XİN indiyədək 438 nəfərin Azərbaycana təxliyə edildiyini deyir

Foto: XİN

5 azərbaycanlının həlak olduğu müəyyənləşib

“Bu günə qədər 438 nəfər Azərbaycan vətəndaşı və onların ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən Azərbaycana təxliyə olunub. Təxliyə edilənlərdən 58-i azyaşlı, 209 nəfər isə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrdir”.

Xarici İşlər Nazirliyinin yaydığı məlumatda belə deyilir.

Nazirlik 4 Azərbaycan vətəndaşının  – Fuad Ziyad oğlu Səfərov, Həsənqulu Elşad oğlu Əsgərov, Nicat Zaur oğlu Qarayev və Namaz Allahverdi oğlu Vəliyevin Malatya Geri Göndərmə Mərkəzində olduqlarının müəyyən edildiyini bildirib.

Məlumatda deyilir ki, səfirlik əməkdaşları tərəfindən sözügedən Azərbaycan vətəndaşları ilə görüş keçirilib. Vətəndaşlar səhhətlərinin normal olduğunu bildiriblər.

XİN qeyd edib ki, indiyə qədər 5 Azərbaycan vətəndaşının həlak olduğu müəyyənləşib:

“1980-ci il təvəllüdlü Nailə Aydın qızı Bünyatova, 1973-cü il təvəllüdlü Rəna Xudaverdi qızı Məmmədova (Ökten), 1975-ci il təvəllüdlü Sevinc Eldar qızı Məmmədova, 1976-cı il təvəllüdlü Leyla Vahid qızı Karlı və 1974-cü il təvəllüdlü İlahə Hüseynağa qızı Həsənzadənin vəfatı barədə məlumat əldə olunub. Vəfat edən şəxslərin yaxınları ilə əlaqə saxlanılıb. Leyla Vahid qızı Karlının cənazəsi ailəsi tərəfindən Türkiyədə dəfn ediləcək. Digər 4 nəfərin cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür”.

Xatırlatma

Türkiyənin cənub şərqində fevralın 6-da 7,7 bal gücündə zəlzələ baş verib.

Episentri Kahramanmaraşın Pazarcık bölgəsi olan zəlzələ baş verdiyi ərazidən başqa Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hataya da təsir edib.

Zəlzələnin əhatə etdiyi 10 bölgədə fövqəladə vəziyyət elan edilib.

Türkiyədə baş verən zəlzələ Suriyanı da vurub.

Son açıqlanan rəqəmə görə, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 20 min 213-ə çatıb.

Ana səhifəSosialXİN indiyədək 438 nəfərin Azərbaycana təxliyə edildiyini deyir