XİN: Somalidə Türkiyə və Azərbaycan vətəndaşları öldürülüb

Hadisə zamanı Göyçayın Ləkçılpaq kənd sakini, 1982-ci il təvəllüdlü İsmayılova Kəmalə Savalan qızı ölüb

Source:


Hadisə zamanı Göyçayın Ləkçılpaq kənd sakini, 1982-ci il təvəllüdlü İsmayılova Kəmalə Savalan qızı ölüb

Somalinin paytaxtı Moqodişo yaxınlığında naməlum silahlılar içərisində Türkiyə, Azərbaycan vətəndaşları və yerli sakinlər olan xidməti avtomobilə hücum ediblər.

Nəticədə 1 Türkiyə, 1 Azərbaycan və 1 Somali vətəndaşı öldürülüb.

Faktı təsdiqləyən Türkiyə XİN bəyanat yayıb. “Bu gün axşam saatlarında Somalinin paytaxtı Mogadişoda vətəndaşlarımızın da içində olduğu nəqliyyat vasitəsi silahlı hücuma məruz qalıb. Nəticədə bir vətəndaşımızın yanında 1 Azərbaycan və 1 Somali vətəndaşı həyatını itirib, bir neçə vətəndaşımız isə yaralanıb. Biz bu terror aktını qətiyyətlə pisləyirik. Xəsarət alan Türkiyə vətəndaşları ölkənin Somalidəki səfirliyinin nəzarəti altındadır. Ölənlərin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, bəyanatda deyilir.

Hadisə zamanı Göyçayın Ləkçılpaq kənd sakini, 1982-ci il təvəllüdlü İsmayılova Kəmalə Savalan qızı ölüb, onun iki oğlu – 11 yaşlı Nihad və 10 yaşlı Nicat İsmayılovlar isə ağır bədən xəsarətləri ilə paytaxt xəstəxanalarından birinə yerləşdirilib.

Hadisə barədə xəbər tutan Kəmalə İsmayılovanın həyat yoldaşı İsmayılov Əflatun Veysəl oğlu koma vəziyyətinə düşüb. Bu barədə məlumatı APA-nın yerli bürosuna ailənin yaxın qohumu, Göyçay sakini Şahin Yaqubov verib. Onun sözlərinə görə, uzun müddət ailəsi ilə birgə Türkiyədə yaşayan və sonradan işləmək üçün Somaliyə göndərilən Ə. İsmayılov “Turkish Airlines” şirkətinin Somalidəki nümayəndəliyində və türk turizm şirkətində çalışır. Kəmalə İsmayılova isə Moqadişoda fəaliyyət göstərən Türk Özəl Liseyində müəllimi olub. Türk liseyinin direktoru, Əflatun İsmayılovun yeznəsi Bülənt Ərgünəş telefonla zəng edərək onun qardaşı Aslan İsmayılova hadisə barədə məlumat verib. Bülənt Ərgünəşin sözlərinə görə, içərində Azərbaycan və Türkiyə vətəndaşlarının olduğu liseyə məxsus mikroavtobus silahlı hücuma məruz qalıb. Həmin vaxt avtomobildə 6 müəllim və 6 şagirdin olduğu bildirilir. Nəticədə 6 nəfər ölüb, digərləri ağır yaralanıb.


“Reuters” agentliyi isə ölənlərin sayının 6-ya çatdığı barədə məlumat yayıb. Məlumata görə, hücumun “Əş Şəbab” terrorçu qruplaşması tərəfindən törədildiyi güman edilir.

Ana səhifəXəbərlərXİN: Somalidə Türkiyə və Azərbaycan vətəndaşları öldürülüb