Xınalıq sakini: 21-ci əsrdə təzək yandırırıq

Xınalıqda yeni gün xoruz banı ilə başlayır. Ara-sıra evlərdə işıqlar yanır. “Səhər tezdən durub tövləyə düşürəm, buzovları əmizdirirəm. Ot tökürəm, yenə çıxıram. Elə gündə işimiz budur. Bunları saxlamasaq, yaşaya bilmərik” – kənd sakini Süsən Şabanova iş üstündə danışır. Kənd ağsaqqalları hər gün Xınalıq Sənətkarlıq Evinə yol alırlar. “Hər gün bura gəlib, istirahətimizi burada eləyirik”-həmkəndlisi ilə nərd oynayan Ramiz Qəribov danışır. “Xınalıq camaatı qonaqsevər camaatdır.

21-ci əsrdə təzək yandırıb, çörək bişirib, aylarla, həftələrlə qonaq saxlayırıq. Qar təmizləmək üçün Xınalığa texnika verilməlidir. Azərbaycanda ən çox qar yağan bölgə Xınalıqdır. Traktorun qiyməti nə qədərdir? Bu, dövlət üçün nə qədər ağırdır ki? Bir dənə təzə traktor alıb versin də” – kənd sakini Yusif Şabanov deyir. “Günortadan sonra gəlib burada otururuq, bir-iki söhbət eləyib gedirik evə. “Domaşnik” toxuyuruq, alan olsa, 10 manata satırıq” – Gülcahan xanım danışır. Kənd camaatı fərqli dildə danışır.

Onlar bu dili Xınalıq dili adlandırırlar: “Ona görə Azərbaycan dilində o qədər də danışa bilmirik də. Kart-kurt danışırıq (gülürlər)”. “Maldarlıqda məşğuldur bizim kəndimizin camaatı. Qoyunçuluqdur, mal saxlayırlar. İmkanı olan burada yaşayır, imkanı olmayanlar da qışlaqlara gedirlər Şirvan torpağına”-Seyidməmməd Ağayev deyir. “Malın altın təmizləyirik, gələn il üçün təzək basırıq. Qış üçün hazırlıq görürük. Ot gətir, ot tök, malın altını süpür, təmizlə, iş çox. Qaz olsaydı, heç biz təzək basardıq? Atacağdıq da. Qazımız, şəraitiniz yoxdur”-kənd sakini Kəmalə İsayeva deyir. “İş də yoxdur uşaqlar üçün. Beş nəfərlik ailə pensiya ilə dolanırıq. Malım yox, heyvanım yox. Bizə deyirlər ki, 500 manat ver, sosial yardım düzəldək sənin üçün. Yoxsa, yox”-Ömər Yaraliyev danışır. “Bax, çoban, alverçi, qəssab işləmişəm. 20-30 heyvan saxlayıram. Lazım gəlsə, dövlət səviyyəsində kredit götürüb 100-200 heyvan da saxlamaq olar. Ancaq bir şey var ki, faiz bir az yuxarıdır, götürə bilmirəm. 30 faiz olmalı deyil də, bu. 10-15 faizolsa, onda mən inkişaf eləyə bilərəm”- kənd sakini Qafar Lalayev gileylənir. “Yaşamaq üçün bizə rahatdır, bizə nə var ki. Uşaq vaxtından burada olmuşuq, elə gördüyümüz budur. Bakıya, Qubaya gedəndə darıxırıq ki, bura gələk. Evimizə gələk. Həmişə işləyən adamlarıq. Bir gün işsiz keçəndə biz darıxırıq”-Şükufə Lalayeva deyir. “Bəzi adamlar imkansızlıqdan köçüb getdilər rayona, dolanmaq üçün. Bəzi adamlar imkanı oldu köçüb getdilər, rahatlıq üçün. Xınalığın ürəyi paralanıb da. Bu qədər burada evlər vardı, hamısı sökülüb”-Yusif Şabanov deyir. Qubadan Xınalığa gələn yolda marşrut xətti işləmir. Kəndlilər Qubaya gedib qayıtmaq üçün taksilərə adambaşına 13 manat ödəməli olurlar. “Hər gün ekranda göstərirlər. Amerika kimi böyük bir dövlətin prezidentini məsxərəyə qoyurlar ki, bu adam nə prezidentdir, gündə bir fərman verir. Sonra onu qəbul eləmirlər, yenidən dəyişdirir. Tutaq ki, buradakı camaat hansısa bir məsələ haqqında etirazını bildirsə, deyəcəklər ki, orada oturanlardan siz çox bildiniz? Qəbul eləməyəcəklər. Deməli, o yuxarıda oturanlar elə sərf eləyir, elə də qəbul eləyir. Millət də deyir ki, düz deyir. Vəssalam”-Seyidməmməd Ağayev deyir. Elşən Aslanovun 23 yaşı var. Birlikdə böyüdüyü yaşıdları çoxdan kəndi tərk edib. O isə Xınalıqdan ayrılmaq istəmir: “İşləməyə iş yeri olsa, cavanlar üçün daha yaxşı olacaq. Əksinə buradakı cavanların əksəriyyəti qaçırlar aşağı şəhərdə işləməyə. Burada iş yeri, şərait olsa, burada qalıb cavanlıqlarının dadını çıxaracaqlar da”.

Ana səhifəVideoXınalıq sakini: 21-ci əsrdə təzək yandırırıq