”Ya çörəyin qiyməti qalxacaq, ya çəkisi azalacaq”

“Qazın və işığın bahalaşması çörəyin də qiymətlərinə təsirsiz ötüşməyəcək”

Source:
Çörək
Çörək

“Qazın və işığın bahalaşması çörəyin də qiymətlərinə təsirsiz ötüşməyəcək”, – Bakıdakı istehsalçı şirkətlərdən fins.az-a verilən məlumata görə, un məmulatları, o cümlədən çörək bahalaşacaq.

“Nur” çörək zavodunun satış müdiri Saməddin Məmmədxanov qaz və işığın bahalaşmasının çörəyin qiymətinə iki şəkildə təsir göstərə biləcəyini bildirib.

“Ya çörəyin çəkisi dəyişə bilər, ya da qiymətlər artacaq. Amma, hələlik, bununla bağlı nəsə demək tezdir. Çörəyin bahalaşması yeni ildən baş verə bilər”, o, deyib.

Tarif Şurasının qərarı ilə noyabrın 28-də təbii qazın, elektrikin, soba yanacağının, reaktiv mühərrik yanacağının və bəzi dərmanların qiymətləri qaldırılıb.

Azərbaycanda sonuncu dəfə çörək bu ilin iyulunda bahalaşıb. Onda 30 qəpiklik çörək 40 qəpik olmuşdu.

Rəsmi qurumlar, hələlik, bu məsələ ilə bağlı fikir bildirmirlər. İyulda baş verən qiymət artımı vaxtı da belə olmuşdu.



“Kommunal xidmətlərin qiymətinin artması çörək və digər ərzaq mallarının bahalaşmasına səbəb olacaq”

Vahid Məhərrəmov foto Meydan TV

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov Meydan TV-yə bildirib ki, çörəyin və digər kənd təsərrüfatı məhsullarının, ərzaq mallarının qiyməti artacaq. Ona görə ki, elektrik enerjisi və qaz məhsul istehsalında maya dəyərinə oturub:

“Həm məhsulun istehsalında, həm də emalında işıq və qazdan istifadə olunur. Nəticədə, qaz və işığın qiymətinin artımı çörəyin və digər ərzaq mallarının bahalaşmasına səbəb olacaq”.

Ana səhifəXəbərlər”Ya çörəyin qiyməti qalxacaq, ya çəkisi azalacaq”