”Yağış yağanda binanın ətrafı çirkab sularla dolur, keçilməz olur”

Sakinlər bildirirlər ki, əvvəlkindən fərqli olaraq indi hamı işsizdir

Source:


Sakinlər bildirirlər ki, əvvəlkindən fərqli olaraq indi hamı işsizdir

“Kağız üzərində bu borular bəlkə də ildə iki dəfə “dəyişdirilir”, “təmir” olunur. Gerçəkdə isə 40 ildir ki, əl vurulmayıb. Binanın bloklarına üfunətdən daxil olmaq mümkün deyil. Mənzillərimizdə də otura bilmirik. İsti havalarda vəziyyət daha acınacaqlı olur, üfunətə yığışan həşəratlar evlərimizə doluşur. İstədiyimiz odur ki, üzü istilərə dərdimizə əncam çəksinlər”.

Bunu Meydan TV-yə Mingəçevirdəki Energetiklər qəsəbəsində yaşayan Qarabağ qazisi, 2-ci qrup əlil Yaşar Həsənov deyir.

Qəsəbə ötən əsrin 70-ci illərində Mingəçevirdə enerji sahəsində çalışalar üçün salınıb. Yaşar Həsənovun yaşadığı bina isə qəsəbədə ilk tikilən binadır. 1978-ci ildə inşa olunub. Bina sakinlərinin deməsinə görə, 40 ilin binasında heç vaxt təmir aparılmayıb, kommunikasiya xətləri yenilənməyib. Vaxtaşırı sakinlər özləri pul toplayaraq kanalizasiya xətlərində təmir işləri aparıblar:

“İndi buna imkan yoxdur. Adamlar işlərini, gəlir yerlərini itiriblər. Daha əvvəlki kimi heç kəs əlini cibinə apara bilmir. Yağış yağanda binanın ətrafı çirkab sularla dolur, keçilməz olur. Son ilyarımda vəziyyət daha da pisləşib. 2, 3 və 4-cü blokların arasındakı kanalizasiya boru partlayıb, bloklara daxil olmaq mümkün deyil. Mənzillərdə nəfəs çəkə bilmirik. Binada sağlam adam qalmayıb”.

Bina sakini Gülnaz Məmmədova deyir, yağış yağanda kanalizasiya suları binanın içərisinə dolur və pilləkənlər çirkab suyun altında qalır:

“Natəmizlikdən bloklar siçovullarla doludur. Yayda yenə dözülməz olacaq. “Sanepidemstansiya”ya (Sanitariya və Epidemologiya Stansiyası-red) zəng vururuq ki, gəlib dərmanlasınlar, tədbir görsünlər, xəstəliklərin qarşısını alsınlar, heç zənglərimizə cavab verən olmur”.

Sakinlər borunun dəyişdirilıməsi üçün dəfələrlə yerli icra hakimiyyətinə müraciət ediblər. Oradan onlara bildirilib ki, problemin aradan qaldırılması üçün Mənzil Kommunal Təsərrüfat Birliyinə tapşırıq verilib.

Mingəçevir şəhər İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, bir neçə gün əvvəl prezidentin Sərəncamı ilə şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün 12 milyon manat ayrılıb. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti həmin vəsaitlə şəhərin su və kanalizasiya xətlərinin yenilənməsi işlərini davam etdirəcəklər. Qeyd olunan ünvandakı problem də həllini tapacaq:

“Mingəçevirdə bu işlərin böyük hissəsi həyata keçirilib. Yerdə qalan hissəsi də yaxın vaxtlarda yekunlaşacaq. Şəhərdə istismar müddətini başa vurmuş kommunikasiya xətti qalmayacaq”.

Şəhərdəki Xətai küçəsindəki 14/2 saylı beşmərtəbəli binadan da şikayət var. Həmin ünvanda yaşayan sakinlər Meydan TV-yə illərdir ki, binanın dam örtyünün qəzalı vəziyyətdə qalmasından danışıblar. Onların sözlərinə görə, binanın dam örtüyü bərbad vəziyyətdədir deyə, qar və yağış yağanda mənzillərin içi su ilə dolur. Əziyyəti əsasən 5-ci mərtəbədə yaşayanlar çəkir. Onlar vaxtaşırı mənzillərini təmir etdirmək, divar kağızlarını ildə bir neçə dəfə dəyişmək məcburiyyətindədirlər.

Divarlar daim yaş olduğundan rütubətin qarşısını almaq mümkün deyil. Bina sakini Şəfa Mirzəyeva xeyir, özü astmadan, azyaşlı övladları isə revmatizmadan əziyyət çəkir. Yerli icra hakimiyyətindən bildirilib ki, binanın dam örtüyünə baxış keçiriləcək. Ehtiyac olarsa, dam örtüyü ya təmir ediləcək, ya da yerli-dibli yenilənəcək.

Ana səhifəXəbərlər”Yağış yağanda binanın ətrafı çirkab sularla dolur, keçilməz olur”