XİN-dən Con Kerriyə reaksiya

Sülhəddin Əkbər: ”Amerika olmadan Rusiyanın tərəf olduğu hər hansı münaqişəni həll etmək qeyri-mümkündür”

Source:


Sülhəddin Əkbər: ”Amerika olmadan Rusiyanın tərəf olduğu hər hansı münaqişəni həll etmək qeyri-mümkündür”


Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun ABŞ-a reverans edən açıqlaması və ardınca ABŞ dövlət katibi Con Kerrinin Vaşinqtonda Aspen Elmi Tədqiqat İnstitutu və “Atlantik” həftəlik dərgisinin təşkil etdiyi 8-ci illik forumundakı çıxışı medianın diqqətindən yayınmayıb.

Ziyafət Əsgərov Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün ölkədə səfərdə olan ABŞ-ın qanunvericilərdən ibarət nümayəndə heyəti ilə görüşdə bildirib ki, 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri ABŞ olub.

Birinci müavin Azərbaycan və Amerika Birləşmiş Ştatlarının strateji tərəfdaş olduğunu xatırladaraq deyib ki, Vaşinqton həmişə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən transmilli layihələrə dəstək verib və bu layihələr uğurlu olub.

Ziyafət Əsgərov foto Meydan TV

“Hazırda Azərbaycan öz tolerantlığı ilə seçilən ölkələrdəndir. Azərbaycan müasir müsəlman dövləti olsa da, burada yəhudilər, xristianlar – pravoslavlar və katoliklər qardaş kimi yaşayırlar. Biz demokratik, dünyəvi, insan hüquqlarına hörmət edən ölkə qurmuşuq. Lakin uzun illərdən bəri davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bizim inkişafımıza mane olur. BMT Təhlükəsizlik Şurasının bununla bağlı 4 qətnaməsi hələ də Ermənistan tərəfindən yerinə yetirilməmiş qalır”,-deyə Əsgərov bildirib.

Z.Əsgərov münaqişənin həlli üçün beynəlxalq hüququn işləməsinin və ABŞ-ın dəstəyi ilə ədalətin bərpa olunmasının vacibliyini diqqətə çatdırıb.

ABŞ dövlət katibi Con Kerri isə ötən gün Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün şərait hələlik yaranmadığı haqqında açıqlama yayıb.

“Müasir dünyada Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi bir neçə dondurulmuş münaqişə var ki, onların nizamlanması hazırda mümkünsüz görünür, çünki, hər şeydən əvvəl, liderlər buna hazır deyillər”, – deyə Kerri qeyd edib.

Con Kerri foto sosial şəbəkə
Con Kerri foto sosial şəbəkə

Ancaq “Bununla belə, İsrail-Fələstin münaqişəsi bu tip münaqişələrə aid deyil”, – deyə dövlət katibi əlavə edib.

Onun sözlərinə görə, bu cür münaqişələr mürəkkəbdir, lakin insanların müəyyən kompleks qərarlar qəbul edəcəyi təqdirdə, onları keçmişdə qoymağın yollarını seyr etmək mümkündür.

“Mən düşünürəm ki, İsrail-Fələstin münaqişəsi bu kateqoriyaya aiddir”, – Kerri belə deyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev ABŞ dövlət katibi Con Kerrinin açıqlkamasına “report.az” vasitəsilə cavab verib.

O, bildirib ki, Ermənistan tərəfindən işğala və təcavüzə məruz qalan dövlət kimi münaqişənin tezliklə həllində ən maraqlı tərəf məhz Azərbaycan Respublikasıdır. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Vyana və Sank-Peterburq görüşlərinin ruhuna sadiq qalaraq Azərbaycan münaqişənin substantiv danışıqlar yolu ilə həllinin tərəfdarıdır. KİV-ə çox məlumat verilməsə də, substantiv danışıqlar bu gün davam edir. Bu substantiv danışıqlar da, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində bəyan etdikləri kimi, qəbuledilməz və qeyri- davamlı olan status kvonun dəyişdirilməsi və Azərbaycan ərazilərinin işğalından azad olunması ilə nəticələnməlidir”.

XİN rəsmisi vurğulayıb ki, münaqişənin həlli ilə əlaqədar yeni formula və ya düsturların kəşf edilməsinə ehtiyac yoxdur.

