XİN rəsmisi: Xaricdə qalan vətəndaşlarımızı təmkinlərini qorumağa çağırırıq

“Bu gun aprelin 4-dür, hələ uçuș təșkil olunmayıb, gələn həftə üçün də dəqiq məlumat yoxdur. 19-28 mart aralığında azərbaycanlı iș adamı bizə köməklik göstərib hotelə yerləşdirdi”.

Source: Specify Source


“Yaxşı olardı, narazılıq edənlər, səfirlikdən kimlərin onlara belə vədlər verildiyini açıqlasınlar”

Koronavirus pandemiyasına görə Almaniyadan Azərbaycana qayıda bilməyən azərbaycanlılar bəyanat yayıblar.

Onlar 200 nəfərdən çox olduqlarını xatırladaraq bildiriblər ki, aralarında tələbələr, turistik səfərlə gələn vətəndaşlar var.

“Hazırda geri – Vətənə dönə bilmirik. Artıq 2 həftədən çoxdur ki, Azərbaycanla-Almaniya arasında bütün hava əlaqələri bağlanıb. Digər Avropa ölkələri ilə müqayisədə bu günə kimi Almaniyadan heç bir çarter reys təşkil olunmayıb. Səfirliyə edilən saysız-hesabsız müraciətlər də sadəcə siyahıya alınma ilə kifayətlənib. Burada bütün hotellər bağlanıb. Turistik səfər edən soydaşlarımızın arasında səhhəti ilə bağlı problemi olan insanlar var. Hansı ki onlar burada həkimə müraciət edə bilmirlər. Səyahət sığortası bu kimi hallarda heç bir ödənişi qarşılamır. Vəziyyətimiz günü-gündən çətinləşir”.

Tələbələrdən Taleh Müzəffərov Meydan TV-yə deyib.

Taleh Müzəffərov Chemnitz şəhərində magistr təhsili aldığını bildirib:

“Berlindəki səfirlikdən təxliyə üçün bir neçə həftədir xəbər gözləyirik. Xəbər portallarından Polşada, Türkiyədə, Rusiyada yaşayan və təhsil alan vətəndaşların təxliyə olunması xəbərlərini oxuyuruq. Nəzərə alsaq ki, Almaniyadakı mövcud vəziyyət həmin ölkələrdən çox pisdir, burdakı vətəndaşların nə qədər çətin vəziyyətdə qalması və hələ də təxliyə olunmaması heç bir mətbuat orqanında işıqlandırılmayıb”.

T.Müzəffərovun sözlərinə görə, bir çox dövlət qurumuna müraciət etsələr də, məktub yazsalar da, heç bir cavab verilmir. Biz səfirliyə, AZAL-a və Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etmişdik, hər bir qurum bir-birinə üzərinə atır. Biz 62 nəfərin onlayn şəkildə səfirliyə, qərargaha və XİN-ə imzalı şəkildə müraciət etmişdik, amma qayıtmaq istəyən 200 nəfərə yaxındır. Ötən həftə səfirlik mənə bu həftə uçuş olacağını demişdi, amma hələ də məlumat yoxdur. Ümumiyyətlə, burda olanlar adıçəkilən bütün qurumlarla əlaqə saxlayır, amma nəticə yoxdur. Dəqiq məlumat yoxdur ki, uçuş nə zaman olacaq. Burda hotellərdə maliyyəsi bitən insanlar var, onların taleyi necə olacaq, bilinmir. Nəzərə alın ki, Almaniyada durum heç də yaxşı deyil, koronavirusa yoluxanların sayı hər gün artır”.

