçısı gəlib, vəziyyətlə maraqlanıb”,-sakinlər bildiriblər.

Kəndlilər deyirlər ki, su çəkiləndən sonra qalın palçıq qatı əmələ gəlib. Həyətdəki bitkilər, ağaclar məhv olub:

“Nə qədər ki, bənd salınmayacaq, hər yağış yağanda vəziyyətimiz belə olacaq”.

Qalaçayın daşması nəticəsində Oğuzun Filfilli kəndinə sel keçib. Kəndin yolları dağılıb, təsərrüfatlara ziyan dəyib, bir neçə sakinin toyuq-cücəsini sel aparıb.

Rayon mərkəzindən 50 kilometr kənarda yerləşən Filfilli kəndi də seldən qorunmaq üçün bənd salınmamasından hər güclü yağışdan sonra zərər çəkir. Kəndin bələdiyyə sədri Akif Nəsirov Meydan TV-yə bildirib ki, hələ də selin vurduğu zərər tam aradan qaldırılmayıb. Təxminən 1,5 kilomert yol tamamilə sıradan çıxıb, yuxarı məhəllənin sakinlərinin yolu bağlanılıb. Sel o qədər güclü olub ki, bir neçə evin darvazasını aparıb.

“Bir iş adamı öz vəsaiti hesabına körpü salırdı, sel gəldi, görülən işləri də dağıtdı. Körpünün tikintisi də yarımçıq qaldı. Bənd olmadığından selin qarşısını almaq mümkün deyil”,-bələdiyyə sədri deyib. Bildirib ki, iki aydır kənd sakinləri əlverişsiz hava şəraitinin yaratdığı çətinliklərdən əziyyət çəkirlər.

Filfilli kəndindən 8 kilomert uzaqda yerləşən Xaçmaz kəndində də bir sıra fəsadlar yaranıb.

Şəki sakinləri isə bildiriblər ki, Kiş kəndinin yaxınlığında istirahət mərkəzinə gedən yolun üstündə körpü uçub.

“Hər güclü yağışdan sonra körpü uçur, bilmirsən, bu vəziyyətə güləsən, yoxsa ağlayasan. Elə bil bənd betondan deyil, qumdandır”,-sakinlərdən Eldəniz Abbasov bildirib.

Kiş kənd icra nümayəndəliyinin özünü təqdim etmək istəməyən əməkdaşı isə deyib ki, körpünün kəndə aidiyyatı yoxdur. Körpü istirahət mərkəzlərinə gedən yolun üstündə yerləşir, buna görə də elə mərkəz sahibləri tərəfindən də bərpa edilməlidir.

Ağdaşın Ləki qəsəbəsi də təbii fəlakətdən zərər çəkib. Sakinlər bildiriblər ki, əsasən qəsəbənin yollarını su basıb. Qəsəbə bələdiyyəsinin sədri Loğman Məmmədov bildirib ki, hazırda qəsəbədə ciddi problem yoxdur, su çəkilib.

Qalaçayın daşması nəticəsində Tikanlı, Abrıx, Durcaçayda suyun səviyyəsi artması nəticəsində isə Qəbələnin Uludaş kəndində evləri su basıb. Sakinlər bildiriblər ki, su çəkiləndən sonra az qala yarım metrə qalınlığında lil qatı yaranıb. Təsərrüfatların əksəriyyətində əkin məhv olub.

Gədəbəy rayonunun Poladlı, Şahdağ, Novoivanovka, Düzyurd kəndlərinə dolu düşüb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, iyulun 27-də Qəbələ, Naftalan, Bərdə, Daşkəsən, Gədəbəy, Yardımlı, Tərtər, Yevlax, Goranboy, Naftalan, Zaqatala, Şəki, Gəncə, Göyçay, Oğuz, Göygöl, Sarıbaş(Qax), Xınalıq, Şahdağ, Mingəçevir, Balakəndə şimşək çaxır, arabir leysan xarakterli yağış yağıb. Bölgələrdə yağıntılı hava davam edir.

Ana səhifəBölgəYağış yenə bölgələrdə fəsadlar yaratdı