H.Hacıyev bildirib ki, münaqişənin həllinin siyasi-hüquqi əsasları çoxdan məlumdur: “Bunu da BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, beynəlxalq hüququn norma və prinsipləri və Helsinki Yekun Aktı təşkil edir.

Onu da qeyd edək ki, Helsinki Yekun Aktında xalqların öz müqəddaratını təyin etmə prinsipinin məhz dövlətlərin ərazi bütövlüyü prinsipinə xələl gətirməyəcək formada ifadə olunması təsbit olunmuşdur. Müxtəlif bəhanələr və təxribatlarla münaqişənin həllinə xələl gətirməyə çalışan tərəf məhz Ermənistandır”.

Siyasi şərhçi Sülhəddin Əkbər düşünmür ki, Con Kerri Ziyafət Əsgərova cavab verib, sadəcə, zamanlaması baxımından hər iki rəsmi şəxsin açıqlaması üst-üstə düşüb.

Sülhəddin Əkbər hesab edir ki, Rusiyanın regionda hərbi-siyasi dominantlığı mövcud olduğu halda Qarabağ münaqişəsinin həlli mümkün deyil: “Səbəb çox sadədir, münaqişənin arxasında Rusiya dayanır, məqsədi də Ermənistanla Azərbaycanı öz təsir sferasında saxlamaqla bölgəyə Avropa və Avroatlantik institutların girişini önləməkdir. Nəzərə alın ki, Ukrayna və Gürcüstan böhranlarından sonra Rusiyanın regionda hərbi iştirakı, hərbi aktivliyi artıb. İkincisi, ABŞ, Avropa Birliyi və NATO regiona hələ yenicə gəldiklərindən mövqeləri məhkəmlənməyib. Onlar həm Ukraynada, həm də Gürcüstanda Rusiyayla münaqişədədirlər. Ardınca Qara dəniz hövzəsində qarşıdurma gözlənilir və yaxın illərdə bu qarşıdurmanın necə şiddətli olacağını görəcəyik. Üçüncüsü, Suriyada Moskvayla Vaşinqtonun maraqlarının toqquşması hələlik başqa münaqişələrin həllinə imkan vermir. Bax, dövlət katibi Kerrinin açıqlamasına bu üç şərt kontekstdən yanaşmaq lazımdır”.

Sülhəddin Əkbər foto Meydan TV

Con Kerrinin liderlərin hazır olmaması barədə fikrinə gəlincə, Sülhəddin Əkbər deyib ki, həmin üç şərtin davam etdiyi zamanda liderlərin hazırlığı yalnız böyük güzəştlər ola bilər: “Ona görə də Ermənistan Rusiyanın dəstəyilə əldə etdiyi bu uğurları itirmək istəmir. Çünki əks halda ölkə daxilində siyasi durumun gərginləşməsi sürətlənəcək və hakimiyyətin itirilməsi gündəmə gələcək. İkincisi, Azərbaycan dövlət başçısı İlham Əliyev onsuz da ağır olan durumda təslimçiliyə hazır deyil. Sadaladığım şərtlərlə münaqişənin həllinin iki yolu var: ya Ermənistan Rusiyanın dəstəyiylə əldə etdiyi uğurlardan imtina etməlidir, ya da Azərbaycan hakimiyyəti mövcud vəziyyətlə barışmalıdır. Ən azı Dağlıq Qarabağın itirilməsilə razılaşmalıdır. Hələ Ermənistan Dağlıq Qarabağdan əlavə ən azı bir rayonu da istəyir, bəzi dairələr Kəlbəcərin verilməsini gündəmə gətirib. Bilirsiniz ki, Ermənistan Ağdərə-Kəlbəcər istiqamətində ikinci yol çəkir, əvvəl bir yol vardı, Laçın istiqamətində”.

S.Əkbər Z.Əsgərovun fikirlərini belə şərh etdi: “Hakimiyyət rəsmiləri və təbliğatçıları zaman-zaman Vaşinqtonu nə qədər sərt şəkildə hədəfə alsalar da, dünyada yeganə super güc Amerikanın olduğunu anlayırlar. Hətta Rusiya prezidenti Putin də bunu etiraf etdi. Amerika olmadan Rusiyanın tərəf olduğu hər hansı münaqişəni həll etmək qeyri-mümkündür, xüsusən Azərbaycanın maraqlarına uyğun, bunu hər kəs anlayır”.

Ana səhifəAnalitikaXİN-dən Con Kerriyə reaksiya