Xiroşimanın ilk qurbanları

Dəhşət yükü…

Source:

Dünən Xiroşimanın fəlakətinin 70 illiyi idi, bu haqda, doğrusu, nəsə yazmaq istəmirdim, amma şəbəkədə çox-çox statuslar gördüm. Əlbəttə ki, əksəri bizdə lap çoxdan formalaşıb-daşlaşmış “Hitleri çezdirən Rusiyətin morozu olub” və ya “Amerkannar bombanı yapona Stalini qorxutmaq üçün atıb” kimi bayağı-müdrik “buddist” mülahizələr idi.

Əsla təəccüblü deyil, nəyisə öyrənmək, bircə tarixi hadisəni kiçicik detallarına qədər təsəvvür etmək üçün illərlə tozlu arxivlərdə eşələnmək, gözünün nurunu minlərlə elmi iş, araşdırma, elmi ədəbiyyat oxumağa sərf etməyin ən yaxşı halda axmaqlıq, dəlilik sayıldığı cəmiyyət üçün elə belə də olmalıdır. Hər bir böyük tarixi hadisə üçün hazır klişe-qəliblər və heç başını ağrıtmağa da dəyməz. “Bir film idi, baxdıq, keçdi, getdi”.

İkinci dünya müharibəsinin bu mənada bəxti çox gətirib, hələ indiyədək bir çoxu onun 1941-ci ildə başlanmasına tam səmimi inanan azərbaycanlılar, bu hadisənin kvintessensiyasını elə yuxarıdakı iki cümlə ifadə edə bilib. Çox konkret. Daha milyonlarla kitablar, elmi araşdırmalar, sənədli və bədii filmlər, muzey və tarixi abidələrə, məqalə və müsahibə, memuar və esse, xəritə və infoqrafikalara enerji sərf etməyə nə ehtiyac vardı ki?

Yaxşı, Xiroşima – necə deyərlər – “cəhənnəm”, görən aktiv hissəsi hələ 21 il öncə bitmiş Qarabağ müharibəsi haqda yetkin bir araşdırmalarımız varmı? Əminəm ki, nə qədər də gücənsək də ortaya yalnız 3-4 kitab çıxa bilər ki, bunlardan bəlkə ən əsaslısı elə Tomas de Vaalın “Qarabağ – Qara Bağ” kitabı olacaq. Əsaslı bir tarixi-elmi araşdırmaya malesef rastlamamışam. Yenə də heç təəccüblü deyil.

Amma onu da deməliyəm ki, tək biz belə deyilik, qonşu, rəqib ölkəsində də vəziyyət bundan yaxşı deyil. Onların da başqa xəstəliyi bu işdə özünü büruzə verib. Bir dəfə, dostumuz Şahbaz bəylə, gərək ki, 2009-un payızında Frankfurt Kitab Yarmarkasında (Frankfurter Buchmesse) görüşdük, heyran-heyran ətrafa baxırdıq ki, dedim gedək bizim bu üç “republika”nın kitab fuarlarına baxaq, görək kim nə çıxarıb. İlk öncə özümüzünkinə getdik, qarşımıza bizə şübhəli-şübhəli baxan qarakurtkalı bığlı kişilər və bir kostyumlu-qalstuklu gənci çıxdı, sərgiyə çıxarılmış kitabların məzmunundan da bəhs etmək əbəsdir, bunu öz təxəyyülünüzə buraxıram ki, o da naəlac qalacaq orada gördüklərimizdən. Qısası, özünüz düşünün, orada nə kimi və kimə ithaf edilmiş kitablar ola bilərdi.

Nəsə, getdik qonşularımızın fuarına baxmağa, burada vəziyyət bir qədər başqa idi, “vitrinə” gülümsər və yaraşıqlı xanımlar çıxarılmışdı, doğrudur, kim olduğumuzu eşitcək, çox tutuldularsa da, özlərini çox itirmədilər. Hətta bir xanım (görünür, bütün qonaqlara təklif edilən) əncir qurusundan bizə də gətirdi. Əncirdən sonra gülümsəmələrini birtəhərlə bərpa edib, bir-iki sualımızı da cavabladılar. Sərginin zahiri görkəmi bir qədər babat olsa, buradakı kitabların da məzmunu bərbad idi. Gözə görünən yerlərdə qoyulmuş yekə-yekə kitablarda Njde, Andronikin şəkilləri göz deşirdi.

Ermənicə olduğundan əlbəttə bir şey anlamadıq, amma anlayası bir şey də yox idi fikrimcə, hər şey aydın idi. Lap ortaya qoyulmuş və üzərinə bir zabitin şəkli həkk edilmiş rus dilindəki kitabı görcək, barmağımı ona tərəf uzatdım, xanımdan xahiş etdim ki, onu mənə versin. Dostlar bilir ki, müharibə haqda memuar janrını çox sevən birsiyəm, indiyə kimi bəlkə onlarla generalın, Çorçilin, bir çox başqalarının xatirələrini oxumuşam, çox “isti” janrdır, subyektiv olsa da, çox informativdir.

