Hikmət Hacıyev: “O, özünü təbliğat alətinə çevirib”
CNN telekanalının şou aparıcısı, amerikalı baş aşpaz Antoni Burden Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyinə görə arzuolunmaz şəxslər siyahısına salınıb.
“Report”a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev belə deyib:
“Azərbaycanın ərazi bütövlüyü və suverenliyini, həmçinin qanunlarını pozduğuna görə, Antoni Burdenin adının arzuolunmaz şəxslər siyahısına daxil edildiyini təsdiqləyirik. Təəssüf edirik ki, o, özünü təbliğat alətinə çevirib. İşğal altında olan torpaqlarda mətbəx şousu təşkil etmək Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkününə qarşı hörmətsizlikdir”.
ABŞ-ın CNN telekanalının aparıcısı, baş aşpaz Antoni Burden oktyabrda Ermənistana və Azərbaycanın işğal altındakı ərazisi Dağlıq Qarabağa səfər edib. O, Şuşada “Parts Unknown” şousu üçün epizod çəkib.
“Parts Unknown” verilişi CNN-də yayımlanır və uzaq ölkələrin ekzotik yemək mədəniyyətlərini sərgiləyir.
Antoni Burden Şuşada yemək zamanı, eləcə də erməni ulduzlarla çəkdirdiyi fotoları “Twitter” hesabında bölüşüb. O, bu səfərin təşkilinə görə “System of a Down” rok qrupunun erməni-amerikan lideri Serj Tankiana təşəkkür edib.
Azərbaycan sərhədlərini qanunsuz keçməkdə, Qarabağa onun rəsmi icazəsi olmadan getməkdə suçladığı əcnəbiləri “qara siyahı”ya salır.
2011-ci ildə bir neçə dövlətin vətəndaşlığını daşıyan bloger Aleksandr Lapşin Azərbaycanın Ermənistan tərəfindən işğal edilən ərazilərinə səfər etdiyinə görə, 2016-cı ilin dekabrında Minskdə həbs edilərək Bakıya təhvil verilmişdi. O, 3 il müddətinə həbs edilmişdi. 2017-ci il sentyabrın 11-də Azərbaycan prezidenti onu əfv etdi. Əfv olunandan sonra İsrailə gedən A.Lapşin Azərbaycan hakimiyyətini sərt tənqid etdi və həbsxanada işgəncəyə məruz qaldığını bildirdi.
Azərbaycan hakimiyyətinin rəsmiləri blogerin iddialarına reaksiya verməyib.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.