Xırdalan şəhərində beş nəfərin dəm qazından ölməsi ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumatda deyilir ki, martın 15-də saat 12 radələrində Xırdalan şəhəri, 26-cı məhəllə, ev 6, mənzil 4-də 5 qadın meyitinin aşkar edilməsi ilə bağlı Abşeron rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib.
Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən qaz sobası götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi və məhkəmə-texniki-təhlükəsizlik ekspertizaları təyin olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
***
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Xırdalanda 5 nəfərin dəm qazından vəfat etməsi barədə olayı araşdırdıqlarını deyib.
Ona görə birliyin rəsmisi hadisə ilə bağlı danışmağın tez olduğunu bildirib:
“Hadisənin dəm qazından baş verdiyini bəribaşdan söyləməyə tələsmək lazım deyil”.
“Xırdalan şəhərində 5 qızın vəfat etdiyi hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Araşdırmanın yekunlaşandan sonra tələbələrin ölüm səbəbi bilinəcək. Qazın tərkibi ilə bağlı məsələ SOCAR-ın səlahiyyətindədir” (modern.az).
***
Ölənlərdən ikisi tələbə, digərləri isə onların qohumudur
Xırdalan şəhərində 5 qadın dəm qazından ölüb.
Abşeron rayon Polis İdarəsindən hadisənin şəhərin 28-ci məhəllə, bina 6, 4-cü mənzilində qeydə alındığı bildirilib.
APA yazır ki, mənzildə ölənlər kirayədə qalırmış.
Ölənlərdən ikisi tələbə, digərləri isə onların qohumudur.
Onlar Balakən rayon sakinləri – 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva, 1999-cu il təvəllüdlü Abbasova Mələk Mübariz qızı, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı və 1993-cü il təvəllüdlü Musayeva Aytən Elçin qızıdır.
Mələk Abbasova və Turanə Xalıyevanın Bakı Dövlət İqtisadiyyat və Hümanitar Kollecinin ikinci kurs tələbəsi olduqları bildirilir.
Bundan başqa, Turanə və Lamiyə Xanlayevalar bacıdırlar.
Faktla bağlı araşdırma aparılır.