Xırdalana gedən yol bağlanıb: “Hər gün 30 kilometr əlavə məsafə sürürəm”

Abşeron Gənclər Şəhərciyinin sakinləri istifadə etdikləri magistral yolun uzanmasından narazıdır. Bakı-Sumqayıt yolu üzərindəki “VAZ-ın  dairə”si iki həftəyə yaxındır bağlanıb. Bu dairədən istifadə edənlər artıq yollarını  2.5 kilometr irəlidəki döngədən salmalıdırlar. 

“Görürəm ki, uşaqlar uşağı məktəbə aparanda gecikirlər. Qayıdıb gələndə çətinlik çəkirlər. Özümüz şəhərə, xəstəxanaya gedəndə də çox çətinlik çəkirik. Bu haqq sözüdür. Haqqımızı tələb etməliyik. Heç kimdən şikayət etmirik. Yol olmalıdır, gedib gəlməliyik. İndi buradan asan gedə bilərik, mümkündür. Deyilənə görə, sayılıb-seçilən, vəzifəli adamlar var. Onların yolu rahat olsun deyə bunu belə ediblər”.

“Biz əvvəl yolun digər tərəfinə keçmək üçün “VAZ-ın dairəsi” deyilən yerdən dönüb gəlirdik. İndi isə biz sadəcə yolun bu hissəsindən digər hissəsinə keçmək üçün 8-9 kilometr yolu fırlanıb gəlirik. Məsələn, kimsə yoldan keçirsə, bu yolu gedib-gələcək. Burada yaşayan insanlar isə hər gün bu yolu qət etməlidirlər. İstər maşını olanlar, istərsə də olmayanlar. Taksi əvvəl 3-4 manata gəlirdisə, indi yolun uzanmasına görə baha gəlir”.

“Biz sakinlər fikirləşirik ki, bunun heç bir əhəmiyyəti yoxdur. Sadəcə yol uzadıblar. Həmin sakinlər bu dairədən yox, gedib 5 kilometr qabaqdan qayıdıb gəlirlər. Bunun nə əhəmiyyəti var ki? Sumqayıt tərəfdən gələnlər üçün də “qadağandır” işarəsi qoyublar. Sumqayıtdan gələndə dairəyə çıxıb dönməlisən Xırdalana tərəf. Yəni, hamının işini çətinləşdiriblər”.

Şəhərcik sakinləri şikayətlərini yerində – qapadılan dairədə səsləndirmək istəsə də, polis yol kənarında toplantıya icazə verməyib. 

“İstəyirdik yerində izah edək ki, bizim problemimiz nədən ibarətdir. Hər gün 30 kilometr əlavə məsafə sürürəm. Gündə 4 dəfə istifadə edirəm mən o yoldan. Siz dediniz, biz dediklər deyil axı. Hamı deyir, nəticə yoxdur. Göstərək ki, bizim məsələmiz budur da. Burada nə var ki? Biz burada iğtişaş etmirik, çevriliş etmirik. Öz sözümüzü deyirik, hüququmuzu tələb edirik. Gündə 30 kilometr əlavə yol sürürəm. Kimsə gətirib mənim cibimə 2 manat qoyub verir ki, əlavə yol sürmüsən, bu da sənin benzin pulun. Hər gün tıxac, hər gün əsəb. Səhər 06:30-da evdən çıxıram, 08:00-da uşağı məktəbə çatdırıram. Hər gün saat yarım uşaq aparmaq nə deməkdir?!”

Yeni yol qaydasına görə 199 saylı sərnişin avtobusunun marşrutu da uzanıb. 

“6 dəqiqə dayanıb dincəlmək vaxtımı buradan əlimdən alır. 3-4 dəqiqə o yana, 3-4 dəqiqə bu yana. Halbuki, 6-7 dəqiqədə mən dincələrdim, beynim sakitləşərdi, yaxud bir çay içərdim. Nə mənə xeyri var, nə maşına. Əlavə işdir, işləyirik.  Gedirik o başa, gəlirik bu başa”-199 saylı avtobusun sürücüsü Mübariz Qurbanov deyir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli mediaya açıqlamasında bildirib ki, həmin ərazidə tıxacların aradan qaldırılması üçün Baş Dövlət Yol Polisi ilə birgə layihə hazırlanıb. Buna səbəb günün pik saatları ilə bağlı daxil olan müraciətlər olub. Nəcəflinin sözlərinə görə, layihə hələ yekunlaşmayıb, ərazidə əlavə yol hissəsi də salınacaq. 

“Ümumilikdə, bəli,  bu yolda tıxaca xeyri olur, amma Masazır dairəsində həddindən artıq tıxac yaranıb. Bunun əvəzinə orada yaranıb”- avtobus sürücüsü əlavə edir.

Xırdalan şəhərinə Bakı-Sumqayıt yolundan 3 giriş-çıxış var. Hazırda 3 yoldan biri qapadıldığından bütün giriş-çıxış yükü digər iki yola – Xırdalan dairəsindən və Masazır dairəsindən olan istiqamətlərə qalıb. Sürücülər deyir ki, bu vəziyyət həmin dairələrdə tıxacın artmasına gətirib çıxarıb. 

“Yuxarıda bağlanan yol hazırda açılmalıdır. Ona görə də belə tıxaclar yaranıb”- Masazır dairəsində tıxacda qalan sürücü danışır.

“Buradan belə görünür ki, camaatı nəzərə almayıblar. Bu dəqiqə çətin vaxtda, çətin dövrdə insanlar üçün şərait qurmalıdırlar ki, az xərcləri çıxsın. Bizi daha da xərcə salırlar. Həm vaxtımız gedir, həm də insanın əsəbləri pozulur. Mən nəyə görə bu boyda yol fırlanmalıyam ki?!”

Abşeron Gənclər Şəhərciyinin sakinləri dövlət qurumlarından geriyə addım tələb edirlər. İndiki halda onlar əlavə vaxt və pul itirmələrindən gileylidirlər.

Ana səhifəVideoXırdalana gedən yol bağlanıb: “Hər gün 30 kilometr əlavə məsafə sürürəm”