Xırdapay sakini: “Kasıbın, məzlumun başına ip bağlayıb oynadırlar”

Foto: Meydan TV

“Oğlum da, qızım da illərdir ki, Məşğulluq Mərkəzinin yolunda qalıblar”

“Ailəm pensiyama göz dikib. İşsizlik hamının axırına çıxıb. Oğlumun 21 yaşı var, onurğa probleminə görə hərbi xidmətə də aparmadılar. Çox vaxt güclü ağrıları olduğundan heç yerindən qalxa bilmir. Pulsuzluqdan müalicə etdirə bilmirik və gənc oğlum gözümün qarşısında məhv olur. Qızım azyaşlı övladıyla bizimlə qalır. O da özünə uzun müddət iş axtarandan sonra bir süpürgəçi işi tapdı, iki ay işləyəndən sonra o işdən də çıxartdılar”.

“Nəvəm də, oğlum da xəstəlik tapıb”

Kürdəmirin Xırdapay kənd sakini Elmira Həsənova deyir, aldığı pensiya ilə ailəni donadırdığından dərmanlarını ala bilmir:

“Evimizin döşəmələri çürük-çürükdür, yağış evin içərisinə yağır, nəmişlikdən azyaşlı nəvəm də, oğlum da xəstəlik tapıb. Kürdəmirdə işsizlik baş alıb gedir, oğlumla qızım da bu rayondakı minlərlə işsizdən biridir. Dövlətdən heç bir sosial dəstək yoxdur, işsizliyə görə müavinət üçün müraciət edəndə deyirlər, gəl işaxtaran kimi qeydiyyata düş, iş olanda xəbər edərik. İş də ki, yoxdur. Kasıbın başına ip bağlayıb,  oynadırlar, beləcə də həftələr aylara, aylar illərə dönür, işdənsə xəbər yoxdur ki, yoxdur”. 

“Uşaq çox vaxt ac yatır”

Elmira xanım oğlu, qızı və nəvəsiylə kiçik, şəraitsiz və rütubətli  daxmada yaşayır. Deyir, pensiyası ailənin heç yarımaylıq dolanışıqlarını təmin etmir:

Foto: Meydan TV

“Uşaq çox vaxt ac yatır. Dərman reseptləri üst-üstə qalaqlanır, dərmanları ala bilmirik, günbəgün sanki dibə gedirik. Oğlum da, qızım da illərdir ki, Məşğulluq Mərkəzinin yolunda qalıblar. Məşğulluq Mrəkəzləri onsuz da əsəbləri tarıma çəkilmiş işsiz insanların başına sanki ip salıb oynadır. İş olanda da öz qohum-əqrəbalarına ötürürlər”.

“İmkan edib uşağın ayağına bir ayaqqabı ala bilmirəm”

Rasimə xanım aradabir kənddə yas, toy məclislərinə çağırılır, qab yuyur, 10-15 manat qazanır. Bu, ailənin maddi tələblərini ödəmir:

“Bu da həmişə olmur axı… Qoy olsun ayda 2-3 dəfə… Bununla dolanmaq olarmı? Uşaq ailə problemlərimizə görə məktəbə gedə bilmədi, indi 13 yaşı var, 3-cü sinif üzrə hazırlığa gedir. Mən imkan edib onun ayağına hələ bir dəfə də olsun təzə ayaqqabı, əyninə bir təzə gödəkçə ala bilməmişəm, kənddə o-bu öz köhnəsini verir, geyindirib dərsə göndərirəm ki, tamam təhsilsiz qalmasın. Heç olmasa adını, soyadını yazmağı bilsin ki, gələcəkdə ona çətin olmasın”.

Kürdəmir rayon Məşğulluq Xidmətindən Meydan TV-yə bildirilib ki, Həsənovlar ailəsi özünəməşğulluq proqramlarına qoşulmaq üçün müraciət etsə, şərtlər uyğun gəlsə, onlar bu sosial layihədən yararlana bilərlər: “Yaxınlaşsınlar, maraqlansınlar, əgər şərtlər uyğun gəlsə, heç bir vətəndaş arasında ayrı-seçkilik qoyulmur”. 

Kürdəmir Rayon İcra Hakimiyyətindənsə bildirilib ki, Xırdapay kəndindən əvvəllər də həm yardım, həm iş üçün müraciət edən ailələr olub və onlar aidiyyəti üzrə Məşğulluq Mərkəzinə yönləndirilib: “Vətəndaşlar elə düşünürlər ki, hər şeyə görə icra hakimiyyətinə müraciət etmək lazımdır. Qazı, işığı, suyu kəsilən də bizə müraciət edir, iş axtaran da, oğlu həbs olunan da, torpağını əkə bilməyən də… Biz vətəndaşları aidiyyəti üzrə qurumlara yönləndirəndə isə gedib şikayət edirlər ki, icra hakimiyyəti bizə kömək etmədi. Rəsmi ərizəylə Məşğulluq Xidmətinə müraciət etsələr, özlərinə uyğun iş təklifləri alarlar”.

“190 manatı verməmək üçün 2 aylıq işə götürdülər”

Elmira Həsənovanın qızı Rasimə Həsənova isə deyir, pandemiya yeni başlayanda – gücləndirilmiş karantin rejimi vaxtı işsizlərə verilməli olan 190 manat üçün müraciət edib. Məşğulluq Mərkəzi ona küçə təmizlikçisi işi təklif edib. Ancaq o, bu işdə cəmi 2 ay işləyə bilib:

Foto: Meydan TV

“Məni “DOST” İş Mərkəzi işə götürmüşdü. Kürdəmir Mərkəzi Xəstəxanasının qarşısındakı böyük bir küçəni süpürürdüm. İki aydan sonra dedilər ki, daha işçiyə ehtiyacımız yoxdur və məni işdən çıxartdılar. Bir gün səhər işə gedəndə dedilər ki, artıq sənə ehtiyac yoxdur. Hətta açıq şəkildə bildirdilər ki, hökumət işsizlərə bu müvəqqəti işləri aylıq 190 manat yardımı ödəməmək üçün verib. Mənsə sevinmişdim ki, nəhayət, özümə daimi iş tapmışam. Tək mən deyildim, 190 manata görə müraciət etmiş və süpürgəçi işiylə təmin edilmiş xeyli insan bir neçə aydan sonra işsiz qaldı”.

Ana səhifəBölgəXırdapay sakini: “Kasıbın, məzlumun başına ip bağlayıb oynadırlar”