Ələsgər Məmmədli: “Dövlət qurumunun fəaliyyətini müəyyən edən sənədin gizli olması doğru yanaşma deyil”
Milli təhlükəsizlik naziri Eldar Mahmudovun və bir sıra MTN vəzifəlilərinin işdən azad edilməsindən sonra ölkənin əsas gündəmi generallar ilə bağlı başladılan istintaq olub.
Ölkə mediasında yayılan rəsmi məlumatlara görə, məsələ ilə bağlı Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. Baş prokurorun birinci müavini Rüstəm Usubovun rəhbərliyi ilə aparılan istinaq əməliyyatlarında Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının da iştirak etməsi müvafiq qanunvericiliyə nə qədər uyğundur? XDMX əməkdaşlarının istintaq əməliyyatlarında iştirak etmək səlahiyyəti varmı?
Bu məsələni
Meydan.tv
-yə şərh edən hüquqşünas Ələsgər Məmmədli deyir ki, məsələyə birmənalı cavab vermək olduqca çətindir:
“Bu qanunun əsasnaməsi məxfi olduğu üçün biz orda nə yazıldığından xəbərsizik. “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” prezidentin fərmanı var və o fərmanda XDMX-nin əsasnaməsi məxfi sənəd kimi nəzərdə tutulub”.
“Bəs qeyd olunan qurumun əsasnaməsinin məxfi saxlanılması özü nə dərəcə qanunidir” sualına isə hüquqşünas belə cavab verib:
“”İnformasiya əldə etmək haqqında” Qanunun 29.1.15-ci maddəsinə əsasən dövlət orqanlarının və bələdiyyələrin əmr, sərəncam və qərarları—əmr, sərəncam və qərarlar qüvvəyə mindiyi gündən internet resursunda yayılmalıdır. Bu baxımdan həmin sənədin giriş hissəsinin yayılması, amma tənzimləmə sahəsinin yayılmaması şəffaflıq baxımından ciddi problem yaradır. Ümumiyyətlə, dövlət qurumunun fəaliyyətini müəyyən edən sənədin gizli olması doğru yanaşma deyil. Həm də “Dövlət sirri haqqında” qanunda məxfiləşdirilən informasiyalar sırasında heç bir əsasnamə yoxdur, ona görə də bu məsələ hüquqi baxımdan ciddi mübahisə yaradan məqamdır”
Dünya təcrübəsindən danışan hüquqşünas deyir ki, demokratik hüquq dövlətlərinin heç birində hazırda belə bir praktika yoxdur:
“Türkiyədə Milli Təhlükəsizlik Komitəsi gizli idarəçiliklə bağlı təyinatlar edə bilirdi. “Avropa Birliyinə uyğunlaşmaq” prosesi zamanı qəbul edilən qanunla qurumun bu səlahiyyəti əlindən alındı və şəffaflıq təmin edildi”.
Tural Qurbanlı