Ya ixtisar, ya aşağı əmək haqqı?

SOCAR-ın əməkdaşları prezidentə müraciət edirlər

Source:


SOCAR-ın əməkdaşları prezidentə müraciət edirlər

“SOCAR strukturuna daxil olan idarə və müəssisələrdə işçilərin vəzifə dərəcələri aşağı salınır. Onlara hədə-qorxu gəlinərək, yeni əmək müqaviləsinə qol çəkmələri istənilir. Bu halda, işçinin əmək haqqı da azaldılır”.

Bu sözləri Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyir.

Onun sözlərinə görə, SOCAR gah istehlakçı hüquqlarını pozub əhaliyə qaz vermir, işçilər üçün təhlükəsiz iş şəraiti yaratmır, onların ölümünə bais olur, gah da işçiləri qeyri-qanuni işdən azad edir:

“İndi də onların vəzifə dərəcələrini aşağı salmaqla əmək haqlarını azaldır. Elə də yüksək əmək haqqı vermir. İndi verdiklərini də kəsmək istəyirlər. İslam oyunları ərəfəsində neftçilərə məcburi ərizə yazdırıb onların əmək haqqının aşağı salınması siyasəti kimin ideyasıdır?”, – deyə sual edir Mirvari Qəhrəmanlı.

Əmək Məcəlləsinin 43-cü maddəsinin 4-cü bəndində deyilir ki, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Həmin qanunun 69-cu maddəsinin 7-ci bəndinə görə, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Bu hüquqları pozan işəgötürən cəzalanmalıdır.

İşçilər də bildirirlər ki, SOCAR onlara vəzifə dərəcələrinin aşağı salınması ilə əlaqədar məcburi ərizə yazdırır. Bununla da əmək haqları azaldılır.

Mirvari Qəhrəmanlı deyir ki, hər hansı bir layihə, proqram həyata keçirilərkən insanların sosial vəziyyəti əvvəlkindən aşağı vəziyyətə düşməməlidir:

“Bu, mütləqdir! İndiki halda isə SOCAR  insanların onsuz da ağır olan sosial vəziyyətini ağırlaşdırmaq istəyir. Niyə?”

Mirvari Qəhrəmanlı – Foto: Sosial Şəbəkə

Nefçilər, eləcə də 28 May adına NQÇİ-nin işçiləri  SOCAR rəhbərliyi tərəfindən vəzifə dərəcələrinin aşağı salınması və buna görə əmək haqlarının azalması ilə əlaqədar ölkə başçısına və birinci vitse-prezidentə ərizə ilə müraciət ediblər:

“SOCAR rəhbərliyi tərəfindən verilən ədalətsiz göstəriş əsasında əmək haqlarımız azaldılır. Prezidentə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya demək istəyirik ki, bizə kömək etsinlər. Bu ədalətsizliyi edənləri cəzalandırsınlar”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün SOCAR-la əlaqə saxlayıb. Şirkətdən bununla bağlı açıqlama yaydıqlarını, işçilərin əmək haqlarının azaldılmasının nəzərdə tutulmadığını deyiblər:

“Dövlətimizin beynəlxalq aləmə inteqrasiya prosesinə dəstək olaraq, şirkətimiz də öz fəaliyyətini beynəlxalq standartlara uyğun qurur. Artıq qlobal şirkətə çevrilən SOCAR tabeliyində olan təşkilatlarla birlikdə, hər bir sahədə olduğu kimi, əməyin qiymətləndirilməsi və ödənilməsi sisteminin də günün tələblərinə cavab verməsini hədəfləyir. Bir müddətdir ki, SOCAR-da əməyin təşkili və normalaşdırılması üzrə şirkətdaxili yeni normativ sənədlərin hazırlanması, mövcud sənədlərin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmadan beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədi ilə layihə qrupu yaradılıb”.

SOCAR foto sosial şəbəkə

Məlumatda bildirilir ki, layihə planına görə, ilk növbədə, “Azneft” İB-nin idarəetmə aparatındakı işçilərin vəzifə standartları hazırlanıb və ötən ildən etibarən bu standartların tətbiqinə başlanılıb.

“Yeni standartlara uyğun olaraq, hər bir vəzifə üzrə iş analizləri aparılıb və işçilərin faktiki tutduğu vəzifələrin beynəlxalq standartlara uyğunluq dərəcəsi müəyyən edilib. Məlumat üçün bildirək ki, işçilərə yeni standartlar üzrə yenidən əməyin ödənilmə dərəcəsi və vəzifə maaşı hesablanıb. SOCAR rəhbərliyi əməkdaşlarının sosial rifahının, heç bir halda, aşağı düşməsini məqbul saymadığı üçün yeni vəzifə standartlarının tətbiqi nəticəsində əməyin ödənilmə dərəcəsində azalma olan hər bir əməkdaşın maaşını, müvafiq qaydada, kompensasiya edəcək. Beləliklə, əməkdaşlarımızın yeni ştat cədvəlləri həm beynəlxalq standartlara cavab vermiş olacaq, həm də heç bir işçimiz bu prosesdən zərər görməyəcək”.

Ana səhifəXəbərlərYa ixtisar, ya aşağı əmək haqqı?