“Birinci devalvasiya möhkəm sütünları laxlatdı, ikincisi isə çöküşə səbəb oldu”
Devalvasiyadan sonra ölkədəki vəziyyəti hər kəs bilir. Azərbaycanda demək olar bütün sahələrdə, strukturlarda ciddi maliyyə problemi yaşanır. Bəs belə durumda idman mətbuatının durumu necədi? İdman saytları, qəzetləri necə dolanır, fəailiyyətlərini davam etdirmək üçün nələrə qatlanır? Komanda.az saytı idman jurnalistləri arasında sorğu keçirib.
“Birinci devalvasiya möhkəm sütünları laxlatdı, ikincisi isə çöküşə səbəb oldu”
Ceyhun Əzizli, “Aut.az” saytı:
“Saytımızın maliyyəsi demək olar ki, yoxdu. Reklam müqaviləmiz yalnız “Qarabağ” klubuyladı, bu da hələ ki, qarşılıqlı müqaviləmizə təsir etməyib. Vəziyyətimiz acınacaqlıdı. Çıxış yolu da görmürəm. Ümumiyyətlə, ümidim kəsilib. Çünki futbola milyonlarla pul ayrılanda həmin pulun 80 faizini yeyib dağıtdılar, indən belə də futbola elə sərmayələrin yatırılmasını ağlım kəsmir. Ayırsalar belə, əvvəllər o pulu yeyənlər, yenə də o pulları “siləcəklər” və idman mətbuatına da heç nə ayırmayacaqlar”.
Kənan Məstəliyev, “Rekord.az” saytı:
“Təsirini üzərimizdə yaxşıca hiss etmişik. Etiraf edim ki, bəzi ixtisarlara – istər heyət, istərsə də məvacib baxımından – getməyi düşünürük. Bunu qabaqlama tədbiri kimi də qəbul edə bilərsiz. Çünki indi edib, qarşıdakı daha bir devalvasiya zamanı çaş-baş qalmaq istəmirik. Hər şeyə rəğmən, ümidimizi itirmirik. Dollara uduzacaq qədər zəif deyilik. Hazırki durumda idman saytlarında çalışanların yeganə çıxış yolu ikinci iş yeri tapmaqdı. Tərcüməçilik, dizaynerlik, fotoqraflıq… Bir sözlə, frilanserlik. İstənilən əlavə gəlir mənbəyi bu çətin dövrü arxada qoymaq üçün ciddi köməkdi. Başqa yol görmürəm”.
Elşən Məmmədov, İdman Araşdırmalar Mərkəzinin rəhbəri:
“Sportnet.az” saytı İdman Araşdırmalar Mərkəzinin layihəsidi və məqsədi biznes maraqları yox, ölkə idmanını və eyni zamanda rəhbəri olduğum mərkəzin fəaliyyətini təbliğ etməkdən ibarətdi. Əlbəttə, daha böyük işlər görmək olardı, amma maliyyə dəstəyinin məhdud olması nəzərdə tutduğumuz planların icrasına təsirsiz ötüşmür.
Tərəfdaşlarımızın üzləşdikləri maddi problemlər İAM-ın və dolayısı ilə “Sportnet.az”ın yeni əməkdaşlar cəlb etməsinə, kifayət qədər vəsait tələb olunan layihələri həyata keçirməyimizə çətinliklər yaradır. Bununla belə, daha çox güc sərf etməklə və fədakarlıqla vəziyyətdən çıxmağa çalışırıq. Bütün həmkarlarımızın problemlərindən xəbərdarıq və yaxın vaxtlarda elə idman jurnalistlərini bir araya gətirərək, çevik fəaliyyət göstərən, idman jurnalistikasının problemlərini müntəzəm müzakirəyə çıxararaq, müvafiq addımlar atmağı bacaran həmkarlarımızın yer aldığı Media Qrupu yaratmağı düşünürük”.
