Gələn ildən DSMF-yə ödənişlərin məbləği çoxalır
2019-cu ildən Azərbaycanda xidməti müqavilə ilə işləyənlərin ödənişlərində artım olacaq. Onlar yalnız vergiyə deyil, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) da böyük ödənişlər edəcəklər.
Belə ki,
“Sosial sığorta haqqında’’
qanuna nəzərdə tutulan dəyişikliyə əsasən, gələn ildən etibarən mülki hüquqi xarakterli müqavilələrlə (yəni xidməti müqavilə ilə) işləyənlər üzrə ödəmə mənbəyindən tutulmaqla gəlirlərinin 25%-i qədər DSMF-ə ödəniş etməli olacaqlar.
Xidməti müqavilə ilə işləyənlər DSMF-ə Bakıda 26 manat, Sumqayıt və Gəncədə 23,4 manat, respublika tabeli şəhərlərdə 20,8 manat, rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 15,6 manat, kənd yerlərində 13 manat məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.
Gələn ildən isə bu məbləğ artıq gəlirin həcmindən asılı olaraq və 25 faiz təşkil edəcək.
İndiyədək bu ödənişlərin məbləği minimum əmək haqqının ən çoxu 20 faizini, yəni 26 manat təşkil edirdi.
Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Meydan TV-yə deyib ki, bu məsələdə tənzimlənmənin tərəfdarı olsa da, açıq qalan suallar var.
Liqa sədri hesab edir ki, işə götürənlər həddən artıq sui-istifadə edirlər:
“Faktiki muzdlu iş olduğu halda, işçilərlə mülki hüquqi müqavilə bağlayırlar. Bunun qarşısını almaq lazımdır. Ancaq indi təqdim olunan layihə o qədər də uğurlu deyil. Adi bir misal, mövcud qanunda belə bənd var: mülki hüquqi müqavilə ilə işləyənlər gəlirlərinin 25 faizi həcmində sığortalanırlar, özü də ödəmə mənbəyi ilə və mötərzədə yazılıb ki, sahibkar olan şəxslər istisna olmaqla. Təqdim olunan layihədə mötərzə çıxarılıb. Əvvəl belə idi; tutaq ki, heç bir vergi qeydiyyatında dayanmamışam, bir nəfər mənimlə mülki hüquqi müqavilə bağlayır, mənə ödədiyi vəsaitin gəlir hissəsini özü Vergilər Nazirliyinə keçirir. Ona görə ki, mən vergi qeydiyyatında olmadığımdan bunu edə bilməzdim. Amma bu hazırkı qanunda sahibkarlıq subyektinə aid deyil. Sahibkarlar üçün başqa vergi sistemi tətbiq olunur, minimum əmək haqqına bağlıdı. Deməli, mötərzəni çıxardandan sonra sual yaranır: birinci, 100 minlərlə insan var ki, işəgötürənin yanında işləmirlər, xidmər edirlər, podrat müqaviləsini yerinə yetirirlər, bunlarla bağlı vəziyyət necə olacaq? Məsələn, kimsə mənə sifariş verdi, sifarişi yerinə yetirdim, qarşı tərəf xərcimin, qazancımın nə qədər olacağını necə biləcək və əvəzimə sosial ödəmə, vergi öhdəliklərini yerinə yetirəcək? İkinci, faktiki muzdla işləyənlərə münasibətdə bu məqam doğrudur, çünki onlarla əmək müqaviləsi imzalansa, əlavə güzəşt nəzərdə tutulur. İndi məni internet televiziyaya dəvət edirlər, çıxışa görə 50 manat verirlər, deməli, bunun əksər hissəsi sosial ödəmə və vergi şəklində çıxılmalıdır. Bəli, 75 faiz güzəşt var, ancaq bu, mənim kimi ekspertlərə aid deyil”.
Sahib Məmmədovun fikrincə, layihədə qarışıqlıq var:
“Bilirsiniz, təqdim olunan layihədə qarışıqlıq var, biz buna aydınlığın gətirilməsini gözləyirik. Bu cür tənzimləmə mənə çatmır, suallar yaranır, mənafelərimizə toxunur. Belə çıxır ki, hər min manata güzəşt tətbiq olunmasa, 450 manat ödəməliyəm. Bu, artıq VÖEN-i bağlamaq deməkdir, başqa variant yoxdur. Xüsusilə aydın olmayan odur ki, bir vergi ödəyəcisinin yerinə o birisi sosial sığorta xərclərini ödəməlidir”.
Bununla belə, Sahib Məmmədov sosial sığorta ödəmələrinin Vergilər Nazirliyinə keçməsini müsbət hal sayır:
“Bütün vergilərin bir əldə yığılması yaxşıdır”.