XİN: “Türkiyədə 2 azərbaycanlıdan məlumat yoxdur, axtarış davam edir”

Foto: Meydan TV

İndiyədək 565 Azərbaycan vətəndaşının təxliyə olunduğu bildirilir

Fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş Azərbaycan vətəndaşlarının müəyyən edilməsi və onlara kömək göstərilməsi istiqamətində işlər davam edir.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumatında belə deyilir.

XİN bildirir ki, zəlzələ baş verdiyi gündən bu yana 565 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən təxliyə olunub: “Hazırda da təxliyə prosesi davam edir”.

Nazirlik qeyd edib ki, Türkiyədən təxliyəsi həyata keçirilən Azərbaycan vətəndaşları və onların ailə üzvlərinə lazımi tibbi, humanitar və psixoloji yardımın göstərilməsi, zərurət yarandıqda həmin şəxslərin müvəqqəti sığınacaq mərkəzlərinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti dövlət qurumlarına göstəriş verilib.

МИД Азербайджана
Foto: Arxiv

“Qaynar xətt nömrələrinə daxil olmuş minlərlə müraciət araşdırılıb. Haqqında xəbər alına bilməyən Azərbaycan vətəndaşlarının siyahısı hazırlanaraq, onlar haqqında məlumat əldə etmək məqsədilə, Türkiyənin aidiyyəti qurumları ilə birgə müvafiq iş aparılıb. Nəticədə bir çox Azərbaycan vətəndaşlarının olduğu yer müəyyən edilib və onlarla əlaqə saxlanıb. Hazırda 2 nəfər Azərbaycan vətəndaşı haqqında məlumat yoxdur, onların axtarışları davam etdirilir”, – deyə açıqlamda qeyd olunur.

Məlumatda bildirilir ki, aparılmış axtarış-xilasetmə tədbirləri nəticəsində bu günədək 10 Azərbaycan vətəndaşının zəlzələ nəticəsində həlak olduğu müəyyən edilib:

“Onlardan 1 nəfər Türkiyədə dəfn olunub. 9 nəfərin cənazəsi isə bütün zəruri proseduralar yerinə yetirilməklə, Türkiyədə olan yaxınlarının müşayiəti ilə Azərbaycana yola salınıb”.

Türkiyənin cənub şərqində fevralın 6-da 7,7 bal gücündə zəlzələ baş verib.

Episentri Kahramanmaraşın Pazarcık bölgəsi olan zəlzələ baş verdiyi ərazidən başqa Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hataya da təsir edib.

Zəlzələnin əhatə etdiyi 10 bölgədə fövqəladə vəziyyət elan edilib.

Türkiyədə baş verən zəlzələ Suriyanı da vurub.

İki ölkədə birlikdə həlak olanların sayı 41 min nəfəri ötüb.

Ana səhifəSosialXİN: “Türkiyədə 2 azərbaycanlıdan məlumat yoxdur, axtarış davam edir”