Aksiya

Mənbə: Turan İA

Başlıq: Aksiya

Xoşbulaq sakinləri Prezident Administarsiyasının qarşısında aksiya keçiriblər

“İcra başçısı zəng edib etiraz aksiyasını dayandırmağı tələb edib"

Mayın 24-də Daşkəsənin Xoşbulaq kəndinin bir qrup sakini Prezident Administarsiyasının binası qarşısında etiraz aksiyası keçirib.

Kənd sakinləri sosial durumlarının ağırlığından şikayət edib, kəndin əkin və otlaq sahələrinin rüşvət müqabilində varlı şəxslərin istifadəsinə verildiyini bildiriblər.

Məlumatı Turan İA yayıb.

Agentlik polisin aksiyaya müdaxilə etdiyini, sakinləri Prezident Administrasiyasının binasının qarşısından uzaqlaşdırdığını qeyd edib: "Kənd sakinləri Daşkəsən rayon İcra Hakimiyyəti başçısını günahlandırıblar".

Onlar agentliyə deyiblər ki, su borusu alıblar, amma icra hakimiyyətinin rəsmiləri boruları satıblar.

Sakinlərdən Rəna Bağırovanın sözlərinə görə, kənddə qaz yoxdur, su yoxdur, asfalt yol yoxdur: "Örüş yerlərimiz, əkin sahələrimiz, yaylaqlarımız pul müqabilində varlı adamların istifadəsinə verilib. Kənd camaatının mal-qoyun saxlamaqdan başqa məşğuliyyəti yoxdur. Örüş sahələrimiz satıldığından ondan da istifadə edə bilmirik. Biz nə ilə dolanaq? Bu suala Prezident Administrasiyasından cavab almaq üçün gəlmişik”.

Digər kənd sakinləri deyib ki, rayon icra hakimiyyəti başçısı Əhəd Abıyev etirazçılara zəng edib: “İcra başçısı zəng edib etiraz aksiyasını dayandırmağı tələb edib, bütün tələbləriniz yerinə yetiriləcək. Amma, on ildir, eyni sözləri təkrar edir, kənd camaatının tələbini yerinə yetirmir”.

Bu zaman Arif adlı vəzifəli şəxs etirazçılardan birinə zəng edib. Etirazçı bildirib ki, onun müharibədə həlak olmuş oğlunun və müharibə iştirakçısı olan digər oğlunun torpaqları varlı adamlara satılıb və orada villalar tikilib.

“Siz Gəncə şəhərində qeydiyyatdasınız. Torpaqlarınız heç kimin istifadəsinə verilməyib. Özünüz və oğlanlarınızın torpaq sahələri barədə rəsmi müraciət edin, araşdıraq”, - deyə Arif adlı şəxs deyib.

Etirazçı telefonun selektorunu açıb və jurnalistlər Arif adlı vəzifəli şəxsin dediklərini eşidən zaman polis müdaxilə edib, jurnalistlərin vəzifəli şəxsin dediklərini dinləməsinə mane olub.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Turan İA-a bildirib ki, Prezident Administrasiyasının qarşısına toplaşan şəxslərin tələblərinin rayon rəhbərliyinə aiddiyyatı yoxdur. Onlar çıxışlarında irəli sürdükləri tələblərlə rayon icra hakimiyətinin nüfuzuna xələl gətirib: “Torpaq islahatları haqqında” qanunun tələblərinə uyğun olaraq, Xoşbulaq kənd sakinlərinin istifadəsinə əkin, biçənək və örüş sahələri verilib. Kənd sakinlərinin ümumi istifadəsində 2629 hektar əkin, biçənək və örüş sahələri var. Sakinlərin bu qədər sahələrdə otarılacaq qədər mal-qoyunu belə yoxdur”.

Əhəd Abıyevin sözlərinə görə, rayonun yay otlaq sahələrinin bir qismi Kəlbəcər və Laçın rayonlarından olan 73 məcburi köçkün olan təsərrüfat sahibinə icarəyə verilib: “Bu torpaq sahələrinin Xoşbulaq kəndinə aidiyyatı yoxdur. Həmin torpaqlar qanunvericiliyə uyğun olaraq artıq 30 ildir icarəyə verilib. Buna baxmyaraq, Prezident Administrasiyasının binası qarşısına gedən həmin qrup kənd sakininin bir neçəsi icarədarların qarşısını kəsib, onların çadırlarını yandırıb. Onlardan tələb ediblər ki, rayonunuz azad edilib və daha bu torpaqlara gəlməyin. Həmin 73 icarədar şikayət edib. İyulun 1-də rayon məhkəməsi həmin şikayətə baxacaq. İndi icarədarların qarşısını kəsən bir neçə şəxs öz analarını, qohumlarını toplayaraq məhkəməyə mane olmaq üçün Prezident Administrasiyasının qarşısına gediblər”.

Daşkəsən rayonunun Xoşbulaq kəndi Bakıdan 420 kilometr qərbdə, Ermənistanla sərhəddə yerləşir. Kəndin əhalisi iki mindən çoxdur. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Bu dağlıq ərazidən qədim zamanlardan yay otlaq sahələri kimi istifadə edilir.

Xoşbulaq kəndi yay mövsümündə ölkənin Qərb bölgəsinin sakinlərinin ən çox üz tutduğu məkandır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/1eizb5

Ən çox baxılan