Xoşbəxtlik – dini vəzifə kimi

Din: tənəzzül yoxsa tərəqqi?

Source:

Cübran Xəlil Cübranın “Peyğəmbər”’ adlanan iyirmi səkkiz hissədən ibarət mənsur şeir məcmuəsi var. “Peyğəmbər”in əsas obrazı Mustafa adlı müdrik bir şəxsdir. On iki il bir adada sürgün həyatı yaşayan peğəmbər həsrətlə gəlib onu aparacaq gəminin yolunu gözləyir. Nəhayət bir gün gözlədiyi gəmi gəlib çatır və o, adadan getmək istəyir. Bu vaxt ada sakinləri onun ətrafına yığışıb, son görüşü qənimət bilərək, müxtəlif məsələlər- yemək-içmək, iş, sevinc, kədər, ev, geyim, sevgi, ailə, övlad, səxavət, ədalət, günah və cəza, qanun, azadlıq, ağıl, düşüncə, ağrı, özünüdərk, təlim, dostluq, söz, vaxt, yaxşılıq və pislik, dua, həzz, gözəllik, din, ölüm və s. barədə fikrini öyrənməyə çalışırlar. O da hər bir suala hövsələ ilə cavab verir. Bu sual-cavablar arasında bu yazı üçün də maraqlı olacaq bir məqam var: Mustafanın qoca ruhaninin sualına verdiyi cavab. “Bizə dindən danışın”, – deyən qoca ruhaniyə o – Mən bu gün dindən başqa bir şey barədə danışdınmı?- deyə cavab verir.

Gerçəkdən də “din nədir?” sualına belə əhatəli yanaşdıqda bir çox köklü suallar cavabını tapır, eyni zamanda dinin hüquqi, iqtisadi, siyasi, əxlaqi və s. yönləri üzə çıxır. Məlum olur ki, din özünəqapanma, tərki-dünyalıq yox, bir həyat tərzidir, həmişə yüksək enerji ilə bütün sahələrdə – elmi, ictimai, siyasi, mədəni – meydanda olmaqdır.


İbadətin əhatə dairəsi

İslam dinində ibadət geniş məna daşıyır, yalnız namaz qılıb, oruc tutmağa aid edilmir. İnsanın özü, ailəsi və başqaları naminə atdığı hər bir addım (ehsan (“yaxşılıq” anlamına gəlir. Yalnız ziyafət verməyi deyil, bütün yaxşı işləri ehtiva edir), sədəqə, infaq, xüms, zəkat, güzəşt, fədakarlıq, xidmət, faizsiz borc, ticarət, təhsil, tədris, siyasi-ictimai, iqtisadi və mədəni fəaliyyətlər və s.) ibadət sayılır (Quran, 3: 114, 29: 9).


Xoşbəxtlik


–  dini vəzifə kimi

İslam dini insanları maddi və mənəvi baxımdan xoşbəxt görmək istəyir. Bütün peyğəmbərlər, səmavi kitablar məhz buna görə göndərilib. İstər bir fərd, istərsə də toplum olaraq xoşbəxt olmaq dini vəzifə sayılır. Buna can atmayan hər bir inanc adamı məsuliyyət daşıyır və onun bədəlini ödəməyə məhkumdur. Dini təlimlərdə axirətin önə çəkilməsinin qayəsində də bu dayanır. Yəni bütün dini hədələr, qorxutmalar, təşviqlər, mükafatlar buna görədir ki, insanlar dünya həyatlarına önəm versinlər, ən xırda məsələləri belə gözdən qaçırmasınlar (99: 6, 7, 8.). Başqa sözlə, bu dünyanı cənnətə çevirə bilməyənlərin o dünyadan cənnət ummaları əbəsdir. Çünki axirət cənnəti bu dünyadakı cənnətdən törəyir. (17: 19)

Ən önəmlisi, Allahın razılığı da insanın xoşbəxtliyi təmin olunanda həyata keçir. Əgər Allah hansısa bir dini hökmün icra olunmamasından narazıdırsa, bu, ona görədir ki, həmin itaətsizlik insanın öz zərərinədir. Belə ki, insanın istənilən bir işdə zərər görməsi, Allahı narahat edir. Elə buna görədir ki, Allah ən əziz bəndələrini insanların xoşbəxtliyi naminə qurban verir. Əlbəttə, İslam dininə görə, xoşbəxtlik təkcə maddi rifaha nail olmaq hesab edilmir. Əsl xoşbəxt şəxs maddi yaşamıyla yanaşı mənəviyyatını da islah edir, ruhunu xoşagəlməz xarakterlərdən, çirkinliklərdən təmizləyir, ləyaqətli, vicdanlı birinə çevrilir (91: 9).

