Yad adam üçün təqaüdünü yığan tələbə

1000 manat gətirib, dedi ki, bu pul Saraya daha çox lazımdır

Source:



Bir tərəfdə Saranın anası, digər tərəfdə xanımın valideyini kövrəldilər, bir-birlərinə ürək-dirək verdilər. Xanıma dedim ki, məbləğ böyükdür, özünüz də tələbəsiniz, heç olmasa bir qismini öz xərcləriniz üçün saxlayın. O isə söylədi ki, atam bizim xərclərimizi qarşılayır, bu mənimlə bacımın tələbə təqaüdlərimizdir. Saraya kömək etmək üçün yığmışıq, bu pulun ona daha çox faydası olacaq.

Sara xərçəng xəstəliyindən əziyyət çəkirdi. İki ildə saysız kimyaterapiya qəbul etmişdi. O, fiziki olaraq əldən düşmüşdü. Ailənin maddi vəziyyətinin ağır olması Saranın müalicəsini qarşılamağa mane olurdu. Saranın terapiyalarının ikisini bir xanım həkim qarşılamışdı, ancaq xahiş etmişdi ki, heç kəs bilməsin, sonra işinə problem yarana bilər. Təəccüblü deyil. Hər şey kimi bizim ölkəmizdə yardımlaşmaq da monopoliya altındadır. Sən kimsən ki, ölkədə Heydər Əliyev Fondu, nazirliklər dura-dura kiməsə kömək edirsən? Olmaya özünü bizdən yaxşı hesab edirsən?!

Saranın vəziyyəti ilə bağlı dostları məlumatlandırdıq, onunla keçirdiyim vaxtlarda çəkdiyim bir neçə fotonu paylaşdım, qısa vaxtda insanlar yazmağa, maraqlanmağa başladılar. İnsanlarımızın bu yaxınlığı, səmimiyyəti mənim bir çox şeyləri yenidən düşünməyimə səbəb oldu. Hər halda yardım edən insanların adlarını tək-tək xatırlaya bilməyəcəyəm, ancaq bəzilərini və hekayələrini qeyd etməkdə yarar var.

Yardım kampaniyasının davam etdiyi günlərdə bir xanım kömək üçün əlaqə saxladı. Vaxt və yer təyin edib, görüşdük. Xanım gənc universitet tələbəsi idi, anası ilə birlikdə gəlmişdi. Bir az ayaqüstü söhbətləşdik, paketdə mənə min manat təqdim etdilər ki, ailəyə çatdırım. Şəffaflıq üçün ailə ilə telefon elaqəsi yaratdım ki, heç kəsin ürəyində xal qalmasın.

Bir tərəfdə Saranın anası, digər tərəfdə xanımın valideyini kövrəldilər, bir-birlərinə ürək-dirək verdilər. Xanıma dedim ki, məbləğ böyükdür, özünüz də tələbəsiniz, heç olmasa bir qismini öz xərcləriniz üçün saxlayın. O isə söylədi ki, atam bizim xərclərimizi qarşılayır, bu mənimlə bacımın tələbə təqaüdlərimizdir. Saraya kömək etmək üçün yığmışıq, bu pulun ona daha çox faydası olacaq.

Ona başqa kömək edənlər də oldu. Xarici ölkələrin birində Azərbaycan səfirliyinin bir əməkdaşı, Diplomatiya Akademiyasının akademiklərindən biri, Xəzər Universitetinin kollektivindən bir xanım…Bu üç insanı xüsusi qeyd etməyimin səbəbi odur ki, bu insanlardan biri hazırda özü xərçənglə mübarizə aparır. Digəri qardaşını xərçəng xəstəliyindən itirib, bir başqası isə atasını…

Düzdür, onlarla bu haqda uzun-uzun danışa bilmirdim, özləri ötəri danışırdılar, mən də dinləməklə kifayətlənirdim. Onlar həm maddi-mənəvi Saraya dəstəklərini göstərdilər, həm də hər fürsətdə onun səhhəti ilə bağlı maraqlanırdılar.

