İstintaq müəyyən edib ki, Emin Hüseynov 247.551 manat həcmində vergini ödəməyib
Azərbaycan XİN hüquq müdafiəçisi Emin Hüseynovun artıq yarım ildir ki, İsveçrənin Bakıdakı səfirliyində gizlənməyə məcbur olması barədə Amerika mətbuatında dərc edilən yazılara münasibətini bildirib.
XİN mətbuat katibi Hikmət Hacıyev bildirib ki, prokurorluq M.Hüseynovun barəsində CM-in 192 (qanunsuz sahibkarlıq), 213 (vergidən yayınma) və 308-ci (sui-istifadə) maddələri ilə cinayət işi qaldırıb.
Bunun əsasında 2014-cü il avqustun 19-da məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilib.
İstintaq müəyyən edib ki, E.Hüseynov ümumi məbləği 1.575.956 manat həcmində qeydiyyata alınmayan qrant müqavilələri üzrə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirib və 247.551 manat həcmində vergini ödəməyib.
2014-cü il iyulun 7-dən etibarən E.Hüseynov dəfələrlə ünvanına çağırış vərəqələri göndərilməklə istintaqa dəvət edilsə də qaçaraq İsveçrənin Azərbaycandakı səfirliyində gizlənib.
Azərbaycan prokurorluğu indiyə qədər bütün bunları təfərrüatı ilə açıqlamayıb və Emin Hüseynovun işi üzrə şərh verməkdən yayınıb.
Bu bəyanatı hakimiyyətin İsveçrə səfirliyinin E.Hüseynovu verməsinə nail olmaq niyyəti kimi qiymətləndirmək olar.