Xoşbəxtlik isə heç vaxt elmsiz, zəhmətsiz, mənəviyyatsız əldə edilə bilməz. Buna görə də hər bir şəxs, toplum ciddi-cəhdlə bunlara can atmalı, əzmkarlıq göstərməlidir. Dini göstərişlər də məhz bunları aşılayır, insanları buna sövq edir.


İki gün eyni olarsa…

İslam dinin çox önəm verdiyi mövzulardan biri də müsəlmanların daima irəliləməsi, inkişaf etməsidir. Bu məsələ dində o qədər önəm kəsb edir ki, bu günü ilə dünəni eyni olan şəxslər sərt şəkildə məzəmmət edilir. İnkişaf və tərəqqi insanların təbiətlərindən qaynaqlanan bir istək olduğundan İslam dini əsla bu istəyə qarşı çıxmır, əksinə o, bu istəyin daha da sürətlənməsinə, fəallaşmasına kömək edir, potensiyalarının aktuallaşmasına zəmin yaradır. Eyni zamanda bütün bunları tənzimləməyə çalışır, bunun üçün proqram təklif edir. Necə ki, İslam hüququ, əxlaqı və ya iqtisadiyyatında biz bunu müşahidə edirik.

Demək olar ki, istənilən inkişaf üçün vaxt, elm, zəhmət, mənəvi rahatlıq əsas şərtlər hesab edilir. Yazının davamında İslam dininin bu şərtləri nə qədər önəmsədiyinə qısa toxunacağıq.


Vaxt: Allahın and yeri

Vaxt qızıldır, deyiblər. Hətta deyərdim ki, vaxt nəinki qızıldır, onunla hər bir şeyi qızıla da çevirmək mümkündür. Belə deyək, əsl iksir əslində vaxtdır, amma kimyagərlər bunun fərqində olmayıb, tamamilə xəyali bir şeyin ardınca düşüblər. Hz. Məhəmməd (s) səhabələrinə deyirmiş ki, ömür – vaxt qızıldan da dəyərlidir, ona qarşı daha simic olun. “Zaman səssiz mişardır”, İmmaanuil Kanta aid edilən bir fikirdir. Dini mətnlərdə də oxşar təbirlə rastlaşırıq: “Vaxt iti qılıncdır. Onu parça-parça etsəniz (dəqiq proqramlaşdırsanız) istəklərinizə nail ola bilərsiniz. Əks halda o, sizi parça-parça edəcək”.

 İnsanları iki qrupa ayırmaq olar: vaxt öldürənlər və vaxt dirildənlər. Dünya həmişə ikincilərin üzünə gülür, birincilərə isə yalnız taleyi, fələyi qınamaq qalır. Dinimizə görə vaxt müqəddəsdir, Allahın and yeridir (103: 1 və onlarla başqa ayələr). Qurani-kərimdə bütün inanclı insanlardan tələb olunur ki, vaxtın dəyərini bilib, lüzumsuz işlərə zaman ayırmasınlar (23: 3). Ona görə ki, Qiyamətdə əksər insanlar daha çox vaxtlatını tələf etdiklərinə, səhlənkarlıq göstərdiklərinə görə təəssüflənəcəklər (39: 56). Lakin bu peşmançılıq, təəssüf heç bir işə yaramayacaq. (35:37) Bəlkə elə ona görə də hz. Əli “Və heç bir şey barəsində: “Mən onu sabah edəcəyəm!” – demə!” (“Kəhf”, 23) ayəsini əsas tutaraq demişdir ki, vaxt buludlar kimi hiss edilmədən ötüb keçir, buna görə də gözəl fürsətlərin qədrini bilin.


Alimin mürəkkəbi…

İslam və elm dedikdə, iki məsələ nəzərdə tutula bilər: İslamın elmə münasibəti və ya dini prinsipləri elmlə izah etməyin mümkün olub-olmaması. İslamın elmə münasibəti tamamilə aydındır və bu haqda o qədər yazılıbdır ki, yenidən onları təkrar etməyə ehtiyac yoxdur. Amma yenə də bir neçə məqamı qeyd etməyə ehtiyac var:

İslama görə bütün elmlər dini əhəmiyyətli elmlərdir. Heç bir elmi mənimsəmək yasaq deyil. Əsas odur ki, elm insanlığa, ülvi dəyərlərə xidmət göstərsin. Demək, fiqh elmini öyrənmək qədər fizika, kimya və s. elmləri öyrənmək də zəruri və dəyərlidir.

