Rəsul Cəfərov Leyla Yunusun boykot kampaniyasına etiraz etdi
Sülh və Demokratiya İnstitutu yanında Repressiyalara Müqavimət Mərkəzi 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarını boykot kampaniyasına qarşı ilk etiraz hüquq müdafiəçisi Rəsul Cəfərovdan gəldi.
Rəsul Cəfərov öz Facebook səhifəsində yazıb ki, Bakı Olimpiya Oyunları ilə bağlı Leyla Yunusun təklifini birmənalı şəkildə uğursuz hesab edir.
Hüquq müdafiəçisi mövqeyini əsaslandırmaq üçün 2 səbəb göstərib: “Birinci, beynəlxalq idman yarışını heç bir dövlət boykot etməyəcək. Məsələn, əksər aparıcı dövlətləri avtoritar Lukaşenko hakimiyyətinə qarşı sanksiya tətbiq etsə də, bu ilin mayında Belarusda Xokkey üzrə Dünya Çempionatı keçirilib. Və yarışa ABŞ və İsveç kimi dövlətlərin idmançıları da qatıldı. Bu baxımdan boykot kampaniyası haqqında ən yaxşı halda 1 həftə yazıb sonra unudacaqlar, vəssalam! İkinci, boykot bizi yaxşı planlaşdırılmış strategiya, taktika və fəaliyyət istiqamətləri müəyyən edilən insan haqları kampaniyasında məhrum edəcək”.
Rəsul Cəfərov boykot əvəzinə insan haqlarını müdafiə edən beynəlxalq qurumlarla işləməyi daha vacib hesab edir: “Bu günlərdə, biz “Sports for Rights” kampaniyasına başlayırıq, istərdim ki, bu kampaniya əsasında işləyək”.