”XİN və Müdafiə Nazirliyi ”referendum”a xüsusi hazırlaşmalı idi”

Rasim Ağayev: ”Dağlıq Qarabağda keçirilən ”referendum”a münasibəti qaneedici sayıla bilər”

Source:


Rasim Ağayev: ”Dağlıq Qarabağda keçirilən ”referendum”a münasibəti qaneedici sayıla bilər”

Fevralın 20-də tanınmayan Dağlıq Qarabağ respublikasında konstitusiya islahatları ilə bağlı “referendum” keçirilir. Bu, bölgədə keçirilən üçüncü referendumdur. Həmsədr dövlətlərlə bərabər qonşu ölkələr də “referendum”a münasibətlərini sərgiləyiblər.

Konkret olaraq, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib ki, Dağlıq Qarabağda “referendum” keçirilməsi yersiz və bəyənilməz bir işdir.

O bildirib ki, bu addım qəbulolunmazdır:

“Düşünürük ki, bu addım Azərbaycan və Ermənistan arasında böhranın həllinə heç bir  kömək etməyəcək.  Problemin həli yalnız danışıqlar yolu ilə baş tuta bilər” (APA).

Azərbaycan siyasi icmalçıları da fərqli düşünmürlər.

Siyasi icmalçı Rasim Ağayev hesab edir ki, həmsədr ölkələrin Dağlıq Qarabağda keçirilən “referendum”a münasibəti qaneedici sayıla bilər.

Azərbaycanın daxili qanunlarına və beynəlxalq normalara istinad edən şərhçi Meydan TV-yə deyib ki, separatçıların referendumu heç cür qanuni sayıla bilməz:

Rasim Ağayev

“Çünki Dağlıq Qarabağ adında respublika heç yerdə təsdiq olunmayıb və tanınmayıb. Bu qurumun tanınması üçün ilk addımı Azərbaycan atmalıdır, amma rəsmi Bakı heç vaxt buna getməz. Bəli, beynəlxalq aləmdə separatçıları müxtəlif adamlar dəstəkləyir, ancaq bu dəstək beynəlxalq hüququ əvəz edə bilməz. Beynəlxalq hüquq birinci növbədə Dağlıq Qarabağı bir vilayət kimi təsdiqləməsini tələb edir, keçiriləcək tədbirlər isə daxili qanunlara uyğun tənzimlənməlidir.

Həmsədr ölkələrin rəsmiləri də açıq şəkildə referendumu tanımayacaqlarını bəyan ediblər. Onlar referendumun qəbul olunmayacağını gizlətmədilər”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu düşünür ki, əslində həm Azərbaycan Xarici İşlər Nazirliyi, həm də Müdafiə Nazirliyi “referendum”a xüsusi hazırlaşmalı idilər:

“Hərəsinin bu “referendumla” bağlı öz missiyası olmalı idi. Axşama qədər nələrin baş verəcəyini söyləmək çətindir. Bu separatçılar üçün elə bir gün olmalıdır ki, Xankəndi hava limanının təmirindən sonra “uçuşlara başlayaq, yoxsa başlamayaq” qədər düşündürücü suala çevrilməlidir. Azərbaycan XİN isə artıq qollarını çırmalayıb işə başlamalıdır. Məsələ burasındadır ki, separatçıların yaydıqları xəbərə görə Dağlıq Qarabağdakı “referendumu” Rusiyadan, Bolqarıstandan, Boliviyadan, Almaniyadan, hətta Avropa Parlamentindən 100-ə yaxın mühaşidəçi izləyir. Əlbəttə, istisna etmirəm ki, rəqəm şişirdilib. Ancaq əgər bu ölkələrdən həqiqətən kimlərsə bu “referenduma” müşahidəçi qismində iştirak ediblərsə, onların adları və statusları müəyyənləşdirilməli, adı keçən hər bir ölkəyə nota göndərilməlidir. Bu, Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası qədər prinsipial məsələdir”.

Elxan Şahinoğlu

Mərkəz rəhbəri deyir ki, “referendumu” əsasən separatçı bölgələr olan Abxaziya və Cənubi Osetiyadan izləyənlər var:

“Məsələn, onlardan biri Abxaziya “parlamentinin sədr yardımçısı” Emma Qamisoniyadır. Abxaz separatçılarının nümayəndəsi Xankəndidə elə belə də deyib: “Artsax əhalisi referendumda böyük həvəslə iştirak edir, məntəqələr dolub-daşır və bu, bizi çox sevindirir. Biz tarixi hadisənin şahidiyik, Artsaxın yeni konstitusiyası insan haqlarının qorunmasına böyük töhvədir”. Ancaq bunu o separatçı qurumun nümayəndəsi deyir ki, ərazisi tamamən Rusiyanın siyasi, iqtisadi və hərbi nəzarəti altındadır. Rusiya Abxaziya və Cənubi Osetiyanı öz əlavəsinə çevirib, bu iki bölgədə qoşun birlikləri yerləşdirib, hələ prezident Vladimir Putinin müşavirlərindən biri tamamən bu iki bölgənin nəzarətinə məsuldur. Əgər Kreml istəsəydi, əlinin altındakı separatçıların nümayəndələrinə deyərdi ki, “Dağlıq Qarabağdakı referendumu izləməyiniz məsləhət deyil, oturun oturduğunuz yerdə”. Deməyib, tam əksinə onların Dağlıq Qarabağa getmələrinə yaşıl işıq yandırıb. Dağlıq Qarabağdakı “referendumu” izləyən müşahidəçilərin əksəriyyətinin abzax və osetin separatçılarının təşkil etməsi, Rusiyanın özünün də bu “referendumda” marağından irəli gəlir, məqsəd Azərbaycanı Ermənistan kimi vassal etməkdir”.

Ana səhifəXəbərlər”XİN və Müdafiə Nazirliyi ”referendum”a xüsusi hazırlaşmalı idi”