Xırdalanda penoplast təşvişi

Sakinlər Avropa Oyunları məşəlini gözləyirlər

Source:


Sakinlər Avropa Oyunları məşəlini gözləyirlər

“Baxın, oradakı ət kombinatının birinci binasıdır, biz isə kombinatın ikinci binasında yaşayırıq. Gecə gözümüzə də yuxu getmir. Hamımız çox narahatıq, üzlükləri söksələr daha rahat olardıq”.

Bunu Xırdalan sakini Rövşən bəy deyir.

Paytaxtda baş vermiş yanğından sonra üzlüklənmiş binaşarda yaşayanların canına qorxu düşüb. Gecələr gözlərinə yuxu getmədiyini deyən Xırdalan sakini yaşadığı binanı tələ hesab edir.


“Ekspertizaya ehtiyac yoxdur”

Bina sakinləri məlum yanğın hadisəsindən sonra üzlüklərin sökülməsini aidiyyatı qurumdan tələb ediblər. “Deyirlər ki, üzlüklərin nüsxəsi yoxlamaya göndərilib. Hələ ki, bir xəbər yoxdur” – deyir, başqa bir sakin.

“O gün televizorda verilişlərin birində dedilər ki, guya bu üzlüklər 60 dərəcə istiyə davamlıdır. Ancaq sonra da deyirlər ki, güclü istilər düşsə, bu fasadlar öz-özünə də alışıb yana bilər. Bu, necə ola bilər bəs? Hərəsi bir söz deyir” – bina sakinlərindən Natiq kişi qonşusunun sözünə əlavə etdi.

Sakinlərin sözlərinə görə, yaşadıqları binanın fundamenti keyfiyyətli aqlay daşlarındandır: “Elə o da qalardı da, nəyimizə lazım idi bu bomba?! Deyirlər ekspertiza yoxlayacaq, təhlükəli olsa sökəcəklər. Özümüz bu materialı götürüb yoxlamışıq, od dəyən kimi alışıb yanır. Xüsusi ekspertizaya heç ehtiyac da yoxdur”.


Polis binalara nəzarət edir

Penoplast fasadlar Xırdalan şəhərindəki Heydər Əliyev adına parka yaxın binalara çəkilib. Təbii ki, yalnız üz tərəfdən. Məhəllələrin iç tərəfindən isə binaların görüntüsü illər öncə olduğu kimi qalır.

Əvəz Şəfiyev və Qalubiyyə küçələrinin kəsişməsində yerləşən binaların ətrafında bir yanğınsöndürən maşın və gəzişən polislər gözə dəyir.

Taksi sürücüsü işləyən Polad kişi isə penoplast fasadlardan razı olduğunu deyir: “Binanı həm gözəl göstərir, həm də qışda evləri isti saxlayır. Təbii ki, bunun təhlükəsiz olanını çəksələr, daha yaxşı olar”.

Bina sakini Anjela xanımı isə üzlüklərin necə olması heç narahat etmir. Onun sözlərinə görə, paytaxtdakı kimi Xırdalanda sakinlər üzlüklərin sökülməsinə təşəbbüs göstərməyiblər: “Nəyimizə lazımdır, biz durub sökək, sonra da gəlib üstümüzə bağıralar? Gözləyirik görək özləri nə edəcək?”

Sonra da gülərək əlavə edir: “Qalıb da, niyə söksünlər ki? Yanğın olsa, mən birinci mərtəbədə qalıram, qaça biləcəm”.

Məhəllədə yayılan xəbərə görə, Avropa Oyunları məşəli Xırdalan şəhərinə gəlib-getdikdən sonra üzlüklər söküləcək. Elə əhali də bu səbəbdən məşəlin Xırdalana gətiriləcəyi günün intizarındadır.

Ana səhifəXəbərlərXırdalanda penoplast təşvişi