Qeyd etdiyim kimi İslam dininə görə, elm öyrənmək vacibdir və elm dedikdə qaynaq olaraq yalnız dini əsas götürən (islam hüququ, soxolostika, əxlaq və s.) yox, bəşəriyyətə qulluq edən bütün elmlər nəzərdə tutulur. Və bu prinsiplə “bir saat elmlə məşğul olmaq altmış il digər ibadətlərlə məşğul olmaqdan üstündür” – hədisi kimyaçılara, fiziklərə və s. elm sahələrində çalışanlara da aid edilir.

Müxtəlif dini göstərişlərə görə, elm öyrənmək bütün qadın və kişilərə vacibdir, beşikdən qəbrədək, hətta Çində olsa belə, elm ardınca getməlidirlər. Lakin Qurani-kərimdə ancaq məhdud bir qrupun dini elmləri mənimsəməsi tələb edilir (“Tövbə”, 122), qalanları digər zəruri elmlərlə, peşələrlə məşğul olmalıdırlar. Demək, hədislərlə ayələri yanaşı qoyduqda aydın olur ki, Quran və digər dini mətnlərdə elmə, təhsilə çağrılarkən, məhz birbaşa din təlimlərini öyrədən elmlər yox, əksinə bütün zəruri elmlər nəzərdə tutulub.

Amma islama görə, elmlə yanaşı etiqadi və əxlaqi baza da olmalıdır. Buna görə ki, sağlam əqidəli, əxlaqlı şəxs mənimsədiyi elmi yalnız insanların ümumi mənafeyinə həsr edir, Allahın razılığını əldə eyməyə çalışır. Vəzifə və səlahiyyətindən sui-istifadə  onların yaşam prinsiplərinə yaddır.

“Quranda hər şey yazılıb” fikri də düzgün izah edilməlidir. Bu fikirdə məqsəd, adıötən müqəddəs kitabda insanların düz yolda addımlaması üçün hər şeyin nəzərdə tutulmasıdır. Demək, bu, o demək deyil ki, orada bütün elmi sirlər haqında məlumat verilib. Çünki Quran elm kitabı deyil, insanların hidayəti üçün göndərilən dəyərlər toplusudur. Bununla belə Quranda bəzi elmi məsələlərə də işarə vurulmuşdur ki, bu, ümumi xarakter daşımır.

Göründüyü kimi, din əsla elmə qarşı deyil. Eyni zamanda İslam dininin prinsipləri, təlimləri ilə elm arasında da heç bir ziddiyyət yoxdur. Bu mənada ki, məlum dininin heç bir prinsipi, təlimi qəti elmi nəzəriyyə və nailiyyətlərlə ziddiyyət təşkil etmir. Fikrin daha aydın olması üçün bir neçə nüansa toxunmaq uyğun olardı:

İslam dinində ağıl, məntiq böyük əhəmiyyət kəsb edir, hətta ağıl daxili peyğəmbər hesab edilir. Buna görə də, dində bəzi hökmləri başqa dini təlimlərlə daha geniş və dəqiq izah etmək mümkün olduğu kimi, bunu, rasional yanaşma ilə də həyata keçirmək mümkündür. Tutaq ki, din bir mövzu haqqında çox ümumi bir fikir səsləndirir,  elm isə onun tam olaraq belə olmadığını qeyd edir. Bu zaman elmi gerçəkliyi nəzərə alıb, dinin də həmin fikri demək istədiyini ifadə edə bilərik. Məsələn, din xəstəliklərin yolxucu olmadığını, elm isə bəzi xəstəliklərin yolxucu olduğunu bildirirsə, məntiqə söykənib, deyə bilərik ki, din də bütün xəstəliklərin deyil, yalnız müəyyən xəstəliklərin yolxucu olmadığını bəyan edib.

