Malatyada digər azərbaycanlı tələbələrin də meyitləri tapılıb
Türkiyənin Malatya şəhərində dağıntılar altında qalan digər azərbaycanlı tələbələrin də meyitləri tapılıb.
Bu barədə jurnalist Rizvan İbrahimov Meydan TV-yə məlumat verib.
O bildirib ki, dağıntılar altından çıxarılan meyitlərin Samir Quliyev və Hümam İsmayıllıya aid olduğu təsdiqlənib.
Samir Quliyevin qardaşı, Hümam İsmayılının isə dayısı cənazələrin onlara aid olduğunu təsdiqləyiblər.
Jurnalist deyib ki, cənazələr xəstəxanaya aparılıb və orada yaxınlarına göstərilib. Gündüz Nəzarzadənin nəşi hələ ki ekspertiza tərəfindən təsdiqlənməyib.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Malatyadan olan millət vəkili Ahmet Çakır da “Report”a həmin cənazəlrin azərbaycanl tələbələrə aid olduğunu deyib.
İndiyədək 513 nəfərin Azərbaycana təxliyə olunduğu bildirilir
Zəlzələ baş verən gündən etibarən 513 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən Azərbaycana təxliyə olunub.
Bu açıqlamanı fevralın 14-də Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat İdarəsi yayıb.
Nazirlik zəlzələnin baş verdiyi Kahramanmaraş, Hatay, Adana, Malatya, Adıyaman, Qaziantep, Şanlıurfa, Osmaniyə, Kilis və Diyarbakırda təxliyə prosesinin davam etdiyi vurğulayıb.
XİN bildirib ki, Malatya şəhərində aparılan axtarış tədbirləri nəticəsində 2001-ci il təvəllüdlü Azərbaycanın vətəndaşı Vəliyev Şahin Nail oğlunun vəfat etdiyi məlum olub.
“Bununla zəlzələ nəticəsində həlak olan Azərbaycan vətəndaşlarının sayı 6 nəfərə çatıb”, – deyə nazirlik əlavə edib.
Şahin Vəliyev Malatyada dağıntılar altında qalan 4 tələbədən biri idi. Digər üç tələbədən hələ ki məlumat yoxdur.
Yaxınlarının verdiyi məlumata görə, Şahin Vəliyevin cənazəsinin ölkəyə gətirilməsini Azərbaycan səfirliyi üzərinə götürüb.
Xatırlatma
Türkiyənin cənub şərqində fevralın 6-da 7,7 bal gücündə zəlzələ baş verib.
Episentri Kahramanmaraşın Pazarcık bölgəsi olan zəlzələ baş verdiyi ərazidən başqa Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hataya da təsir edib.
Zəlzələnin əhatə etdiyi 10 bölgədə fövqəladə vəziyyət elan edilib.
Türkiyədə baş verən zəlzələ Suriyanı da vurub.
Son açıqlanan rəqəmə görə, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 35 min 418-ə çatıb.