“Xocalı”da uşaqlar üçün “enerji mənbəyi”

Futbol klubunun məşqində azyaşlılar enerji içkisi içirlər

Source: Meydan Tv


Futbol klubunun məşqində azyaşlılar enerji içkisi içirlər

“İdman sağlamlıqdır”. “İdman sağlamlığın rəhnidir”. “Sağlam bədəndə sağlam ruh olar” və sair və ilaxır. Uşaqlıqdan bizə idmanın insan üçün nə qədər vacib olduğunu öyrədiblər, ya da öyrətməyə çalışıblar.

Azərbaycanda isə deyəsən, artıq idmanın uşaqlar üçün rolu dəyişməyə başlayıb. İdman azyaşlılara sağlamlıq yox, xəstəlik, zərərli vərdişlər aşılayan bir şeyə çevrilir. “Xocalı” adlı futbol klubunun 18 yaşdan aşağı şəxslərə satışı qadağan edilən, insan orqanizmi üçün zərərli hesan olunan enerji içkisini məşqdə uşaqlara içirtməsi belə deməyə əsas verir. Klub özünün sosial şəbəkə hesabında əllərində enerji içkisi tutaraq içən azyaşlıların fotolarını paylaşıb. Bu azmış kimi fotonun üzərinə “Xocalı” Futbol Klubu futbolçuların qida rasionuna xüsusi önəm verir!” sözlərini də yazıblar. İroniya? Sarkazm? Yox! Guya uşaqlara futbolun incəliyini öyrətməli olan bu adamlar azyaşlılara ciddi-ciddi zərərli sayılan enerji içkisi içirdilər. Üstəlik də, bu içkini içirtməklə uşaqların qida rasionuna xüsusi önəm verdiklərini düşünürlər, bəyan edirlər.

Xatırlatma: Azərbaycanda “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları“na görə, 18 yaşdan aşağı uşaqlara enerji içkilərinin satışı qadağandır!

mail (1).jpeg
İlkin Hacıyev


AFFA “bizlik deyil” deyir

AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla məsələ ilə bağlı açıqlama verib. Federasiya rəsmisi Komanda.az-a açıqlamasında bildirib ki, “Xocalı” komandasının AFFA-ya hansısa bağlılığı yoxdur, bununla belə, klubla əlaqə saxlanılıb, onlara xəbərdarlıq edilib:

“”Xocalı” klubunun AFFA-ya hər hansı bağlılığı yoxdur və AFFA-nın təşkil etdiyi turnirlərdə iştirak etməyiblər. Buna baxmayaraq, AFFA-nın uşaq futbolu departamentindən klubla əlaqə saxlanılıb və komandanın baş məşqçisi ilə danışılıb. Bildirilib ki, uşaqlara zərərli qida məhsullarının, istifadəsi nəzərdə tutulmayan içkilərin verilməsi yolverilməzdir. Yenə qeyd edirəm ki, klubun AFFA-ya heç bir bağlılığı yoxdur. AFFA-nın hər hansı kluba cəza və cərimə sanksiyası tətbiq etməsi üçün intizam qaydaları mövcuddur. Bunlar da ancaq AFFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak edən klublara aiddir. “Xocalı” klubunun da heç bir komandası AFFA-nın yarışlarında iştirak etməyib”.


Klub prezidentinin açıqlaması

“Xocalı” klubunun məşqdə uşaqlara enerji içkisi içirdərək, fotolarını paylaşması sosial şəbəkədə etirazlara, qınağa səbəb olub. Elə buna görə də, bir müddət sonra həmin post klubun sosial şəbəkə hesabından silinib. Əvəzində isə klub prezidenti İlkin Hacıyevin adından açıqlama paylaşılıb. Klub rəhbəri enerji içkilərinin uşaqlara valideyinləri tərəfindən alındığını bildirib:

“”Xocalı” Futbol Klubu olaraq futbolçuların sağlamlıqları bizim üçün daha önəmlidir. Klub olaraq heç bir enerji içkisi şirkəti ilə əlaqəmiz yoxdur və futbolçularımıza da elə içkilər məsləhət bilməmişik. Xırda bir anlaşılmazlıq olub. Futbolçuların valideynləri tərəfindən atılan addım olub və bu, bilməyərəkdən paylaşılıb. Klubumuz tərəfindən nöqsan olaraq bildirilib və post dərhal silinib”.

Hacıyevin günahı valideyinlərin üzərinə atmaq cəhdi uğursuzdur. Fotodan da görünür ki, uşaqlar enerji içkisi içərkən poz verirlər və bu, həmin şəklin çəkilərək, klubun səhifəsində paylaşılmasına hesablanıb. Bundan başqa, necə ola bilər ki, bütün valideynlər uşaqlarına eyni enerji içkisi alsın? Uşaqların içdikləri enerji içkisi yerli məhsul sayılmır və qiyməti yetərincə bahadır.


Bu uşaqlardan necə yaxşı futbolçu ola bilər?

Sonra deyirlər ki, Azərbaycanda futbol niyə inkişaf etmir, nəyə görə bizim futbolçular Avropa klublarına transfer olunmurlar. Bax, elə belə şeylərə görə. Azərbaycanda könlünü futbola verən uşaqların əksəriyyəti bu cür uşaq komandalarında məşq edir, hazırlıq keçirlər. Bu cür məsuliyyətsiz klub rəhbərləri, onların məşqçiləri necə Avropa səviyyəli futbolçu hazırlaya bilər? Futbolçu olmaq bir yana, bu uşaqlara zərərli içkilərlə, qidalarla şikəst ola bilərlər. Və nəzərə alın ki, “Xocalı” komandası ilə baş verən hadisə klub rəsmilərinin özlərinin də bilmədən özlərini ifşa etdiyi hadisədir. Kim bilir, uşaq futbolunda üstü açılmayan hələ nə qədər hadisələr var…

mail (2).jpeg
Xocalı FK
Ana səhifəXəbərlər“Xocalı”da uşaqlar üçün “enerji mənbəyi”