XİN-in məhkəmə işi: ustanın adına şirkət açılıb, pul köçürülüb

“Həmin pulu çıxarıb Rövşən Məmmədova verirdim”

Source: Specify Source


"Pulun köçürülməsindən xəbərim olmayıb"

Sentyabrın 29-da Xarici İşlər Nazirliyinin (XİN) İşlər İdarəsin sabiq müdiri Fərhad Mollazadə və bu idarənin şöbə müdiri Səlim Əlizadənin işi üzrə məhkəmə prosesi davam edib.

Hər iki məmur faktiki fəaliyyəti olmayan şirkətləri tenderlərdə qalib elan etməkdə və həmin şirkətlərin hesabına köçürülmüş 2,5 milyon manat büdcə vəsaitini mənimsəməkdə ittiham olunur.

Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə dindirilən şahidlər onların adına şirkətlər açıldığını, ora pul köçürüldüyünü və vəsait çıxarılarkən 1-2 faiz də onlara qazanc kimi verildiyini bildiriblər.

Şahid Çingiz Abışov bildirib ki, adına şirkətlər açılıb: "Mən "Əmrahbank"da işləyən Rövşən Məmmədovu tanıyıram. O, mənə təklif etdi ki, adıma şirkətlər yaradaq, mən də bundan pul qazanım. Razılaşdım, çünki həmin vaxt işləmirdim. Mənə ayda 300 manat əməkhaqqı verirdilər. İşim də bu idi ki, hər dəfə pul köçürüləndə banka gəlib, sənədlərə qol çəkirdim. Pulu çıxarıb Asif adlı adama verirdim. Amma Asifin harada işlədiyini bilmirdim".

Şahidin sözlərinə görə, bu minvalla 2 ilə yaxın əməkdaşlıq edib.

Çingiz Abışov istintaqa ifadəsində deyib ki, Asif Xarici İşlər Nazirliyinin əməkdaşı idi.

O da aldığı pulları aparıb Səlim Əlizadəyə verdiyini deyirdi. Amma məhkəmədə Səlim Əlizadəni tanımadığını söyləyib.

Başqa bir şahid Tural Niftəliyev isə Çingiz Abışovun tanışı olub.

Onun sözlərinə görə, Rövşən Məmmədovla Çingiz Abışovun vasitəsilə ünsiyyəti olub: "Bəzən pul çıxarmaq üçün banka gəlmişəm. Həmin pulu çıxarıb Rövşən Məmmədova verirdim. Qarşılığında mənə 5 manat pul verirdi. Ümumilikdə adıma 19 min manat pul gəlib".

Daha bir şahid Günel İsayevanın adına olan şirkətin hesabına isə bir neçə dəfəyə ümumilikdə 135 min manat vəsait köçürülüb: "Rövşən müəllim təklif elədi ki, Səlim Əlizadə ilə işləyim. Səlim Əlizadə də adıma şirkət yaratmağımı təklif etdi. Həmin vaxt da əlimdə hazır şirkət var idi. Hər pul çıxaranda mənə 150-200 manat mənə pul verilib".

Ev təmiri ilə məşğul olan usta Məhyəddin Hüseynovun da adına şirkət yaradılaraq, hesabına pullar köçürülüb. Amma ondan etibarnamə alındığına görə pulların köçürülməsindən və çıxarılmasından özünün xəbəri olmayıb.

O bildirib ki, usta kimi fəaliyyət göstərir: "Mənə təklif olunmuşdu ki, adıma şirkət yaradılsın, amma sonra dedilər ki, iş alınmadı".

Məhkəmə prosesi oktyabrın 5-də davam edəcək.

Fərhad Mollazadə və Səlim Əlizadə Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci ilin iyulunda keçirdiyi əməliyyat nəticəsində həbs olunub.

Onlar Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsilə ittiham olunur.

Adıçəkilən şəxslər 2020-ci ilin dekabrında ev dustaqlığına buraxılıb.

Onlar istintaq dövründə dəymiş ziyandan 2.3 milyonu ödəyib.

Ana səhifəSiyasətXİN-in məhkəmə işi: ustanın adına şirkət açılıb, pul köçürülüb