 Adətən bəzi dini təlimlər hadisənin maddi səbəbini yox, mənəvi səbəbini izah edir. Bu səbəblərin müxtəlifliyi nəzərə alınmadıqda, ilk baxışda din və elm arasında zidiyyət nəzərə çarpır. Lakin məlum səbəblər arasındakı fərqlər müəyyən edildikdə, iddianın yanlış olduğu bəlli olur. Məsələn, hədislərdə zəlzələnin səbəbi kimi göstərilən günah, bu təbii hadisənin maddi yox, mənəvi səbəbidir. Necə ki bir sıra məsələlərdə mənəvi səbəb böyük rol oynayır. Məsələn, dini təlimə görə, qohumlarla isti münasibətin qorunması ruzinin çoxalmasına, ömrün uzuanmasına səbəb ola bilər.

Digər aspektdən, dini mövzular fərziyyə və ya hələ qəti sübuta yetməmiş nəzəriyyələrlə izah edilə bilməz. Ona görə ki, gələcək elmi nailiyyətlər mövcud fərziyyə və nəzəriyyələri inkar edə bilər. Məsələn, təkamül nəzəriyyəsi ilə dinin ilk insanın yaradılışı haqqında baxışı  uyuşmadıqda, nəzəriyyənin mübahisəli olmasını nəzərə alıb, dini ittiham etmək məntiqli deyil.


Hər kəs zəhməti qədərdir

Musayla Fironun hekayəti ilə demək olar ki, hamımız tanışıq. Nəql edilir ki, Musa peyğəmbər Bəni-İsraili Fironun əsarətindən xilas etməli idi. Bunun üçün Allahın əmri ilə dəniz yarılmalı, onlar onun arasından kəçməli idilər. Belə də olur. Amma Musa gəlib dənizə çatanda Allah ona əmr edir ki, dənizin yarılması üçün o da əsasını dənizə vursun. Belə ki, hadisənin möcüzə ilə gerçəkləşəcəyinə rəğmən Musanın da bir iş görməsi tələb edilir. Bu da onu göstərir ki, hətta əgər möcüzə baş verəndə hansısa addımın atılması tələb edilirsə, digər vaxtlarda bu, daha zəruri hesab olunur. Bu zaman bəlli olur ki, din insanları zəhmətsevər görmək istəyir, qəti olaraq tənbəlliyə, işsizliyə qarşıdır. Və ən maraqlı burasıdır ki, din zəhmətsiz heç bir uğur vəd etmir (53:39) və bunun əksini düşünənlərə qarşı mövqeyi kəskindir. Habelə, İslam dini intizamsız iş prosesinə də qarşıdır. Tələb edir ki, bir iş bitən kimi dərhal yeni işə başlanılmalıdır (94: 7). “Cümə” surəsində də bu əmr aydın müşahidə olunur. Cümə namazına gələnlərə deyilir ki, namaz qıldıqdan sonra dərhal öz işlərinin ardınca getsinlər. (62: 10) İşlə əlaqədar növbəti göstəriş, onun mükəmməl və ən yaxşı formada icra edilməsidir. (67:2; 18: 7) Çünki ilahi mükafat ancaq işini mükəmməl və yaxşı görənlərə verilir. (16: 30.)


Mənəvi rahatlıq

İnsan hər nə qədər iztirabdan, həyacan və stressdən uzaq olarsa, bir o qədər həvəslə, ümidlə, ruh yüksəkliyi ilə fəaliyyət göstərə bilər. Bu, çox ciddi bir məsələdir. Ona görə ki, təşviş içində zehni və fiziki bacarıqdan layiqincə istifadə etmək müşkülə çevrilir. Xoşbəxtlikdən inanclı bir şəxs adətən bu problemləri yaşamır. Çünki Allahı – Onun mərhəmət və şəfqətini xatırlamaq ona rahatlıq gətirir (13: 28), hər bir dua onda min ümid yaradır (40: 60), Allaha təvəkkül edib (65: 3) daha cəsarətlə, əzmlə yoluna davam edir.

Dinə düzgün yanaşarkən qarşımızda belə bir mənzərə yaranır və görürük ki, dini prinsiplərin, təlimlərin dəqiq tətbiqi bir cəmiyyətin ancaq irəliləməsinə, tərəqqisinə xidmət edə bilər, burada əsla tənəzzüldən, geriləmədən söhbət gedə bilməz. Yox əgər bütün bunları görməzdən gəlib, dini mollanın ağız suyunda xülasələşdirsək, şübhəsiz ki, səhv qənaətimizdə israrlı olacağıq.

Ana səhifəMənim FikrimcəXoşbəxtlik – dini vəzifə kimi