Xoşqədəm Hidayət qızının son həftələrdə aşkara çıxan boyat “yaradıcılıq” uğuru yalnız izləyicilərini deyil, gündəmin anasını da ağlatdı. Olsun, biz ağlamağı xoşlayırıq. Bundan ötrü hətta yüzlərlə kilometr yol gedib Xoşqədəmə, Zaura çıxırıq. Hərçənd adama deyərlər dərdin var çəkil bir xəlvətə, ürəyin boşalınca ağla. Deməyinə deyərlər, çəkilib xəlvətdə ağlayarsan da, di gəl ki, onda bu ağlamağın o verilişlərə bir faydası olmaz. O verilişlərin də bu ağlamaqlara. Sözüm bunda deyil, ondadır ki, bütün qəribə, sərsəm əhvalatların çox sadə açıqlaması olur. Təxminən belə…
***
Qonşu kəndlərdə yaşayan boşanmış cütlük yenidən ailə qurur. Qız anada, oğlan atada qalır. Kəndlərin arasında təxminən bir saatlıq məsafə var. Qardaşını görmək istəyən qız keçmiş evlərinə üz tutsa, məqsədinə asanlıqla çatacaq. Qardaşı oğlan xeylağı olaraq evdə “cici anasının” dizinin dibində oturmayıb ki! Bunun həyət-bacası, bağı-bağatı, yolu-irizi var. Üstəlik həmin evdə böyümüş qız qardaşının bütün “marşrutlarını” əzbər bilir. Əslində heç bunlara ehtiyac da yoxdu, sadəcə kənd yerinin həmişə açıq qapısından keçib görüşmək olardı. Amma nə deyirsiz, belə sadə üsulların zamanı keçib. Ondansa qızcığaz dramatik-kövrək melodiyalarla müşayiət olunan yanıqlı hekayətini paytaxta üz tutub efirdən anladacaq. Müdrük, qayğılı, üzgün sifət almış aparıcı ordan müraciət edərək uşaqların atasını bacı-qardaş həsrətinə son qoymağa çağıracaq.
Təzə arvadla köhnə efirə dikilmiş bizım işsiz-gücsüz Novruzəli bu xoşbəxt fürsəti dəyərləndirərək oğlunun biləyindən tutub həyatının arzusuna doğru gedəcək. O tərəfdən də ana və qız ünvana yetişib günün qəhrəmanlarına çevriləcəklər. Daha pərdəarxası, qapıdalı gözlətmələr, ekspertlərin “müdrükanə” müdaxilələri , canlı və cansız dinləyicilərin göz yaşları, pafos, həyəcan, alqış da ayrı bir “effekt”…
Bu cazibəli əhvalatda səmimiyyətdən söhbət gedə bilməz. Amma hər kəs halından məmnundur. İndi həmin iştirakçılara bir yığın havayı kitab verib üstündən də yalvarsan ki, hər gün beşcə sətir oxuyub nəsə mənalı bir şeylər öyrənsinlər. O kitabları adamın təpəsinə vurub özünə də “dəli” damğası yapışdırarlar. Çünki, mənəvi dəyərlərdən və zəruri biliklərdən ayrı düşən kütlə meylini efir məkanındakı ucuz, süni tragikomik səhnələrə salıb.
Hazırda ölkənin ümumi mənzərəsi və əhalinin mövcud dəst-xətti belədir. Bir sözlə, xalqı ələ almaq, ələ salmaq üçün işləyən cahillik mexanizminin meyvələri məşhur üç alma kimi başımıza yağır. İntəhası, o almaların nağıllardakı kimi şirin və yumşaq olmadığını hiss etmirik. Duyğularımızı dondurub nəyin nə, kimin kim olduğuna bizim yerimizə qərar verən saxta cəmiyyətə əsir düşmüşük. Və bu gün əksəriyyətin zəif damarını tutub reytinq qazanan şou-şüvənlər məhz mövcud cəmiyyətin seçilmiş məhsullarıdır. Amma çox da hayıl-mayıl olmayaq, onlar Amerikanı deyil, sadəcə kitabı bağlanmış fağır bir xalqı “kəşf” ediblər.
P.S. Bu günlərdə qonaq olduğum evdə “reytinqli verilişlərin” hansınınsa vaxtına azca qalmış sanki qurbağa gölünə daş atdılar. Səbəbi anlayan kimi səssizcə “məclisi” tərk etməyin vaxtı çatdığını anladım. Əvvəllər isə təsadüfən düşdüyüm belə hallarda vaxtın bitməsi üçün ürəyimdə bildiyim bütün rəqəmlərə qədər sayardım. Bu azmış kimi ətrafdakıların hər an dəyişən sifətlərinə görə axmaqcasına qarşılıq vermək işgəncəsi də bir yandan… Xilas olmaq üçün ən vacib qonaqlıqdan dərhal qaçmağa dəyər. Yox, əyər azarkeşlər öz evinizin içindədirsə, müəyyən saatda evin çölündə olmaq ən münasib çıxış yollarındandır…
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.