İxtiyar Əsgərov, “Apasport.az” saytı:
“Devalvasiyanın ailə büdcəsinə təsir etmədiyini söyləmək üçün ya gərək yaltaq olasan, ya da xalq artisti. Fərq aşkar büruzə verir. Sadə misal: aldığım maaşla bir il əvvəl təxminən 500 manat kredit ödəyirdim. Üstəlik, aylıq ərzaq, digər xərclərə də yetirdi. Amma indi təxminən 5 aydı kreditim qurtarıb. Bununla belə, aldığım maaş bir aya güclə çatır. Bir il əvvəl ərzaq üçün ayda təxminən 450-500 manat xərclənirdisə, indi təxminən 750 manat civarındadı. Üstəlik, dərmanların qiyməti qalxıb. Evdə üç uşaq varsa, ayda ən azı iki dəfə aptekə baş vurursan. Çox misal çəkməyə ehtiyac yoxdu. Devalvasiya ailə büdcəsinə ciddi təsir edir. Çıxış yoluna gəlincə, hələ “yatırıq”. Palaza bürünüb sürünürük, harda qırılar-qırılar. Həmçinin devalvasiyanın işə də təsiri var. Etiraf edim ki, devalvasiya o dərəcədə təsir edib ki, hansısa xəbəri, müsahibəni redaktə edəndə belə, gözümün qarşısına qiymət artımları gəlir. Tam gücümlə təyinatı üzrə çalışa bilmirəm. İstər-istəməz bahalaşma işə də təsirini göstərir”.
Emin Səfərov, “Sport7.az” saytı:
. Son müşahidələr göstərir ki, maddi dayaqları yox dərəcəsində olan idman mediası bunun altından sağ çıxa bilməyəcək. Reallıqla barışanlar da var, hələ də ümidli olanlar da. İndi ölkədə elə bir vəziyyət yaranıb ki, işıqlı sabaha ümid etmək olmur. İş o yerə çatıb ki, bareli 110 dollara olan vaxt neftdən bir qəpik xeyir görməyən camaat, indi “qara qızıl”ın bahalaşması üçün dua edir. Devalvasiyanın təsiri olsa da, çalışmaqdan başqa çarəmiz yoxdu. Əvvəl çıxış yolu kimi nəsə düşünürdüm, indi isə düşürəm…”.
Ürfan Məmmədli, “Çempion” qəzeti:
“Elektron informasiya vasitələrindən fərqli olaraq çap mətbuatı tamamilə xaricdə istehsal olunan məhsullardan hazırlanır. Bu o deməkdi bizim çap xərclərimiz təxminən 50 faiz artıb. Bu, devalvasiyanın bizə birbaşa vurduğu zərbədi. Amma iş bununla bitmir. Bizim iki gəlir mənbəyimiz var. Biri satışdan, digəri isə reklamdan. Hazırda bizim reklam partnyorlarımızın sayı sıfıra yaxınlaşıb. Reklamverənlər də böhran yaşadıqlarına görə reklamlarını dayandırmaq məcburiyyətində qalıblar. Yəni devalvasiya bizim gəlir mənbəyimizin birini tamailə “qurutmaq” üzrədi. Ərzaq məhsullarının qiymətinin kəskin artması isə oxucularımızı büdcələrinə yenidən baxmağa məcbur edib. İndi onlar qəzetə verdikləri pulun bir hissəsini gündəlik təlabat mallları almağa sərf edirlər. Son bir ayda qəzetin satışında da geriləmə var. Bütün bunları cəmləsəz, devalvasiyanın bizim fəaliyyətimizə necə təsir etdiyini siz özünüz də aydın görə bilərsiz. İndi biz dövriliyimizi azaltmışıq – qəzetimiz həftədə bir dəfə çıxacaq. Bilirik ki, bu çıxış yolu deyil. Amma başqa yol da görünmür. Ölkə iqtisadiyyatında sabitləşmə gedərsə, çıxış yolu barədə düşünmək olar. Belə davam edərsə, aztirajlı qəzetlər fəaliyyətlərini dayandırmalı olacaqlar. Yuxarıda qeyd etdim ki, son bir ayda oxucularımızın sayı azalmaqdadı və deməli, bizim də tirajımız azalmağa doğru gedir. Hələliksə, dözə bildiyimiz qədər dözməyə çalışacağıq. Vəziyyətdən ümumi çıxış yolu isə artıq iqtisadi sualdı və buna iqtisadçılar daha düzgün cavab verə bilərlər. Mən təkcə onu deyə bilərəm ki, ölkədə bazar iqtisadiyyatı bərqərar olarsa, bazarın rəqabətinə dözənlər yaşayacaq, dözə bilməyənlər isə aradan çıxacaq. “Qəzetlər bazar iqtisadiyyatı şəraitində yaşaya bilərmi” sualına isə birmənalı cavab verə bilmərəm”.
