”Ya intihar eləməliydim, ya da ifadəyə qol çəkməliydim”

“Bandotdel”də AzTV rəhbərinə görə işgəncə iddiaları

Source:

Arif Alışanov
Arif Alışanov


“Bandotdel”də AzTV rəhbərinə görə işgəncə iddiaları

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) sədri Arif Alışanov, onun qızı Nigar Alışanova və bacısı oğlu Dəyanət Cəfərovu öldürməyə cəhddə ittiham olunaraq məhkəmə qarşısına çıxarılmış şəxslər deyirlər ki, onları şərləyiblər. Sui-qəsddə təqsirləndirilən şəxslərin sözlərinə görə, ittihamda yazılanları təsdiqləmələri üçün DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində işgəncələrə məruz qalıblar. Onlar aprelin 20-də məhkəmədə ifadə verərkən bu barədə danışıblar.

Təqsirləndirilən Zöhrab Şirinov bildirib ki, iş materialları arasında onun evində axtarış aparılmasına razılıq verməsi barədə ərizəsi var. Həmin ərizəyə o, işgəncə altında qol çəkib:

“Evimə baxış keçiriləndə mən “bandotdel”də olmuşam. Məni yanvarın 14-də ora aparıblar, bir də 29-da axşam çıxarıb Kürdəxanıya (istintaq təcridxanasına) gətiriblər. O da ona görə oldu ki, qardaşım prokurorluğa teleqram vurmuşdu. Ertəsi gün yenə “bandotdel”ə qaytardılar, Mehman adında bir vəkil verdilər. O vəkil də mənim əleyhimə nə qədər sənəd var idisə, hamısına qol çəkirdi. Müstəntiq deyirdi ki, onsuz da vəkilin qol çəkib. Sənin nə yazmağının əhəmiyyəti yoxdur”.

A.Alışanovla heç bir qəsd-qərəzi olmadığını söyləyən Z.Şirinov bildirib ki, onu və yaxınlarını öldürməyə cəhd etməsi barədə yazılanların hamısı yalandır. Onun sözlərinə görə, etirafedici ifadələrə işgəncələr üzündən imza atıb:

“Ya intihar eləməliydim, ya da ifadəyə qol çəkməliydim. Başqa yolum yox idi. Qol çəkməsəydim, indi burada ayaq üstə dayana bilməzdim. Onurğa sütunum döyülməkdən nə günə qalıb. Məhkəmə də eyni yolu tutub, istintaqdakı kimi gedir. Hamımız bilirik ki. axırı necə olacaq. Əgər məhkəmə də ədalətsiz olsa, o göydəki Allaha and olsun, özümə qəsd edəcəm. Səbəbini də əvvəldən yazıb qoyacam. Sabah kimsə deməsin ki, xəstəlikdən ölüb”.

Təqsirləndirilən Qoçalı Cəbiyev də işgəncələr nəticəsində daxili orqanlarının zədələndiyini, həyat yoldaşının əsəb sarsıntısından öldüyünü söyləyib: “Arvadımı onlar öldürdülər”.

Təqsirləndirilən şəxslər məhkəmə tərkibinə etiraz ediblər. Yazılı etirazlarında qeyd ediblər ki, Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər heyəti bu işin nəticəsində maraqlıdır, ona görə də prosesi qərəzli aparır, onların vacib vəsatətlərini təmin etmir.

Vəsatət baxılmamış saxlanılıb.

Təqsirləndirilən şəxslər həmçinin zərərçəkmiş qismində tanınan Arif Alışanovun şəxsən özünün məhkəmədə iştirakını tələb ediblər. AzTV sədrinin vəkili Zaur Abbasov bildirib ki, o, Alışanovu təmsil edir və bu, kifayətdir. Lakin təqsirləndirilən şəxslər razılaşmayıblar.

Hakim bildirib ki, digər zərərçəkmişlər dindiriləndən sonra Arif Alışanov və qızına da çağırış vərəqəsi göndəriləcək. Gəlməsələr, bu barədə vəsatətə baxıla bilər.

Məhkəmə mayın 4-də davam edəcək.

İttihama əsasən, təqsirləndirilən şəxslərdən Şücayət Əkbərov Şamaxı və Kürdəmirdə torpaq sahələri almaq adı ilə A.Alışanovdan bir neçə dəfəyə ümumilikdə 5 milyon manatdan çox pul alıb. Həmin əmlakların bir qismi Alışanovun sürücüsü və başqa yaxınlarının adına keçirilsə də, bəziləri qalıb. Alışanovun pulunu və əmlaklarını mənimsəmək məqsədilə onu öldürmək qərarına gəlib, adamlar toplayıb.

Şücayət Əkbərovun sui-qəsd məqsədilə pul müqabilində ətrafına yığdığı tanışları arasında indi müttəhimlər kürsüsündə olan Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovdan başqa, Müsabi Namazovun da adı çəkilir. İş materiallarında yazılıb ki, Namazov sonradan planı icra etməkdən imtina edib və bu barədə hüquq-mühafizə orqanlarına şikayət edib. Ona görə də M.Namazov cinayət məsuliyyətindən azad olunub.

Təqsirləndirilən şəxslər isə ittihamları qəbul etmir və Alışanovun onları şərlədiklərini bildirilər. Şücayət Əkbərovun sözlərinə görə, şərlənməsinin səbəbi isə Alışanovun Şamaxıya özü ilə gətirdiyi gənc qızlardan birini öldürülməsi faktını bilməsidir: “Məni bu yolla təcrid edib susdurmaq istəyir”.

AzTV sədrinin vəkili isə gənc qızın ölümü ilə bağlı söylənilənlərin cəfəngiyyat olduğunu bildirib.

Ana səhifəXəbərlər”Ya intihar eləməliydim, ya da ifadəyə qol çəkməliydim”