Mənbə: google

XİN-in keçmiş idarə rəisi ev dustaqlığına buraxıldı

Məhkəmə vəsatəti təmin edib

Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin keçmiş rəisi Faiq Bağırov iki ay Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlandıqdan sonra sentyabrın 22-də günorta saatlarında buraxılıb. Meydan TV-nin əldə etdiyi məlumata görə, F.Bağırov məhkəmə qərarı əsasında ev dustaqlığına buraxılıb.

F.Bağırovun vəkili Bəylər Məmişov onun barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığıyla əvəzlənməsi üçün Səbail Rayon Məhkəməsinə vəsatət verib: “Hakim Azər Tağıyev sentyabrın 22-də saat 16 radələrində vəsatətin təmin olunmasına qərar verib”.

F.Bağırov bundan əvvəl də barəsində həbs-qətimkan tədbiri seçilməsi barədə qərardan apelyasiya şikayəti vermişdi. Lakin şikayəti təmin olunmamışdı.

F.Bağırov iyulun 8-də, rəhbərlik etdiyi idarənin əməkdaşı İlqar Əliyev isə bir gün əvvəl saxlanılıb. Hər birinin barəsində ilkin istintaq dövrü üçün dörd aylıq həbs-qətimkan tədbiri seçilmişdi. Onlara qarşı CM-nin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 311.3 (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

F.Bağırov vaxtilə Azərbaycanın Türkiyədə səfiri olub.

XİN-in vəzifəli şəxslərinin həbsi DTX-nın iyulun 3-də keçirdiyi əməliyyat nəticəsində başlayıb. Həmin gün nazirliyin İşlər İdarəsinin müdiri, eyni zamanda, Tender Komissiyasının sədri olan Fərhad Molla-zadə, bu idarənin Təsərrüfat şöbəsinin rəisi Səlim Əlizadə və Konsulluq İdarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev saxlanılıb. F.Molla-zadə və S.Əlizadəyə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələrilə ittiham irəli sürülüb. N.Abdullayevə isə yalnız rüşvət alma ittihamı verilib.

DTX-nın bu həbslərlə bağlı məlumatında deyilir ki, dövlət büdcəsindən XİN-in fəaliyyətinə, o cümlədən təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün ayrılan vəsaitlərin bir hissəsi F.Molla-zadə və S.Əlizadə vasitəsilə vasitəsilə mənimsənilib. Tanış adamların köməyilə saxta şirkətlər yaradıb, onları tenderdə qalib elan edərək, büdcəsən ayrılan vəsaiti həmin şirkətlərin hesabına köçürüblər. Vəsaitin 4-5 faizi şirkəti yaradanlara verilib, qalan məbləğ isə XİN-in səlahiyyətlilərinə geri qaytarılıb.

N.Abdullayev isə xarici ölkə vətəndaşlarına Azərbaycana gəlmək, burada qalıb işləmək üçün rüşvətlə viza düzəltməkdə ittiham olunur.

Həbs olunanların iş otaqlarında və evlərində axtarış aparılıb. DTX iddia edir ki, axtarış zamanı mənimsəmə, rüşvət hallarını təsdiqləyən əlyazmalar, qeydlər tapılıb.

DTX-nın yaydığı videoda həbs olunan şəxslərin əlbir olduqları şirkətlərin nümayəndələri, viza üçün rüşvət verdiyini iddia edən xarici ölkə vətəndaşlarının ifadələri də yer alıb.

Təqsirləndirilən şəxslərdən F.Molla-zadənin ilkin ifadəsinin də bir hissəsi yayılıb.

“İstədiyimiz şirkətlərə imkan yaratmışıq. Tender proseduru ilə Səlim məşğul olurdu. Mən də komissiyanın sədri idim. Bu prosedurlarda qanunsuzluğa yol vermişik. Köçürülən məbləğlərdən bir hissəsini geri almışıq. 10 faiz özümə götürürdüm, 10 faiz Səlimə verirdim. Qalan vəsaiti də nazirliyin işlərinə sərf edirdik. Heyfslənirəm ki, belə addım atmışam. Başa düşürəm ki, düz hərəkət eləməmişəm”, - deyə F.Molla-zadə ifadəsində bildirib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/v4yb22

Ən çox baxılan