Xocalıdan olan məcburi köçkün ona ayrılan torpaq sahəsini ala bilmir

M.Bəkirova bildirib ki, uşaqlar böyüyəndən sonra onlara ayrılmış torpaq sahəsindən istifadə etmək qərarına gəliblər.

Source: meydan tv


Bələdiyyənin verdiyi torpaq sahəsini yenidən pulla almağı tövsiyə edirlər

Xocalıdan olan məcburi köçkün Mehriban Bəkirova Beyləqan rayonunun Türklər qəsəbəsində ona ayrılan 12 sot torpaq sahəsini ala bilmir.

Həyat yoldaşı Xocalının müdafiəsində həlak olan işsiz, dörd uşaq anası Mehriban Bəkirova yaşadığı yerdən 200 km məsafədə olan torpağın sənədlərini rəsmiləşdirmək iqtidarında olmayıb.

Bu barədə Meydan TV-yə danışan Mehriban Bəkirova bildirib ki, başı problemlərinə qarışdığından diqqətsiz olub.

“Torpaq 1993-cü ildə bələdiyyə tərəfindən mənə verilib, şəhid ailəsi olduğum üçün. Uşaqlarım xəstə olduğundan, başım onlara qarışıb. Sabiq bələdiyyə sədri də istifadə edib torpağı satıb”.

M.Bəkirova bildirib ki, uşaqlar böyüyəndən sonra onlara ayrılmış torpaq sahəsindən istifadə etmək qərarına gəliblər.

“Amma əraziyə gəldikdə məlum olub ki, ərazi başqasının adına keçirilib və artıq orada məskunlaşıblar. Beyləqan Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etsəm də, nəticəsi olmayıb. Mənə torpağı ərazinin yeni sahibindən pulla almağı tövsiyə ediblər”.

“Turan” İnformasiya Agentliyinin Beyləqan İH-yə müraciəti Türklər qəsəbə bələdiyyəsinə yönəldilib. Bələdiyyə nümayəndəsi Əhmədalı Mürsəlov bildirib ki, bələdiyyənin əlavə torpaq fondu yoxdur və Bəkirova ərazini yeni sahibindən yalnız pulla ala bilər.

Yaranmış vəziyyət Mehriban Bəkirovanın ürəktutma keçirməsinə və xəstəxanaya yerləşdirilməsinə səbəb olub.

M.Bəkirovanın faciəvi taleyi Litva kinematoqrafçılarının Xocalı faciəsinə həsr edilən “Sonsuz dəhliz” sənədli filmində ətraflı təsvir edilib. Bu film çoxsaylı beynəlxalq mükafatlar alıb, eyni zamanda Azərbaycan telekanallarında da yayımlanıb.

dokument.png
arayış
Ana səhifəXəbərlərXocalıdan olan məcburi köçkün ona ayrılan torpaq sahəsini ala bilmir