”Heydər Əliyevin çevriliş yolu ilə hakimiyyətə gəldiyini yazdığım üçün işdən çıxarılmışam”
Fəlsəfə və Hüquq İnstitutunun Siyasi (FHİ) nəzəriyyələr şöbəsinin əməkdaşı, fəlsəfə elmləri doktoru Yadigar Türkel işdən azad olunmasıyla bağlı Yasamal Rayon Məhkəməsində iddia qaldırıb.
Bu barədə Meydan TV-yə danışan Yadigar Türkel hesab edir ki, o, qanunsuz olaraq işdən çıxarılıb: “Mən üzləşdiyim qanunsuzluqla bağlı martın 10-da Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirəcəm. İddiama isə Yasamal Rayon Məhkəməsində baxılacaq”.
Yadigar Türkel işdən azad edilməsinin səbəbinin institut rəhbərliyinin izah etdiyi şəkildə olmadığını iddia edir: “Guya mən bütün günü işə gəlməmişəm. Halbuki, mən həmin gün arxivdə işləmişəm. Səhəri günü institutun direktoru İlham Məmmədzadə televiziyada başqa açıqlama səsləndirdi ki, mən Aleksandr Şepotyevin Azərbaycanın geopolitika tarixində çox böyük önəmi olan “Doklad o spornıx Kavkazskix territoriyax, na kotorıe imeet prava Azerbaydcanskie Tyurki” kitabında Heydər Əliyevin 1993-cü ildə çevriliş yoluyla hakimiyyətə gəldiyini qeyd etmişəm. Bəli, kitabda bu qeydlər var. Qeyd belədir: “Azərbaycan türklərini müsəlman, Azərbaycan müsəlmanları, tatarlar, qafqaz tatarları adlandırılması doğru deyil. 1993-cü ildə çevriliş yoluyla hakimiyyətə gələn Heydər Əliyev gərəksizcə adımızı dəyişərək imperiya siyasətini yerinə yetirdi”. Görürsünüzmü, direktor İlham Məmmədzadə əvvəl işdə olmadığımı, sonra isə buraxdığım kitabdakı mətni əsas gətirib. Bəli, mən elə bir kitab dərc etdirmişəm və haqlı olduğumu düşünürəm. Əgər bu barədə yalan danışsam, gələcək nəsillərin məni tarixi saxtalaşdırmaq ittihamına hədəf olaram”.
Yadigar Türkel bildirib ki, martın 4-də direktor institut əməkdaşlarını toplayaraq onu “xalq düşməni” elan edib: “Bundan əlavə, doktorluq diplomunun alınmasını qaldırır, işçilər də bunu səsvermə ilə təsdiqləyir”.
Yadigar Türkel AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri, hüquqşünas alim Hacı Xaliq Bəşərin
(http://www.moderator.az/news/125082.html)
onun barəsində söylədiklərinin doğru olmadığını deyir: “Hacı Xaliq Bəşərin haqqımdakı ittihamları oxuduqca, bu adamın psixiatr Nadir İsmayılovluq olduğu qənaətinə gəlmiyə bilmirsən. Əvvəla, işdən çıxarılmazdan əvvəl məni yalnız direktor İlham Məmmədzadə qəbul edən zaman Hacı Xaliq Bəşər kabinetə daxil olub “onu işdən qov” deyə bildirib. Guya mən təhqiramiz ifadələr işlətmişəm, belə hadisə olmayıb. İlham Məmmədzadə mənə töhmət verəcəyini deyib, ancaq “ni imeyiş pravo” deyə onun ana dilində cavab vermişəm. Təsəvvür edirsiniz, bu adam mənim kitabda yazdıqlarıma görə 12 il azadlıqdan məhrum olunacağım barədə tələb qoyacağını deyir”.