Yağış 75 milyon dollarlıq yolları belə yudu

Xırdalanın Mehdi Hüseynzadə küçəsində yaşayanların evlərindən çıxmaları bir, geri qayıtmaları ayrı dərd olub. Yağan hər güclü yağışdan sonra onların yolu dizəcən su ilə dolur. “Dərsdən gəlmişəm, amma bir də qayıtmalıyam, yenidən dərsim var. Uşağı evdə tək qoymuşam. Necə keçim? Qalmışam belə. İndi kaş buradan təsadüfən maşın keçə, minib gedəm. Belə olanda kanalizasiyaya görə suyumuz da gəlmir. Bura yığılan kanalizasiyanın çirkab sularıdır” -Xırdalan sakini Xəyalə Bayramova deyir.

“Indi bu küçənin başında çəkmələri çıxarıb, ayaqqabı geyib, gedəcəm mağazaya. Uşaqlar bu gün də məktəbə gedə bilməyiblər. Bu vəziyyət neçə gün çəkərsə, uşaqlar da o qədər məktəbə gedə bilməyəcəklər”,-Laçın Məmmədov deyir. Dərsə gedə bilməyən uşaqlardan biri də 7 yaşlı Esmadır. O, artıq bir aydır, nəmişliyin ayaqlarında səbəb olduğu revmatizmdən müalicə alır deyə evdən çıxmır. “Yağış yağan gün evim, bax, bu hala düşür. Su verir, qapılardan su tökülür, divarların hamısı su. Ayağını yerə qoyub yeriyə bilmirsən.

Mən 60 yaşlı qadın yeriyə bilmirəmsə, bəs o körpə necə etsin?”-Esmanın nənəsi Maral Hacıyeva deyir. Xırdalan şəhərində içməli su və kanalizasiya sisteminin yaxşılaşdırılması üçün 2014-cü ildə Azərbaycan hökuməti və Səudiyyə İnkişaf Fondu arasında Kredit sazişi imzalanıb. 75 milyon dollarlıq layihədə Xırdalan şəhərinin kanalizasiya sistemindəki işlərin 2019-cu ildə bitməsi planlaşdırılıb. Bu sövdələşmədən elə Xırdalan sakinləri də xəbərdardır: “Özüm də oxumuşam. Deyilib ki, kanalizasiya, su sisteminə vəsait ayrılıb.

Bəs o pul hanı? Guya keçən ildən bəri işlər görülür. Hələ heç bir nəticə yoxdur”-Xəyalə Bayramova deyir. Abşeron rayonun digər bir ərazisi – Masazır qəsəbəsində də vəziyyət fərqli deyil. “Yağış yağanda da, yağmayanda da burada gölməçə olur. Kanalizasiya sularıdır, yuxarı məhəllənin kanalizasiya suları.

Hamısı gəlib tökülür bura. İndi içəri keçsən, orada da eyni vəziyyətdir”-Masazır sakini Ayna Əmiraslanova deyir. Abşeron rayon İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımzadə deyir ki, hər iki ərazidə suyun çəkilməsi ilə bağlı tədbirlər həyata keçirilir: “Bizim kanalizasiya sistemi tam işə düşəndən sonra bu cür subasma halı bir də baş verməyəcək. Hazırda iş gedir, Xırdalan şəhərində kanalizasiya xətləri çəkilir. Masazır qəsəbəsində isə kanalizasiya xətti yoxdur. Yağan yağışdan müəyyən su əmələ gəlib, amma o suyun ərazidən uzaqlaşdırılması ilə bağlı işlər görülür”.

Masazır sakini Ayna Əmiraslanovanın sözlərinə görəsə, Abşeron rayon İcra Hakimiyyətindən onlara deyilib ki, planda yaşadıqları əraziyə kanalizasiya xəttinin çəkilməsi yoxdur. Yağan yağışlar təkcə Abşeron rayonunda deyil, Bakının bir sıra qəsəbələrində də oxşar vəziyyətə səbəb olub: kanalizasiya dolub daşır, yollar sudan keçilməz olur.

Ana səhifəVideoYağış 75 milyon dollarlıq yolları belə yudu