Əvvəllər İtaliyada təhsil alan Oruc Oruclu oktyabrdan Almaniyada təhsilini davam etdirir. Onun sözlərinə görə, martda imtahanlarını verib Azərbaycana qayıtmalıydı:

“Ancaq imtahanlar ləğv edildi və Almaniya sərhədləri bağladı deyə çıxa bilmədim. Martın 20-dən gözləyirəm, Azərbaycanın çarter reyisi təşkil ediləcək ölkələrdəki səfirliklərlə əlaqə saxladım, konkret olaraq Almaniya və Fransa ilə. Eyni zamanda, Nazirlər Kabineti, Xarici İşlər Nazirliyi, Prezident Administrasiyasına məktublar ünvanladım. Əvvəlcə martın 23-29-u arası Almaniyadan təxliyənin olacağını dedilər. Azərbaycanın Berlindəki səfirliyindən zəng etdilər, çadırlarda qalacağımızı dedilər, razılığımızın təsdiqin aldılar və əgər son anda imtina edərsək, hətta cərimə də oluna biləcəyimizi bildirdilər. Daha sonra bir həftəyə olacağını dedilər, amma vaxt ötüb xəbər yoxdur”.

O.Oruclu maddi dururularının o qədər də yaxşı olmadığını söyləyib:

“Mənim Berlinə gəlmək üçün yol pulum və oteldə qalmağım qarşılanır. Ancaq burda da hələ ki səhər yeməyindən başqa hər şeyi özümüz qarşılayırıq”.

"Martın 12-dən Berlindəyəm. Səfirliyə müraciət etdim, martın 26-da zəng etdilər və gələn həftə uçuşun olacağını söylədilər. Amma bu gun aprelin 4-dür, hələ uçuș təșkil olunmayıb, nə zaman olacağı da bəlli deyil. 19-28 mart aralığında azərbaycanlı iș adamı bizə köməklik göstərib hotelə yerləşdirdi. 29 martdan etibarən “Allianz”ın icraçı direktoru Qurban Məmmədov uçuş təşkil olunan tarixə qədər oteldə qalmağımıza yardım edir. Digər xərcləri özümüz qarşılayırıq”, – tələbə Səkinə Ələkbərli deyib.

Oxşar problemləri Gunay Nasirova və digərləri də yazıb.

Meydan TV Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva ilə əlaqə saxlayıb.

L.Abdullayeva xaricdə qalan Azərbaycan vətəndaşlarını bəzən doğru məlumat verməməkdə, mətbuata isə məsələni dramatik şəkildə çatdırmaqda qınayır:

“Təəssüf ki, məsələyə daha çox öz nəzərlərindən yanaşırlar. Məsələn, ötən həftə Meydan TV Belarusda qalan azərbaycanlılarla bağlı məsələni ictimailəşdirdi, biz araşdırdıq, məlum oldu ki, “Belavia” şirkəti Azərbaycana iki reys təşkil edib. Sizə müraciət edənlər sonradan Belarusa gələnlərdir. Bileti alsalar belə. Mövcud vəziyyət elədir ki, bilet əvvəldən satılır, amma hazırkı durumda reysin reallaşdırılması mümkün olmur. Amma onlar məsələni dəqiqləşdirmədən birbaşa Belarusa gəliblər, səfirliklə davamlı əlaqədə olublar. Səfir bizə onlarla görüşdüyünü dedi, müşavir Rüstəmov da həmin görüşdə olub, vətəndaşlara durum izah olunub. 20 dollarlıq hotel danışılsa da, razılaşmayıblar. Sonra yerləşmək üçün başqa bir yer təklif olunub, yenə imtina ediblər. Bəzi hallarda vətəndaşlara məsələyə tamamilə fərqli yanaşırlar, elə bilirlər ki, bu durumda dövlət onlar üçün 5 ulduzlu hotel tutmalıdır, gündəlik xərc verməlidir, axı belə deyil”.

