XİN İranın Ermənistandakı səfirinə cavab verib

Foto: XİN

Rəsmi Bakı səfirin son açıqlamalarını “təxribat” adlandırıb

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sobhaninin iyunun 27-də səsləndirdiyi fikirlərlə bağlı şərh verib.

Bəyanatda səfirin Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməsi, yəni İsrail dronlarının Azərbaycan ərazisindən hücum həyata keçirməsi ilə bağlı səsləndirdiyi iddiaları rədd edilib.

“Bu iddialar Azərbaycan və İran arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmətə, daxili işlərə qarışmamağa əsaslanan münasibətlərə xələl gətirir” – bəyanatda belə deyilir.

Səfir Mehdi Sobhani iyunun 27-də deyib ki, Tehran kəşfiyyat məlumatları əsasında Bakıya müraciət edib, İsrailin İrana zərbələr üçün Azərbaycan ərazisindən istifadə etməsinə dair məlumatların araşdırılmasını istəyib.

“Aldığımız məlumata görə, qonşu ölkələrdən ərazimizə az sayda dron daxil olub. Buna görə də İran və Azərbaycan prezidentlərinin telefon söhbətində bizim Prezident Əliyevdən xahiş edib ki, bu istiqamətdə ciddi araşdırma aparılsın. Bu araşdırmanın nəticəsini gözləyəcəyik, daha sonra necə reaksiya verməklə bağlı qərar verəcəyik”, – Mehdi Sobhani vurğulayıb.

XİN İranın Ermənistandakı səfirinin bu açıqlamalarını “təxribat” adlandırıb.

“Azərbaycan Prezidentinin İran Pezidenti ilə bu yaxınlarda telefon danışığı zamanı, eləcə də xarici işlər nazirinin həmkarı ilə telefon danışığı zamanı müvafiq qaydada izah etdiyi mövqe fonunda İran səfirinin iddialarını açıq təxribat kimi qiymətləndiririk”, – XİN-in mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə belə deyib.

“Azərbaycan Respublikası onun hava məkanının və ya ərazisinin hər hansı dövlət tərəfindən qonşu İran İslam Respublikasına və ya hər hansı digər ölkəyə qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməsi ilə bağlı iddiaları qəti şəkildə təkzib edir. Bu cür iddialar əsassızdır və bu barədə heç bir mötəbər sübut yoxdur”.

“İran tərəfindən münasibətlərimizin ruhuna uyğun olmayan bu kimi addımların qarşısını almasını, həmçinin ölkəsini təmsil etməkdənsə, mütəmadi olaraq ermənipərəst mövqe nümayiş etdirən səfirin səsləndirdiyi fikirlərlə bağlı lazımi addımlar atmasını gözləyirik”, – Azərbaycanın XİN rəsmisi vurğulayıb.

Prezident İlham Əliyev iyunun 27-də İran İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunun etimadnaməsini qəbul edərkən deyib ki, “bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb”.

İlham Əliyev bunu “tamamilə cəfəngiyat” adlandırıb. Dövlət başçısı İranla-İsrail arasında son münaqişə ilə bağlı Azərbaycanın öz mövqeyini ifadə edən ilk ölkələrdən biri olduğunu deyərək bu gərginliyi qınadığını qeyd edib.

Səfir qeyd edib ki, Azərbaycanla İran arasındakı münasibətlər dostluğa, qonşuluğa və qardaşlığa əsaslanır:

“İran tərəfi də tam əmindir ki, Azərbaycan ərazisindən İrana qarşı heç vaxt istifadə oluna bilməz, Azərbaycan dövləti buna heç zaman imkan verməz”.

Ana səhifəSiyasətXİN İranın Ermənistandakı səfirinə cavab verib