Kürdəmirin bu kəndində problem təkcə örüş sahələri deyil, kənddə natəmizlik və işıq problemi də var
“İcra başçısıyla bələdiyyə əlbir olaraq bütün örüş sahələrimizi kənardan gələn sahibkarlara hissə-hissə icarəyə verib. Kəndlilər mal-qarasını otarmağa yer tapmır. Kəndimizdə heyvandarlıq təsərrüfatını göz görə-görə məhv ediblər. İnsanların dolanışığı heyvandarlıqdan çıxırdı, indi hamı heyvanını tövləsində saxlayır. Kasıb kəndli mal-qaraya yem çatdırmır. İcra başçısı deyir, torpaq dövlətindir, kimə istəsə, ona da verər”.
Bunu Meydan TV-yə Kürdəmir rayonunun Xırdapay kəndinin sakinləri deyir.
Xırdapayın 6 mindən çox əhalisi var. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Uzun müddətdir ki, kənddəki örüş sahələri hissə-hissə kəndlilərin əlindən alınaraq başqalarına verilib, beləcə mal-qaranın otlaq yeri günbəgün daralıb. Hazırda isə kənddəki heyvanlara otlamaq üçün sahə qalmayıb.
“Heyvanlarımızı dəyər-dəyməzinə satmaq məcburiyyətindəyik”
Kənd sakinləri danışır:
“1996-cı ildə pay torpaqları paylananda hər ailədən 3 sot kəsdilər, kənddə 1000 hektar otlaq sahəsi yaratdılar. Ancaq təxminən 10 il olar ki, kəndlilərin ümumi istifadəsində olan həmin otlaq sahəsi hissə-hissə ayrı-ayrı sahibkarlara verilməyə başladı. Bir də baxdıq ki, heyvanlarımızı otarmağa yer qalmayıb. İndi heyvanlar qalıb ortalıqda, bunun heyvanı onun həyətinə girir, onun heyvanı bunun həyətinə… Yem bahadır, kəndlilər ala bilmir. Kənddə xeyli adam özünəməşğulluq proqramına qoşulub, ancaq verilən heyvanları otarmağa nə yer tapırlar, nə də yem almağa pulları var… Camaat öz heyvanını dəyər-dəyməzinə satmaq məcburiyyətində qalıb”.
Köhnə transformator, məhəllələrdən axan çirkab sular…
Kənddə problem təkcə örüş sahələriylə bağlı deyil, kənddə natəmizlik, işıq problemi də var. Kəndlilər danışır:
“Kəndin ortasıyla çirkab suların axdığı arxlar xəstəlik mənbəyidir. Sizə işıq transformatorunun şəkilini çəkib göndəririk, bu transformator bütün kəndin işıqlandırılmasını təmin etməlidir, ancaq gördüyünüz kimi, köhnə, qəzalı vəziyyətdədir. Bu səbəbdən də tez-tez qısaqapanmalar olur, kənd qaranlığa bürünür”.
Martın 24-də kənd sakinləri növbəti dəfə Kürdəmir Rayon İcra Hakimiyyətinə gediblər ki, dərdlərini desinlər. Ancaq onları qəbul edib dinləyən olmayıb.
“İcra başçısı yanvar ayında kəndliləri dinləyib”
Kürdəmir Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, bu ilin yanvarında icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov Xırdapay və Qağacılı kəndlərinin sakinləri ilə görüşüb. Kənd sakinləri başçıya təbii qaz, elektrik, su təchizatı, sosial müdafiə, kənd təsərrüfatı, pay torpaqlarına gedən arxların təmizlənməsi, kəndarası yolların təmiri, məşğulluq məsələləri ilə bağlı şikayətlərini bildiriblər. Başçı ilə gələn aidiyyəti üzrə qurumların nümayəndələri problemləri rəhbərliklərinə çatdırmaq üçün elə oradaca qeyd ediblər. Başçı kənd sakinlərinə sosial problemlərin mərhələli şəkildə həll olunacağını bildirib.
Örüş sahələrinin kəndlilərdən alınaraq ayrı-ayrı sahibkarların istifadəsinə verilməsinə gəlincə, qurumdan bildirilib ki, torpaq dövlətindir, kim dövlətlə icarə müqaviləsi bağlayırsa, o da istifadə edir. Kənd sakinlərinə dəfələrlə icarə müqaviləsi bağlanması təklif edilib, lakin sakinlər “torpaq bizimdir” deyib, müqavilə bağlamayıblar:
“Örüş və otlaqlar kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Bu torpaqlardan istifadə üçün dövlətlə müvafiq icarə müqaviləsi bağlanmalıdır. Kəndlilər israr edirlər ki, həmin torpaqlara görə vaxtilə onlardan torpaq sahəsi götürülüb, lakin hələ indiyədək heç kim bununla bağlı ortaya sənəd qoymayıb. Digər tərəfdən, kənd sakinləri məsələni şişirdirlər, kənddə otlaq sahəsi kimi istifadə etməyə xeyli sahə var və istifadə edirlər”.