Saleh Arslan, “Korner.az” saytı:
“İşimizə çox pis təsir edib. Xərclərlə reklam gəlirləri arasındakı tərs mütənasiblik böyük uçuruma çevrilib. Saytın əməkdaşları da sağ olsunlar, vəziyyəti anlayıb fədakarlıq rejiminə keçiblər. Hələ ki, kəməri beldə sıxıb davam edirik, amma bu gedişlə bir gün boğazda sıxmalı olacağıq”.
Mahir Rüstəmli, “Futbol+” qəzeti:
“Ciddi şəkildə təsir edib. Bildiyiniz kimi, qəzet istehsalı üçün zəruri olan bütün xammalı xaricdən, təbii ki, dollarla alırıq. Bu üzdən qəzetin maya dəyəri artıb. Hazırda bir neçə variant üzərində düşünürük. Qiymət artımından tutmuş dövriliyin və səhifələrin azaldılmasına, hətta ixtisarlara qədər…”.
İlkin Vaqifoğlu, “Sportinfo.az” saytı:
“Devalvasiyanın fəsadlarını çəkməyən yoxdu. Bütün sahələri çökdürüb. Bu dəqiqə Bakıda hara baxırsan, «icarəyə verilir» yazılıb. Fikrimcə, devalvasiya ən çox elə idman mediasına mənfi təsir edib. İaşə obyektlərinin sahibləri kiminləsə anlaşıb, icarə haqqı almaq imkanına malikdi. Bəs biz? Saytımızı icarəyəmi verək? Çox çətin vəziyyət yaranıb. Ötən ilin fevralında baş verən devalvasiyanın şokunu hələ üzərimizdən ata bilməmişdik, ikincisi… Elnən gələn yas toy-bayram olar. Ancaq belə də yox da… Nəinki stimul, heç onun «s» hərfi də yoxdu. Söhbət tək bizdən getmir. Digər elektron media orqanları da bu vəziyyətdədi. Əksəriyyəti de-fakto fəaliyyət göstərmir. Elə yalan-palandan. Qazanmaq bir yana, xərc borcu ödəmir. “Sportinfo.az”da 3-ü daimi, 2-si kənar işçi olmaqla, 5 nəfər çalışır. Redaksiyanın saxlanma və kommunal xərclərini də bura gəlsək, ciddi bir rəqəm alınır. Havalı adam necə olar, bax, o vəziyyətdəyik. Nəzərə alsaq ki, reklam bazarı əvvəlcədən də zəif idi, indiki mərhələdə adamın nəyəsə gümanı gəlmir. Ümid yoxdu. Varsa da, çox zəifdi. Bunadək reklam bazarında 6-7 klub aktiv iştirak edirdi. Artıq bir neçəsi canını tapşırmaq üzrədi. Qalanları da çabalayır.
