Qərar 2020-ci il 2 noyabr saat 06:00-dan qüvvəyə minir
Azərbaycanda xüsusi karantin rejiminin müddəti dekabrın 1-dək uzadılıb.
Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərarda bildirilib ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 dekabr saat 06:00-dək uzadılıb.
Eyni zamanda, Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad, Masallı rayonlarında 7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək, 14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək, 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək və 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır.
Məlumatda bildirilir ki, qərar 2020-ci il 2 noyabr saat 06:00-dan qüvvəyə minir.
Azərbaycanda xüsusi karantin rejimi sentyabrın 28-də noyabrın 2-nə qədər uzadılıb.
COVİD-19 pandemiyası ilə bağlı bu il martın 24-dən Azərbaycanda karantin rejimi elan edilib.
Karantin avqustun 31-nə kimi uzadılıb.
Gündəlik yoluxmada azalma olduğundan rejim aprelin 27-dən mərhələlərlə yumşaldılmışdı. Amma bu, əks proses doğurduğundan iyunun 21-dən Bakı və ölkənin bir çox yerlərində karantin yenidən sərtləşdirilib.