XİN rəsmisi Almaniyadan Azərbaycana qayıda bilməyənlərin müraciətlərindən xəbərdar olduqlarnı deyib:

“Bütün müraciətlər səfirlikdə qeydə alınır. Nəzərə alın ki, vətəndaş mətbuata çıxıbsa, ondan əvvəl səfirliyə olan müraciətlərini biz alırıq. Bəli, kimsə reys olacaq deyə vəd verə bilər. Amma normalda səfirlik belə söz verə bilməz. Çünki səfirlik reysin təşkilini hökumətin həyata keçirdiyini bilir, hökumət də belə qərarı verməzdən əvvəl mövcud yerlərin sayına baxır, təsəvvür edin ki, 1 gündə 78 koronavirusa yoluxan olubsa, belə olanda, kənardan gələnləri yerləşdirmək üçün yer məhdud olur. Ona görə biz xaricdə olanlara təmkinlərini qorumağa çağırırıq, çıxılmaz vəziyyətdə olanlara səfirliklərimiz mümkün yardımları göstərməyə çalışır. Yaxud xaricdə olan bir çox azərbaycanlı öz evlərinin qapısını soydaşlarımıza açıb. Sadəcə, biz vətəndaşlarımızdan anlayış istəyirik, çünki gəlib burda gözləmək imkanı yoxdur, gələnləri karantinə götürməliyik. Bu baxımdan məsələyə yanaşırıq, təkcə Azərbaycan deyil, bu gün supergüc sayılan dövlətlər də bu durumdadır, gələnlər karantin rejimini keçməlidirlər. Xaricdəki Azərbaycan vətəndaşları mümkün qədər hərəkətlilikdən çəkinməlidirlər, olduqları yerin karantin rejiminə riayət etməlidirlər”.

Leyla Abdullayeva bildirib ki, heç bir səfirlik indiki halda bir həftə əvvəldən uçuşun zamanını deyə bilməz:

“Yəni uçuşun zamanı çox az müddət əvvəl bilinir. Gündə yoluxma halları artırsa, bir həftə əvvəldən uçuşun planlaşdırması mümkünsüzdür. Səbəb də vəziyyətin yerində dəyişməsidir. Yaxşı olardı, narazılıq edənlər, səfirlikdən kimlərin onlara belə vədlər verildiyini açıqlasınlar”.

L.Abdullayeva Rusiyadan Meydan TV-yə şikayət edən Kərim İsfəndiyarlının bu ölkədəki səfirliyin və AZAL rəsmilərinin qanunsuz yolla bilet satdıqları barədə ittihamlarını da qəbul etmir:

“Mən elə şeyə rast gəlməmişəm, yaxşı olardı, həmin adam ad çəksin. İnanmıram ki, indiki vəziyyətdə vətəndaşları aldadanlar olsun. Rusiya ilə bağlı çox məsələlər yayıldı, amma səfirin özü də çıxış etdi ki, bir azərbaycanlı hava limanında qalmayıb. Çünki olanlar hissə-hissə göndərilib. İkinci, şənbə günləri konkret vaxtlarda Samur Keçid Məntəqəsindən vətənə keçmək mümkün olur. Bütün hallarda təyyarə ilə bilet almaq istəyən varsa, mütləq səfirliklə məsləhətləşsin, yaxud bileti Polşadan alıb Minskidən uşmaq istəyirsə, Belarusdakı səfirliyimizlə dəqiqləşdirsin, sonra yerindən tərpənsin. Burda başqa məqam da var, martın əvvəlində istirahətə getmək nə deməkdir? Sonra da deyir “məni geri qaytarın”. anlayıram, olub, mühakimə etmirəm. Yaxşı, uçuş olanda niyə gəlmirdilər? Saxlayıb, kritik dövrdə qayıtmaq istəyirlər? Çünki martın əvvəlindən uçuşlar azalmağa başlayıb. Bir daha deyirəm, yalnız Almaniyadan deyil, başqa ölkələrdən də gəlmək istəyənlər var və Operativ Qərargaha məlumat ötürülüb”.

Ana səhifəSosialXİN rəsmisi: Xaricdə qalan vətəndaşlarımızı təmkinlərini qorumağa çağırırıq