Bu kitab da memuar janrında idi, hansısa bir erməni generalın xatirələri və qeydləri, ismi də “Победы: как они были”. Yəni, qardaş bizim üçün burda Guderian-zad olub da, aydındır sizə? Nəsə, bir az vərəqlədim, Kəlbəcərin necə alınmasından yazırdı, yaxşıca ütülənib-redaktə etmiş dili vardı, görünür kimsə, işi bilən ədəbiyyatçıya sifariş edilib-yazılmışdı, daha iki kəlməni bir-birinə qoşa bilməyən hanısa qarabağlı “general” tərəfindən yox.

Nəsə, xanımlardan xahiş etdim ki, bu kitabı mənə ya versinlər, ya da alım. Üçü də çox bərk konfuza düşüb başlarını yırğaladı, (görünür, sərgi üçün seçilmiş, müxtəlif dilləri bilən, bir qədər olsa da, sivil adamlar idi, azından utanc hissi keçirirdilər) dedilər ki, bu kitab satılmır və hədiyyə də edilə bilməz. Hər şey aydın idi.

Bu mənada bəlkə biz daha səmimiyik? Bu cür “memuarlar” və “hərbi ədəbiyyat”dansa, ümumiyyətlə kağız sərfinə heç ehtiyac da duymuruq?

P.S. Xiroşima qətliyamınınsa ilk qurbanlarısa yaponlar olmayıb, demək olar. Prezident Truman’ın əmri ilə, ABŞ-ın “İndianapolis” kreyseri 27 iyul 1945 tarixində, “balaca” (Little Boy) adlandırılan atom bombasını San-Fransisko şəhərindən Sakit okeandakı Tinian adasına gətirdi. Buradan isə “balaca”nın çatdırılacağı son nöqtə – Xiroşima olmalı idi. Kreyserin şəxsi heyətindən bir kimsənin ağlına da gəlmirdi ki, ki, dəniz piyadalarının gündüz-gecə göz bəbəyi kimi qoruduqları, ağır – 4 tonluq və 3 metrlik – taxta qutunun içində nə ola bilər. Hətta dənizçilərdən kimsə zarafatla demişdi ki, yəqin elə qorunursa, orada Rita Hayworth’un (o dövrün Hollywood ulduzu) alt paltarı olmalıdır. Görünür, çox ağır dəqiqələrdə kişilər üçün qadınlar haqdakı yüngül zarafatlar son sığınacaq yerinə çevrilir.

Bu ölüm yükünü lazım olan yerə çatdıran “İndianapolis” 29 iyul gecəsi Guam adaları tərəfə geri dönərkən yapon imperator donanmasının “I-58” sualtı qayığı tərəfindən hücuma məruz qalır və torpedo atəşinə tutulandan 12 dəqiqə sonra okenda batır. Kreyserin 1199 nəfərlik şəxsi heyətinin  demək olar ki, hamısı məhv olur. Belə 300 nəfərdən çox dənizçi gəmi ilə dərhal batır, qalan 880 nəfərə yaxın adam kiçik qayıqlarda okeanda 4 gün susuzluq və akulaların hücumuna (yaralıların qanı dənizə tökülməsi səbəbindən peyda olmuşdular) məruz qalır, nəhayət,  2 avqustda onların xilasına gələnlər yalnız 321 nəfəri (onlardan da beşi sonra ölür) xilas edə bilir.

Xilasetmə işləri çox ağır olduğundan dörd gün çəkir. O fəlakətdən sağ çıxanlar gördükləri dəhşəti ifadə edə bilmirdilər. Açıq okeanda keçirdiklər müdhiş 4 gündə onları mühasirəyə almış akulalar, zəifləmiş yoldaşlarını onların gözü qarşısında yeyirmiş və onların xilası üçün heç bir müdaxilə mümkün deyilmiş. Beləcə “İndianapolisin” dənizçiləri çox dəhşətli bir ölümlə, sanki (xəbərləri belə olmadan) işlətdikləri ağır günah səbəbindən, çox acınacaqlı surətdə məhv olur. Yəqin çox rəmzidir ki, bu bədbəxt insanları xilasetmə əməliyyatının son günü, 6 avqustda Amerika bombardmançısı Boeing B-29 “Enola Gay” artıq öz dəhşətli yükünü Xiroşimadakı günahsız insanların üzərinə boşaltmaqda idi.

İndianapolisin belə dəhətli ölümlə həyatlarını başa vurmuş dənizçilərini, hətta tətbiqindən öncə olsa da, bu dəhşətli silahın, atom bombasının ilk qurbanları hesab etmək olar.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəXiroşimanın ilk qurbanları