“İlham Əliyev kimi elementar insan haqları məsələlərində yarıtmaz siyasət yürüdən prezidentlərin nüvə təhlükəsizliyi kimi ciddi müzakirələrə qatqısı beynəlxalq ictimaiyyətdə kinayə ilə qarşılanmırmı?”
“Dəvət, başa düşürəm ki, Helsinki Komissiyasında dinləmələrdən əvvəl göndərilib. Amma ABŞ-ın icra strukturlarının insan haqları məsələsində qanunverici orqandan bu qədər geridə qalması gülməlidir”.
Həbsdə olan jurnalist Xədicə İsmayıl ABŞ prezidenti Barak Obamanın azərbaycanlı həmkarı İlham Əliyevi Nyu-Yorkda keçiriləcək nüvə sammitinə dəvət etməsi ilə bağlı məsələyə münasibət bildirərkən belə deyib.
Yanvarın 8-də jurnalistlə onun müdafiəçiləri Yalçın İmanov və Fariz Namazlı görüşüblər.
Vəkillərin sözlərinə görə, X.İsmayıl bildirib ki, İlham Əliyevin Barak Obama ilə görüşü mütləq insan haqları və siyasi məhbus məsələsinin həlliylə şərtlənməlidir: “Ümumiyyətlə, İlham Əliyev kimi elementar insan haqları məsələlərində yarıtmaz siyasət yürüdən, heç bir sağlam məntiqə sığmayan daxili siyasət sərgiləyən, beynəlxalq təşkilatlara qarşı öhdəliklərində etibarsız olan prezidentlərin nüvə təhlükəsizliyi kimi ciddi müzakirələrə qatqısı beynəlxalq ictimaiyyətdə kinayə ilə qarşılanmırmı?”
Jurnalist Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun həbsi məsələsinə də münasibət bildirib:
“Məşədi Natiq Kərimova qarşı irəli sürülən ittiham çox gülünc görünür. Mən şantajla üzləşəndə Nardaran Ağsaqqallar Şurası və Natiq Kərimov ateist jurnalistə dəstək sərgiləmişdilər. Məşədi Natiq dünyəvi yanaşmasıyla fərqlənən dindarlardan biridir. Onun İran kəşfiyyatı, yaxud dini strukturları ilə əlaqəsi barədə deyilənlər cəfəngiyyata bənzəyir. Zatən hər bir müxalifə, tənqidçiyə heç olmasa bir dəfə xarici casus damğası vurulmayıbmı? Nə mən, nə də ağlı başında olan başqa adamlar yalançı casus nağıllarına inanmırıq. Görünən budur ki, MTN-in sadəcə adı dəyişib, mahiyyətcə DTX Mahmudov-Çovdarov bandasının üslubunu davam etdirir. Mən, ateist, dünyəvilyin təəssübkarı İranın təsirindən ehtiyatlanan bir adam kimi bu ittihamı təbəssümlə qarşıladım”.
Vəkillər həmçinin jurnalistin saxlandığı cəzaçəkmə müəssisəsinə daxil olub onunla görüşməkdə süni əngəllərlə üzləşdiklərini bildirirlər. Onların sözlərinə görə, təxminən iki saata yaxın cəzaçəkmə müəssisəsinin qarşısında saxlandıqdan sonra görüşə icazə verilib:
“Cəzaçəkmə müəssisəsinin rəhbərliyi hesab edir ki, bizim görüşlə bağlı 2015-ci ilin dekabr ayının ortalarında Penitensiar Xidmətdən aldığımız görüşə icazə məktubunun “yararlılıq müddəti” keçib və 2016-cı il üçün yeni icazə məktubu alınmalıdır. Biz qanunvericilikdə belə bir absurd normanın və yaxud da göstərişin olmadığını bildirdikdən sonra, onlar dedi ki, Penitensiar Xidmət bütün cəzaçəkmə müəssisələrinə görüşə icazə ilə bağlı məktubların hər il təzələnməli olması barədə məktub göndərib. Nəhayət, üstündən xeyli vaxt keçdikdən və güman ki, Penitensiar Xidmətlə əlaqə saxladıqdan sonra bizə görüşə icazə verdilər”.
Ancaq görüşə icaz verilsə də, Avropa Məhkəməsinin X.İsmayılın qanunsuz həbsilə bağlı kommunikasiya sənədlərinin içəri keçirilib, onunla müzakirələr aparılmasına icazə verilməyib. Belə ki, həmin sənədlər ingilis dilində olduğundan müəssisə rəhbərliyi bu sənədlərin tərcümə olunub onlara verilməsini istəyiblər və senzuradan keçirildikdən sonra Xədicə İsmayıla təqdim edə biləcəklərini bildiriblər. Vəkillər bunu kobud qanun pozuntusu və müdafiənin səmərəliliyinə mane olmaq kimi qiymətləndiriblər. Onlar cəzaçəkmə müəssisəsinin həm görüşə yaratdığı süni müdaxilələr, həm də müdafiənin effektivliyinə mane olmaq cəhdlərilə bağlı hüquqi addımlara əl atacaqlarını bildiriblər.