Sara yoldaşından ayrılıb, iki məktəbli övladı ilə anası Tamara xanımla yaşayırdı. Oğlu Raufun gözləri yaxşı görmürdü. Afaq adlı xanım həm Saraya kömək göstərdi, həm də oğlu Raufun gözlərinin müalicəsini öz üzərinə götürdü. Sara və anası insanların bu yardımları qarşısında həm sevinir, həm də minnətdarlıqlarını necə ifadə edəcəklərini bilmirdilər.

Bu insanlar Saraya komək edənlərin az bir qismidir. Həm ölkə daxilindən, həm də xaricdən vətəndaşlarımız öz yardımlarını göndərirdilər. Belə yardımlaşma mədəniyyəti, insanların bir-birlərinə olan inamı indi yaşadığımız mühitdə çox dəyərlidir, lakin kifayət deyil. Cünki bu müddət ərzində başqa insanlar da öz xəstələri haqqında yazıb, yardım istəyirdilər.

Bu nə tək mənim, nə də digər insanların fərdi olaraq, öhdəsindən gələ biləcəkləri şey deyil. Vətəndaşlarımızın lazımi səhiyyə və digər sosial xidmətlərlə təmin edilməsi ilkin olaraq dövlətin vəzifəsidir. Yox, əgər bizim səhiyyə sistemimiz vətəndaşların aldadılması və istismar edilməsi ilə məşğul olmağa davam etsə, daha çox ailələr bundan əziyyət çəkəcək. Bizlər isə bu vəziyyət qarşısında çarəsizliklə baxmalı olacağıq.

Başımıza gələn böyük fəlakətlər, xəstəliklər bizi sahib olduğumuz dəyərləri bir daha nəzərden keçirməyə sövq edir. Belə vaxtlarda gerçəkdə kim olduğumuzu, həyatımızın xoş günlərində bağlı qaldığımız dəyərlərə nə qədər sadiq olduğumuz ortaya çıxır.

İllərdir Azərbaycanda mövcüd olan korrupsiya, yalan, riyakarlıq mühiti insanların bir-birlərinə, idarəetməyə olan inamını kökündən sarsıdıb. Cəmiyyətdə həm fərdlər arasında, həm də sosial institutlara olan inamın itməsi hər birimizin böyük zərər görməsinə səbəb olur.

Bütün bu haqsızlıqların tüğyan etdiyi, vətəndaşın həm məmurlar, həm də bir balaca imkanı olan digər vətəndaşlar tərəfindən addımbaşı aldadılması, alçaldılması cəmiyyətin gələcəyinə olan kiçik sadəlövh ümidləri də məhv edir. Belə bir mühitdə inamdan, etibardan danışmaq çoxlarına gülünc gəlir. Tam qanunsuzluq mühitində hər kəs bacardığı qədər istismar etməyə, başqasının haqqı olanı mənimsəməyə çalışır. Hələ sonra həyasızcasına bir də “ bacarana can qurban” deyirlər.

Sara keçən ilin oktyabr ayında vəfat etdi. Saranı və ailəsini ən çox istismar edən xəstəliyin ciddiyəti qarşısındakı acizlikləri deyil, daha çox səhiyyə qurumunun, həkimlərin hər dəfə onun xəstəliyi ile bağlı fərqli diaqnozlar qoyması oldu. Artıq onlar kimə və nəyə inanacaqlarını bilmədən, səssizcə bu əzabın bitməsini gözləyirdilər. Tək ehtiyac duyduqları inam və doğrular idi, bunu isə onlara nə səhiyyə qurumları, nə də həkimlər verdi.

Bu yalan, saxtakarlıq, inamsızlıq mühitində Sara tanımadığı insanlardan dəstək gördü, bütün ağrılarına baxmayaraq bu insanlar onun yaşadığı son günlərində insanlığa olan inamını qorudular.

İnamın, insana olan bu hissin nə qədər vacib olduğunu Saranın xəstəliyi vaxtı onunla keçirdiyim o günlərdə daha çox anladım.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəYad adam üçün təqaüdünü yığan tələbə