Vahid Məhərrəmov: ”Təbiət hadisələri bu sahənin sığortalanmasını aktuallaşdırır”
“May çox sərt keçdi. Dolu, şiddətli leysanlar məhsulu məhv elədi. Ən çox da gilası məhv etdi”, – Meydan TV-yə Qubanın Ərməkiqışlaq kəndinin sakinləri belə deyib.
Şimal bölgəsində aramsız yağan yağış Xaçmaz və Qubanın başqa kəndlərində də təsərrüfatlara ciddi zərər vurub. Sakinlər gəlirlərinin meyvəçilikdən çıxdığını deyirlər. Əkib-becərib satır, bunun pulu ilə bir il dolandıqlarını söyləyirlər. Ancaq onlar builki məhsuldan əllərini üzüblər.
“Kəndlinin başqa qazancı hardan olmalıdır ki? Maldarlıq da var, ancaq əsas gəliri meyvədən götürürdük. Xüsusən də axır vaxtlar daha çox gilas əkirdik. Əksər insanlar alma bağlarını seyrəldib gilas əkininə keçib. O da ki, çox həssas meyvədi. Bu il bir neçə dəfə dolu yağdı, gilasın “evi yıxıldı””, – deyirlər.
“Çəkdiyim xərcim də batdı, özüm də… Leysan və dolu təsərrüfatlarımızı məhv elədi. Adamların taxıl sahələri əldən gedib. Meyvəçiliklə məşğul olanlar da bu mövsümdə məhsuldan əllərini üzməli oldular. Kreditlə, borc-xərclə ək, od qiymətinə dərmanını al… Sonra da əlindən uçub getsin”, – bu sözləri isə Azadlıq Radiosuna Qubanın Aydınkənd sakini Adışirin Qafarov deyib. O, mayın 16-da yağan dolu meyvə bağlarına və taxıl sahələrinə zərər vurduğunu söyləyib.
Təbiətin şıltaqlığı imkan versəydi, Adışirin Qafarov həyətindəki 300-ə yaxın gilas ağacından götürəcəyi məhsulu Rusiya və yerli bazarlara çıxaracaqdı:
“Ancaq olmadı, bu il məhsul çox az olacaq. Heç çəkdiyim xərci götürəcəyimə də inanmıram”.
Mayın 21-i gündüz saatlarında Göyçay rayon mərkəzinə də leysan yağışı, kəndlərə isə dolu düşüb.
Dolu və qasırğa rayonun təsərrüfatına ziyan vurub. Sakinlərdən Niman Əsgərov deyib ki, əsas ziyan meyvə-tərəvəz və taxıl sahələrinə dəyib.
“Kəndlərdə bir sıra həyətyanı sahələri su basıb, meyvələr, yarpaqlar tökülüb, taxıl zəmilərini su basıb”.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov da deyir ki, son zamanlar baş verən təbiət hadisələri bölgələrdə kənd təsərrüfatına ciddi ziyan vurub. Ekspert bildirir ki, dəyən zərər bu sahənin sığortalanmasını bir daha aktuallaşdırır:
“Uzun müddətdir hökumət bu istiqamətdə problemlərin tezliklə aradan qaldırılacağını, yeni təkliflər, sənədlər hazırlanacağını vəd etsə də, məsələdə hələ bir yenilik yoxdur. Proses uzandıqca fermerlərin, kəndlilərin sığorta şirkətlərinə inamı da azalır. Həm də Azərbaycanda reallıq budur ki, kim güclüdür, o da qalib gəlir. Burada söhbət maliyyə gücündən, hüquqi institutların xidmətindən yararlanmaq üstünlüyündən, qeyri-formal statusdan gedir”.
Vahid Məhərrəmov deyir ki, Azərbaycan fermerlərinin maliyyə durumu, hüquqi, iqtisadi bilgisi zəifdir, tərəflər arasında yaranan mübahisəli məsələ məhkəmə müstəvisinə çıxarılarsa onlar haqlı olduqlarını subuta yetirə bilməyəcəklər:
“Qanunlar isə mücərrəddir. Azərbaycanda qanun və qaydalar, sığorta şirkətinin və fermerlərin hüquqi vəzifələri, tərəflərin öhtəlikləri tam aydın şəkildə yenidən işlənməlidir”.
Kəndlilərin zay olmuş məhsulu ilə bağlı açıqlama verən Kənd Təsərrüfatı Nazirliyi yalnız sığortası olan sahələr təbii fəlakətdən zərər çəkdikdə onlara dəymiş zərər hesablanır və ödənilir – deyə bildirib.
Son 3-4 ildir ki, Xaçmaz və Quba kəndliləri almadan savayı gilas bağlarının sahəsini də artırıb. Onlar bunu gilasdan gələn gəlirin daha çox olması ilə əlaqələndirirlər. Əsas gəlirlərinin meyvəçilikdən çıxdığını söyləyirlər.
Şimal bölgəsində yetişdirilən gilas və alma yerli bazarlarlarla yanaşı, Rusiya Federasiyasının satış mərkəzlərinə də göndərilir.