16 ildi mətbuatdayam, hələ belə situasiya ilə qarşılaşmamışam. 2000-in əvvəllərində də vəziyyəti heç bu qədər dramatikləşməmişdi. Gün gündən ağır gəlir. Nəhəng media-holdinqlərin tərkibində fəaliyyət göstərən, ayrı-ayrı nazirlərə, oliqarxlara bağlı idman saytları bir müddət duruş gətirəcək, müstəqil çalışan jurnalistlərin, orqanların bu gündən sabaha ümidi qalmayıb. İçi biz qarışıq. AFFA bir il öncə bəyan etmişdi ki, qurumun tərkibində Mətbuat Komitəsi yaradılacaq. Elxan Məmmədov şəxsən özü demişdi. İndiyədək bu məsələ həyata keçməyib, quru söz olaraq qalıb. 2004-cü ildən bəri AFFA-da iqtidar iki dəfə dəyişib, mətbuata ciddi bir köməkləri dəyməyib. Yəqin ki, Mətbuat Komitəsi yaradılsa, ora özlərinə yaxın adamları yığacaqlar, özlərinə yaxın media orqanlarına illik yardım göstərəcəklər. AFFA bu gün bir neçə elektron və yazılı mətbuat vasitəsinə reklam verir. 1000-2000 manat civarında. KİV dedikdə, AFFA yalnız onları anlayır. Biz AFFA-nın «bığının altından» keçmədiyimiz üçün fəaliyyətimizi dayandırmalıyıq ki… Tək özüm qalsam belə, saytı yaşadacam, inşallah! Bax, tufan onda qopacaq! AFFA-ya dəfələrlə müraciət etmişəm ki, AÇ-2020-nin təbliğat kampaniyasında təmənnasız iştiraka hazırıq. Üstündən xeyli keçib, cavab hələ gəlib çıxmayıb. Buna da ərinirlər. Odu ki, Mətbuat Komitəsi yaratsalar nə olacaq, yaratmasalar nə olacaq? Heç zad! Müstəqil media Allahın ümidinə qalıb”.
Asəf Zeynallı, “Dsport.az saytı:
“DSport.az” iki il idi ki, saytın təsisçisinin öz hesabına fəaliyyət göstərirdi. Yəni əksər saytlar kimi klublardan reklam almırıq. Noyabrın sonlarından etibarən vəziyyət gərginləşdi. Artıq iki aydı maaşsız çalışırıq. Saytımızdakı problem devalvasiyadan öncə yarandı. Məlum məsələdən sonra isə vəziyyətin düzələcəyinə demək olar ki, heç ümid yoxdu. Problemdən çıxış yoluna gəldikdə isə, ümumiyyətlə, idman jurnalistikasına nəzarət edən bir qurum yoxdu. AİJA (Azərbaycan İdman Jurnalistləri Assosiasiyası ) adlı təşkilat var, nə məzhəbə qulluq etdiyi bəlli deyil. Ancaq hər ilin sonunda diplom paylayır. Adam bilmir dərdini kimə desin. Ona görə də öncə idman jurnalistikasının dərdinə diqqət edən bir qurum yaratmaq lazımdı. Ki, məsələ qaldırsın, yuxarıların bu vəziyyətə diqqətini artırsın. Bundan əlavə, çıxış yolunu idman jurnalistlərin birliyində görürəm, halbuki o da yoxdu”.
İlqar Tağıyev, “Het-trik news” qəzeti:
“Əlbəttə, təsir etdi. Təsəvvür edin ki, devalvasiya elan edilən gün «plyonka»nı 50 faiz baha qiymətə aldım. Bundan başqa, kağız, dəftərxana ləvazimatlarının qiymətlərində də artım var. Əsas çətinlik çap xərcləri ilə bağlıdı. Doğrudu, qəzetin çap olunduğu mətbəə qiymətləri 50 deyil, təxminən 25 faiz artırıb. Bu da əlavə maliyyə itkisi deməkdi. Əslində, qiymət artımında kimisə qınaya bilmərəm. Çünki istər çapa qədər, istərsə də çap prosesində istifadə olunan ləvazimatların demək olar ki, hamısı xarici ölkələrdə istehsal olunur. O ki qaldı qəzetin pərakəndə satış qiymətinə və əməkdaşların məvacibinə… Qiyməti qaldırmağı düşünmürük. Onsuz da qəzetə, qəzetçiliyə marağın azaldığı indiki dövrdə olan-qalan oxucunu itirmək, onların «cibinə girmək» istəmirik. Əməkdaşların məvaciblərinin artırılmasına gəlincə, bizdə bu sistem olmadığından, bir qədər rahatıq. Yəni yazarlara yazdıqları məqalələrin qarşılığında ödəniş edilmir. Başqa sözlə, onlar ictimai əsaslarla işləyirlər. Reklam bazarının, satışdan gələn gəlirin olmadığı bir vaxtda çətinliklər çoxdu. Amma buna rəğmən, başladığımız işi davam etməyi özümüzə borc bilirik”.